56 ölkədən Prezident İlham Əliyevə xüsusi təşəkkür


Siyasət 07 May 2018 20:15:00 283 0

56 ölkədən Prezident İlham Əliyevə xüsusi təşəkkür

Banqladeşin paytaxtı Dəkkə şəhərində 5-6 may 2018-ci il tarixlərində keçirilən İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Xarici İşlər Nazirləri Şurasının 45-ci sessiyası ölkəmiz və Azərbaycanın təşəbbüsü ilə yaradılmış İƏT Gənclər Forumu ilə bağlı bir sıra mühüm qərarlar qəbul etmişdir. 

Sessiyanın "İƏT Gənclər Forumu haqqında" başlığı ilə qəbul etdiyi qətnamədə Xocalı faciəsi 56 üzv dövlət tərəfindən bir daha soyqırım kimi tanınmış və İƏT Gənclər Forumunun Mədəniyyətlərarası Dialoq üzrə Baş Koordinatoru Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən "Xocalıya Ədalət" beynəlxalq məlumat kampaniyasının fəaliyyətlərinə üzv ölkələr tərəfindən siyasi dəstəyin verilməsi haqqında çağırış edilmişdir.  Bununla yanaşı, qətnamədə 17-19 aprel 2018-ci il tarixlərində Azərbaycan Gənclər və İdman Nazirliyinin ev sahibliyində Bakıda keçirilən 4-cü İƏT Gənclər və İdman Nazirləri Konfransının nəticələri, o cümlədən Bakıda qəbul edilmiş tarixi İƏT-nin Gənclər Strategiyası dəstəklənmiş və Konfransın yüksək səviyyədə təşkili üçün Azərbaycan hökumətinə təşəkkür ifadə edilmişdir. Eyni zamanda 56 ölkənin Xarici İşlər Nazirləri tərəfindən İƏT Gənclər Forumu haqqında qəbul edilmiş qətnamədə üzv dövlətlər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İƏT coğrafiyasında gəncliyin inkişafı üçün gördüyü işlər və İƏT Gənclər Forumuna göstərdiyi diqqət və dəstəyə görə xüsusi təşəkkür ifadə edilmişdir. Sessiyanın yekun Bəyannaməsində isə bu ildən başlayaraq İƏT Gənclər Forumuna XİN Konfransları çərçivəsində Gənc Liderlər Konfranslarının keçirilməsi, sözügedən konfransların tövsiyələrinin Nazirlər tərəfindən müzakirə olunması səlahiyyəti verilərək, Forumun təşkılatçılığı ilə Dəkkə sessiyası öncəsi Gənc Liderlər Konfransının ilk toplantısının bu il keçirilməsi yüksək qiymətləndirilmişdir. Qeyd edək ki Forum 2004-cü ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsində Azərbaycanın ilk beynəlxalq təşkilat təşəbbüsü olaraq təsis edilmişdir. Mərkəzi qərərgahı İstanbulda yerləşən Forumun  2014-cü ildən sədri səfir Elşad İskəndərov daha əvvəl qurumun təsisçi Baş Katibi olmuşdur.