“Report”: Qlobal siyasi vəziyyət USD/EUR nisbətini azaldır


Digərləri 08 May 2018 11:31:26 170 0

“Report”: Qlobal siyasi vəziyyət USD/EUR nisbətini azaldır

Bu ilin sonuna qədər 1 avro 1,14-1,15 dollara bərabər ola bilər

Qlobal maliyyə bazarında avronun məzənnəsi Avropa İttifaqının (Aİ) həyata keçirdiyi siyasətdən birbaşa asılıdır. Bununla belə, son vaxtlar ABŞ-ın atdığı addımlar, onun dünya siyasətində mövqeyinin güclənməsi də avronun digər xarici valyutalar, o cümlədən dollar qarşısındakı dəyərini müəyyən edir.

Bu il aprelin 14-də Suriyaya qarşı təşkil edilmiş hava hücumunda 3 iştirakçı ölkə - ABŞ, Fransa və Böyük Britaniya olsa da, yekun qərarı Amerikanın qəbul etdiyi sirr deyil. Fransızlar əməliyyata sanki gözdən pərdə asmaq üçün dəstək verirdi. İngiltərəyə gəlincə isə, bu ölkə Aİ-dan ayrılmaq mərhələsindədir və onun mövqeyi artıq avronun məzənnəsində ciddi rol oynamır. Bütün bunlar isə valyuta birjalarındakı vəziyyəti dolların xeyrinə dəyişir və USD/EUR nisbətini azaldır.

Amerika valyutasının bahalaşmasına və bununla da avronun ucuzlaşmasına həm də Rusiyanın nəzarətində olan dövlətlərin tədricən ABŞ-ın nəzarətinə keçməsi təsir edir. Məsələn, son Qış Olimpia Oyunlarında Şimali və Cənubi Koreyanın vahid komanda kimi çıxış etməsi, aprelin 27-də iki dövlətin prezidentlərinin mehriban görüşməsi buna bariz nümunədir. Mayın 1-də isə İsrail prezidenti Benyamin Netanyahu İranda nüvə silahının hazırlanması ilə bağlı 55 000-dən çox sənədə və diskə malik olmaları barədə sensasyon açıqlama verib. Bu isə ABŞ-ın İranla bağlı hansısa addımlar atmaq niyyətindən xəbər verir və dolayısı ilə Rusiyaya qarşı yönəlib, onun mövqeyinin zəiflədilməsinə hesablanıb. İnvestorlar bu kimi xəbərlərə dolların bahalaşacağının siqnalları kimi yanaşır və son nəticədə ABŞ iqtisadiyyatına, onun milli valyutasına maraq daha da artır.

Əgər vəziyyət belə davam edərsə, hazında 1,19 olan USD/EUR nisbəti bu ilin ortasına qədər 1,17-yə, bu ilin sonuna qədər isə 1,14-1,15-ə düşə bilər. Əks proseslər baş verərsə, yəni, Aİ-nın hansısa sürprizləri fonunda ABŞ-ın mövqeyi rəsmi Vaşinqtonun nəzərdə tutduğu qədər güclənməzsə, bu il1 avronun 1,39 dollara qədər bahalaşacağı daistisna deyil.