Heydər Əliyev Beynəlxalq Aeroportuna nüfuzlu mükafat təqdim olundu FOTO


Digərləri 07 May 2018 14:43:00 260 0

Heydər Əliyev Beynəlxalq Aeroportuna nüfuzlu mükafat təqdim olundu  FOTO

Heydər Əliyev Beynəlxalq Aeroportu hava limanınlarının auditi sahəsində ən nüfuzlu "Skytrax World Airport Awards"-un maksimal "5 Ulduz" statusuna layiq görülüb.

Aeroportun mətbuat xidmətindən Son.az-a verilən məlumata görə, təntənəli mükafatlandırma mərasimi mayın 7-də Bakıda keçirilib. Mərasim çərçivəsində həmçinin Bakı hava limanının girişində yerləşən və onun 5 ulduz statusunu simvolizə edən stelanın açılışı baş tutub. Tədbir iştirakçıları eyni zamanda yeni aerovağzal kompleksi Terminal 1-də yaradılan şəraitlə də tanış olublar.

Qeyd edək ki, Heydər Əliyev Beynəlxalq Aeroportu ilə yanaşı bütün dünya üzrə bu ən yüksək statusa cəmi 8 aeroport layiq görülüb.

"Bizim hər bir növbəti qələbəmiz ilk növbədə, Azərbaycan Prezidenti İlham Əliyevin mülki aviasiya sahəsinə, eləcə də bütün kollektivin gərgin əməyinə böyük diqqət və qayğısının göstəricisidir. "Skytrax" kimi nüfuzlu audit şirkəti tərəfindən ən yüksək qiymətləndirməyə layiq görülmək həm Azərbaycanın mülki aviasiyası, həm də ümumiyyətlə ölkə üçün çox böyük nailiyyətdir. "5 ulduz" reytinqi son illərdə ölkəmizdə bu sahənin inkişafı üzrə görülən böyük işlərin bariz nümunəsidir", - deyə "Azərbaycan Hava Yolları"nın prezidenti Cahangir Əsgərov bildirib.

"Heydər Əliyev Beynəlxalq Aeroportunu bu böyük nailiyyət - 5 ulduzlu regional aeroport reytinqinə layiq görülməsi münasibətilə təbrik edirəm. Bu yüksək qiymətləndirmə müştəri xidməti sahəsində böyük keyfiyyət nişanıdır. Heydər Əliyev Beynəlxalq Aeroportunun rəhbərliyi son üç ildə genişmiqyaslı iş aparmışdır və nəticədə regional aeroport üçün ən yüksək qiymətləndirməyə nail olmuşdur", - "Skytrax"-ın baş direktoru Edvard Pleysted qeyd edib.


Xəbərə aid fotolar