Bakı-Tbilisi-Ərzurum kəməri ilə indiyədək 61 mlrd. kubmetr qaz ixrac olunub


İqtisadiyyat 08 May 2018 09:26:31 283 0

Bakı-Tbilisi-Ərzurum kəməri ilə indiyədək 61 mlrd. kubmetr qaz ixrac olunub

“Şahdəniz” yatağından 91,7 mlrd. kubmetr qaz, 23 mln. ton neft hasil olunub

Xəzərin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” qaz yatağı istismara veriləndən indiyə kimi, təqribən, 91,7 mlrd. kubmetr qaz, 23 mln. ton neft hasil olunub.

“Report” xəbər verir ki, bunu Azərbaycan energetika naziri Pərviz Şahbazov “Azərbaycan” qəzetində məqaləsində qeyd edib.

O bildirib ki, Bakı-Tbilisi-Ərzurum (Cənubi Qafqaz Boru Kəməri) ilə 61 mlrd. kubmetr qaz ixrac olunub.

“Azərbaycanın uzunmüddətli enerji siyasətinə Heydər Əliyevin digər böyük töhfəsi 1996-cı ildə “Şahdəniz” qaz yatağı ilə bağlı imzalanmış saziş idi. Bu saziş dünyada qaz yataqlarına marağın az olduğu və enerji təhlükəsizliyi məsələsinin Avropa üçün xüsusi əhəmiyyət daşımadığı bir vaxtda imzalansa da, illər sonra aktuallıq qazanan enerji şaxələndirməsi, enerji təhlükəsizliyi kimi prioritetlərin burada necə uzaqgörənliklə proqnozlaşdırıldığını zamanla təsdiqlədi.

Azərbaycanın və Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində müstəsna rol oynayan həmin saziş sayəsində ölkəmiz qaz idxalatçısından ixracatçısına çevrildi. Bakı-Tbilisi-Ərzurum (Cənubi Qafqaz Boru Kəməri) qaz ixrac boru kəmərinin çəkilməsinə, bu kəmər əsasında yeni marşrutların tikilməsinə imkan yaratdı”,- nazir vurğulayıb.