Los Ancelesdə Heydər Əliyevin 95 illiyinə həsr olunmuş xeyriyyə aksiyası keçirilib


Digərləri 08 May 2018 10:06:44 369 0

Los Ancelesdə Heydər Əliyevin 95 illiyinə həsr olunmuş xeyriyyə aksiyası keçirilib

Aksiyada Los Ancelesin kimsəsiz və evsiz-eşiksiz sakinləri üçün süfrə açılıb.

Bakı. ABŞ-ın Los Anceles şəhərində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr olunmuş geniş xeyriyyə aksiyası keçirilib. Aksiyada Los Ancelesdə yaşayan kimsəsiz və evsiz-eşiksiz şəhər sakinləri üçün gün ərzində süfrə açılaraq, 500-dən çox insana isti yeməklər paylanılıb. Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğundan Trend-ə verilən məlumata görə, tədbir ABŞ-ın ən böyük xeyriyyə təşkilatlarından olan “Los Anceles Missiyası”nda təşkil olunub. Aksiya zamanı Azərbaycanın Los Ancelesdəki baş konsulu Nəsimi Ağayev və Baş Konsulluğun əməkdaşları Los Anceles Missiyasının könüllülərinə qoşularaq, kimsəsiz və evsiz-eşiksizlərə yeməklərin paylanmasında iştirak ediblər. Qeyd edək ki, Los Anceles ABŞ-da ən çox evsiz-eşiksiz insanların yaşadığı ikinci ən böyük şəhərdir. Hesablamalara görə, bu şəhərdə 60 minədək evsiz-eşiksiz insan var ki, bu da Los Anceles üçün ciddi problemlər yaradır. Aksiyadan öncə baş konsul N.Ağayev “Los Anceles Missiyası”nın rəhbəri Herb Smit ilə görüşüb. Görüş zamanı H.Smit rəhbərlik etdiyi təşkilatın Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 95 illiyi ilə bağlı Baş Konsulluq tərəfindən təşkil olunmuş xeyriyyə aksiyasına ev sahibliyi etməsindən məmnunluq duyduğunu, bu aksiyanın nümunəvi humanist təşəbbüs kimi rəğbətlə qarşılandığını bildirib. Azərbaycan ilə yaxından tanış olduğunu vurğulayan H.Smit, Heydər Əliyevin öz xalqına fədakarcasına xidmət edən, dini tolerantlıq və multikulturalizm dəyərlərinin təşviqinə böyük önəm verən və humanizm prinsiplərini daim yüksək tutan görkəmli dövlət xadimi olduğunu qeyd edib. H.Smit həmçinin vurğulayıb ki, bu gün Azərbaycan yoxsul və kimsəsiz insanlara qucaq açaraq, onlara isti münasibət və qayğıkeşlik göstərir və bir çoxlarına gözəl bir nümunə olur. Öz növbəsində baş konsul N.Ağayev, Ümummilli Lider Heydər Əliyevin Azərbaycan xalqına dünya birliyində özünəlayiq yer tutan, qüdrətli və mütərəqqi bir dövləti əmanət qoyub getdiyini, onun əvəzsiz xidmətlərinin xalqımızın qəlbində daim yaşayacağını bildirib. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin