Heydər Əliyevin liderlik fəlsəfəsinə müasir baxış


Digərləri 07 May 2018 14:45:05 304 0

Heydər Əliyevin liderlik fəlsəfəsinə müasir baxış

Heydər Əliyevin liderlik fəlsəfəsinə müasir baxış

Heydər Əliyevin liderlik fəlsəfəsinə müasir baxış Ümummilli liderin gələcəyə hesablanmış strategiyası Azərbaycanın dünya siyasətində yerini və rolunu müəyyənləşdirdi Tarixə nəzər salsaq görərik ki, xalqımızın dövlətçilik tarixində mürəkkəb mərhələlər çox olub. Lakin bütün təzyiqlərə, çətinliklərə rəğmən heç bir qüvvə xalqımızın müstəqillik, dövlətçilik arzularını, ənənələrini məhv edə bilməmişdir. Məhz bu reallıqlara söykənərək müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyev bildirmişdir: “Biz nadir bir dövlətçilik irsinin varisləriyik. Hər bir Azərbaycan vətəndaşı bu irsə layiq olmağa çalışaraq böyük bir tarixi keçmişi, zəngin mədəniyyəti, yüksək mənəviyyatı olan dövlətimizin həm dünəninə, həm bu gününə, həm də gələcəyinə dərin bir məsuliyyət hissi ilə yanaşmalıdır.” Eyni zamanda bu fikir də önə çəkilir ki, keçmişini sevən, bu günü ilə qürur duyan, gələcəyinə böyük ümidlərlə baxan xalqlar tarixin sərt və çətin sınaqlarından üzüağ çıxaraq, milli varlıqlarını qoruyurlar. Ümummilli lider Heydər Əliyevin böyük və müqəddəs ideallarla qurub-yaratdığı Azərbaycan dövlətinin tarixən keçib gəldiyi yolun öyrənilməsi mütləqdir, bir çağırışdır. Müstəqilliyin daha da möhkəmləndirilməsinə, əbədiliyinin təmin edilməsinə hesablanan şərəfli missiya Ulu öndər Heydər Əliyev hələ Azərbaycana rəhbərliyinin birinci dövründə ölkənin inkişafı istiqamətində gördüyü işlərlə, qəbul etdiyi qərarlarla, həyata keçirdiyi quruculuq tədbirləri ilə, ən əsası gələcəkdə Azərbaycanın müstəqilliyə qovuşacağını nəzərə alaraq atdığı digər məqsədyönlü addımları ilə özünün Ümummili Lider obrazını yaratmış, tarix isə dahi şəxsiyyətin bu statusunu bütün mərhələlərdə qorumuşdur. Ulu Öndərin hakimiyyətinin birinci dövründə azərbaycanlıların müstəqil düşüncə ətrafında birləşməsi imkanları genişləndi. İllər boyu bu istiqamətdə formalaşdırılan potensial ötən əsrin sonlarına doğru müstəqil Azərbaycan dövlətinin yaranmasında təzahür etdi. Məhz buna görə də Azərbaycan tarixinin 1969-cu ildən bəri yaşanan dövrü əsasən ulu öndər Heydər Əliyevin adı ilə sıx bağlıdır. Bir məqamı da xüsusi qeyd etmək lazımdır ki, indiki dövrdə Azərbaycanın dövlət suverenliyi və iqtisadi müstəqilliyi, xarici siyasi və iqtisadi əlaqələrinin sistemli olaraq genişlənməsi və dünya iqtisadiyyatına daha dərin bir şəkildə inteqrasiya prosesi 1970-1980-ci illərdə ulu öndər Heydər Əliyev tərəfindən təməli qoyulmuş potensiala əsaslanır. Ulu Öndərin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyev Heydər Əliyev Fondunun fəaliyyətə başlamasının 5 illiyi münasibətilə təntənəli mərasimdə “Mənim siyasi və həyati dünyagörüşüm atamın təsiri altında formalaşmışdır” etirafını özündə əks etdirən çıxışında bu reallıqları da qeyd etmişdir ki, 1969-cu ilə qədər Azərbaycan haqqında heç sovet məkanında o qədər də çox məlumat yox idi. 1970-1980-ci illərin əvvəlləri Azərbaycanın intibah dövrü olmuşdur. Azərbaycan sürətlə inkişaf etdi və sovet məkanında qabaqcıl respublikalardan birinə çevrildi. Həmin çıxışında bu