“Güzəştli mənzil” sistemində elektron qeydiyyat zamanı problem yarandı
Digərləri 08 May 2018 10:11:47 283 0
"Güzəştli mənzil" sistemi vasitəsilə satışa çıxarılan ilk mənzillərin seçimi mərhələsində "Elektron hökumət" portalında və "Güzəştli mənzil" sistemində vətəndaşların daxilolmalarının və apardıqları əməliyyatların sayı kütləvi xarakter daşıyıb.
Son.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Mənzil İnşaatı Dövlət Agentliyi və Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi birgə açıqlama yayıb.
Ötən gün saat 11-50-yə qədər "Güzəştli mənzil" sisteminə ümumi müraciət 60 184, eyni anda qeydə alınan qoşulma sayı isə 16 000-dən çox olub. Buna görə də portal artıq yüklənməyə məruz qalıb və müraciətlərin eyni anda qeydə alınmasında qısa müddətli ləngimə yaranaraq nasazlıq baş verib. Belə ki, sistem tərəfindən növbələşdirilən ilk müraciətlər qəbul olunaraq emal edilib, növbəti müraciətlər isə gözləmə mövqeyinə göndərilib.
Yaranmış halın həll edilməsi məqsədilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və Agentlik baş vermiş texniki nöqsanları opertiv qaydada aradan qaldırıb.
Agentlik və Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi növbəti mərhələlərdə "Güzəştli mənzil" sistemi vasitəsilə satışa çıxarılacaq mənzillərin elektron qaydada seçimini daha da təkmilləşdirəcək və baş vermiş nöqsanların təkrarlanmaması üçün bütün zəruri tədbirləri həyata keçirəcək.