Baş Prokurorluq, DTX və DGK dərman vasitələrinin ölkəyə qanunsuz yollarla gətirilməsi ilə bağlı birgə məlıumat yayıb


Digərləri 07 May 2018 17:53:00 221 0

Baş Prokurorluq, DTX və DGK dərman vasitələrinin ölkəyə qanunsuz yollarla gətirilməsi ilə bağlı birgə məlıumat yayıb

Baş Prokurorluq, Dövlət Təhlükəsizliyi Xidməti və Dövlət Gömrük Komitəsinin mətbuat xidmətlərinin birgə məlumat yayıb.

Bakı. Baş Prokurorluq, Dövlət Təhlükəsizliyi Xidməti və Dövlət Gömrük Komitəsinin mətbuat xidmətlərinin birgə məlumat yayıb. Trend-in xəbərinə görə, məlumatda deyilir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi siyasətin başlıca istiqamətlərindən biri kimi əhalinin sağlamlığının qorunması, tibbi xidmətin keyfiyyətinin daha da yaxşılaşdırılması daim dövlətin diqqət mərkəzindədir. Məhz bu sahədə aparılan islahatların müsbət göstəricisi kimi ölkədə ən müasir tələblərə cavab verən səhiyyə infrastrukturunun yaradılmasına nail olunmuş, eləcə də dərman vasitələrinin beynəlxalq keyfiyyət standartlarının tələblərinə uyğun hazırlanması, istehsalı və satışı ilə bağlı hüquqi prosedurların təkmilləşdirilməsi yönündə məqsədyönlü dövlət tədbirləri həyata keçirilməkdədir. Bununla belə, səhiyyə sisteminin ayrılmaz qolu olan əczaçılıq sahəsində bir sıra sahibkarlıq subyektlərinin daha çox gəlir əldə etmək üçün qeyri-leqal fəaliyyətlə məşğul olmaları, habelə gizli iqtisadi fəaliyyətin nəticəsi kimi vergidən yayınma və digər qanunsuz yollarla ölkədə qeyri-bərabər rəqabət mühiti formalaşdırmaları bazar iqtisadiyyatının inkişafına mənfi təsir göstərməklə yanaşı, əhalinin sağlamlığına ciddi təhlükə yaradır. Son dövrlər bəzi hüquqi və fiziki şəxslər tərəfindən mənşəyi məlum olmayan, dövlət qeydiyyatından keçməmiş və keyfiyyətsiz dərman vasitələrinin qanunsuz dövriyyəsinin həyata keçirilməsi, bəzi vəzifəli şəxslərin qeyd olunan qanunsuzluqlara şərait yaratması ictimaiyyətdə haqlı narazılıqlara səbəb olmuş, hüquq mühafizə orqanları tərəfindən görülən ardıcıl tədbirlərdən belə şəxslərin nəticə çıxarmaması qeydiyyatsız dərman vasitələrinin qanunsuz idxalının qarşısının alınması istiqamətində kompleks əməliyyat-istintaq tədbirlərinin həyata keçirilməsini zəruri etmişdir. 30 aprel 2018-ci il tarixdə keçirilmiş birgə tədbirlər zamanı belə qanunsuz fəaliyyətlə məşğul olan mütəşəkkil dəstə müəyyən edilərək ifşa olunmuşdur. Belə ki, görülmüş tədbirlər nəticəsində Bakı Beynəlxalq Hava Limanındakı Bakı Karqo Terminalından gömrük nəzarətindən yük maşınında çıxarılaraq dərman vasitələrinin qanunsuz dövriyyəsi ilə məşğul olan Məmmədov Anar Kamran oğluna məxsus yaşayış sahəsinə daşınan dövlət qeydiyyatından keçməmiş, ölkəyə buraxılması qanunsuz olan 53 adda ümumi dəyəri 108.819 Azn təşkil edən müxtəlif dərman vasitələri aşkar edilərək saxlanılmışdır. Səhiyyə Nazirliyinin əməkdaşlarının iştirakı ilə Anar Məmmədova məxsus Yasamal rayonunda yerləşən “Zeytun” aptekinə baxış zamanı dövlət qeydiyyatından keçməmiş, mənşəyi məlum olmayan 75 adda müxtəlif dərman vasitələri aşkar edilərək götürülmüşdür. Davam edən araşdırmalarla Yasamal rayonu ərazisindəki “İrem”, “Qlükoza”, “Avas”, “Fatimə”, Nəsimi rayonu ərazisindəki “Zeytun”, “Medical City”, “Elit”, “Vahid”, “Dokta Elite”, Nərimanov rayonu ərazisindəki “Şəfa”, “Şəfa Zeytun 426”, “Təbib” apteklərinə satılmış müxtəlif sayda dövlət qeydiyyatından keçməmiş dərman vasitələri aşkar edilərək dövriyyədən çıxarılmışdır.