Arvadını vəhşicəsinə döydü, maşınla dəfələrlə üstündən keçdi


Digərləri 08 May 2018 15:20:00 264 0

Arvadını vəhşicəsinə döydü, maşınla dəfələrlə üstündən keçdi

Şəmkir rayonunda qısqanclıq zəminində arvadını öldürməkdə təqsirli bilinən 1978-ci il təvəllüdlü Niyaməddin Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

2012-ci il sentyabrın 25-də Şəmkir rayonunun Şiştəpə kənd sakini Niyaməddin Məmmədov həyat yoldaşı Bəsdini döyüb və idarə etdiyi "Mazda" markalı avtomaşınla onun üstündən keçib.

Son.az xəbər verir ki, məlum olub ki, qətl hadisəsi qısqanclıq zəminində törədilib. Hadisə baş verən günü saat 23.30-da Niyaməddin Məmmədov Şiştəpə kəndindəki evinin həyətində həyat yoldaşını maşına mindirərək çıxıb.

O, planlaşdırdığı cinayətin uşaqların gözü qarşısında baş verməsini istəməyib və özünə məxsus "Mazda" markalı avtomobili kənddən 1 kilometr uzağa sürüb. Burada Niyaməddin Məmmədov maşını saxlayıb və həyat yoldaşını düşürərək onu yumruq-təpiklə döyməyə başlayıb. Bəsdi Məmmədovanı huşsuz vəziyyətə saldıqdan sonra isə maşınla dəfələrlə onun üstündən keçib.

Niyaməddin Məmmədov arvadını amansızlıqla öldürdükdən sonra onun meyitini maşına qoyub və Şəmkir şəhər Mərkəzi Xəstəxanasına gətirib. Burada o, meyiti xəstəxananın morquna təhvil verib. Daha sonra isə Niyaməddin Məmmədov rayon polis şöbəsinə gələrək təslim olub.

İstintaq orqanı tərəfindən Niyaməddin Məmmədovun barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

Gəncə Ağır Cinayətlər Məhkəməsinin 20 avqust 2013-cü il tarixli hökmü ilə Niyaməddin Məmmədov 15 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan Niyaməddin Məmmədovun vəkili apelyasiya şikayəti verib.

Gəncə Apelyasiya Məhkəməsində hakim Rəşid Məhərrəmlinin sədrliyi ilə araşdırma aparılan zaman Niyaməddin Məmmədovun psixi xəstəlikdən əziyyət çəkdiyi ortaya çıxıb.

Məhkəmə kollegiyasının 21 avqust 2014-cü il tarixli qərarı ilə Niyaməddin Məmmədov cinayət əməlini törətdikdən sonra psixi xəstəliyə tutulub. Bu səbəbdən onun barəsində Cinayət Məcəlləsinin 21.3 və 95.0.3-cü maddələri tətbiq edilib, İxtisaslaşdırılmış Psixiatriya Stasionarında məcburi müalicə şəklində tibbi xarakterli məcburi tədbirlər təyin olunub. Niyaməddin Məmmədov sağalanadək cinayət işi üzrə icraat dayandırılıb.

Bundan sonra Sabunçu rayon Məhkəməsinin 2 iyun 2015-ci il tarixli qərarı ilə Səhiyyə Nazirliyinin 1 saylı Respublika Psixatriya Xəstəxanasının təqdimatı təmin edilib.