"Azərbaycan qadını tarixin bütün dövrlərində cəmiyyətin inkişafına töhfə verib"


Digərləri 07 May 2018 17:32:00 271 0

"Azərbaycan qadını tarixin bütün dövrlərində cəmiyyətin inkişafına töhfə verib"

Beynəlxalq Muğam Mərkəzində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin YAP Qadınlar Şurası, Milli İrsi Mədəni Tarixi Araşdırmalar Fondu və "İşıq" jurnalının birgə təsis etdiyi "Cümhuriyyətə işıq saçan qadınlar" adlı araşdırma-yazı müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

Son.az Trend-ə istinadən xəbər verir ki, ümummilli lider Heydər Əliyevin 95 illik yubileyinə həsr olunan tədbirdə çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova bildirib ki, Azərbaycan qadını tarixin bütün dövrlərində fəallıq göstərərək cəmiyyətin inkişafına öz töhfəsini verib:

"Ailədə və cəmiyyətdə xüsusi yeri olan qadınların yerini yüksək qiymətləndirən ulu öndər Heydər Əliyev qadınların bütün sahələrdə irəli çəkilməsini vacib bilib. Heydər Əliyev deyirdi ki, qadınlar dövlətçiliyimizin, müstəqilliyimizin, gələcəyimizin dayağıdır".

H.Hüseynova qeyd edib ki, ümumilli lider Heydər Əliyevin əsasını qoyduğu və bu gün Prezident İlham Əliyev tərəfindən da gücləndirilən siyasət nəticəsində ölkəmiz Xalq Cümhuriyyətinin layiqli varisi kimi demokratik dövlət quruculuğu proseslərini sürətlə həyata keçirir və inkişaf etdirir: "Bunun bariz nümunəsi olaraq ölkə başçısı İlham Əliyevin 2018-ci ilin Xalq Cümhuriyyəti ili elan etməsini göstərmək olar. Bu il Xalq Cümhuriyyətinin yaranması ilə yanaşı qadınlara seçmək və seçilmək hüququ verilməsinin 100 illiyi də qeyd olunur".

Milli Məclisin sədr müavini Bahar Muradova bildirib ki, Azərbaycan qadınları heç vaxt bügünkü qədər böyük nailiyyətlər, böyük uğurlar əldə etməyib.

O, müasir Azərbaycan cəmiyyətində qadınların rolunu və "Cümhuriyyətə işıq saçan qadınlar" adlı araşdırma-yazı müsabiqəsinin təşkilini yüksək qiymətləndirib.