məqam da qeyd edilir: “Biz deyəndə ki, Heydər Əliyev müstəqil Azərbaycanın qurucusudur, tam həqiqəti deyirik. Çünki formal olaraq müstəqillik 1991-ci ildə əldə edilsə də, bu müstəqillik yarımçıq idi. Azərbaycanın gələcəyi sual altında idi. Ölkənin müstəqilliyi əldən gedirdi. Azərbaycanın dövlət quruculuğu məhz 1993-cü ildən başlanmışdır.” Cənab Prezidentimiz İlham Əliyev bu reallıqların bütün dövrlər üçün aktual olduğunu qeyd edərək bildirir ki, ulu öndər Heydər Əliyev haqqında çoxlu kitablar, elmi əsərlər yazılıb, dəyərli fikirlər səslənib: “Bir şeyi əlavə edə bilərəm ki, ümummilli lider Heydər Əliyev bütün dövrlərdə sınaqlardan şərəflə çıxıb.” Ulu Öndərin Azərbaycana rəhbərliyinin birinci dövründə qoyulan təməlin 1993-cü ildə yenidən hakimiyyətə qayıdışından sonra möhkəmləndirilməsinin nəticəsidir ki, bu siyasəti hazırda təkmil islahatları ilə uğurla davam etdirən dövlətimizin başçısı İlham Əliyev müasir Azərbaycanı inkişaf etmiş ölkələr sırasında görmək hədəfini irəli sürərək, bu istiqamətdə bir-birindən mühüm addımlar atır. Müstəqilliyimizin üçüncü, yəni 2003-cü ildən başlanan dövrünə keçmədən bu günümüz üçün görülən işlərin miqyasına nəzər salıb, Heydər Əliyev şəxsiyyətinin böyüklüyünü, Vətəninə, xalqına, torpağına bağlılığını bir daha indiki və gələcək nəsillərə çatdırmaq hər birimizin vətəndaşlıq borcudur. Ümummilli Liderin anadan olmasının 95 illiyi ərəfəsində keçilən yola nəzər saldıqda dahi şəxsiyyətin aforizmə çevrilən bu fikrinin reallıqlara əsaslandığını bir daha görmüş oluruq: «Nə qədər ki Azərbaycan var, mən də varam. Mən isə Azərbaycanda əbədi olacağam!» Bu fikri də böyük fəxr hissi ilə qeyd edirik ki, Ümummilli Liderin 1969-1982-ci illərdəki fəaliyyəti böyük bir təcrübə xəzinəsi, dövlət idarəçiliyi akademiyasıdır. Bugünkü Azərbaycan məhz həmin dövrdə yaradılan möhkəm təməl üzərində inkişaf edir, uğurla addımlayır. Ölkənin hərtərəfli inkişafında iqtisadi amilə verilən önəm ulu öndər Heydər Əliyevin hakimiyyətinin hər iki dövrünün səciyyəvi xüsusiyyətidir. Hazırda beynəlxalq səviyyədə tez-tez səsləndirilən «Azərbaycanın iqtisadi inkişafı möcüzədir» fikri də məhz düşünülmüş və məqsədyönlü, gələcəyə hesablanmış bu siyasətin məhsuludur. Ulu öndər Heydər Əliyev Naxçıvanı erməni işğalından qorudu 1990-cı ilin iyulunda Azərbaycana qayıdan ulu öndər Heydər Əliyevin gəlişini özlərinin məhvi hesab edən səriştəsiz iqtidar onun Bakıda yaşamasına imkan vermədi. Gözlənilən təhlükələrdən xilas olmağın bir yolu var idi: Naxçıvana getmək. İnsanların böyük etimadını qazanan ulu öndər Heydər Əliyev həmin ildə də Azərbaycan Ali Sovetinə deputat seçilmişdir. O, 1991-1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri, Azərbaycan Respublikası Ali Soveti Sədrinin müavini olmuşdur. Ulu öndər Heydər Əliyevin Naxçıvanda yaşadığı illərə xronikal nəzər saldıqda aydın görünür ki, bu gün haqqında ürəkdolusu danışdığımız və ölkəmizin beynəlxalq aləmdə nüfuzunu yüksəldən yeniliklərin, islahatların təməli o çətin illərdə qoyulub. Naxçıvan MR Ali Məclisinin Sədri kimi ulu öndər Heydər Əliyevin həyata keçirdiyi islahatlar haqqında geniş danışmağa ehtiyac olmasa da, o illərdə baş verən hadisələrin xronikasına nəzər salmaqla dahi şəxsiyyətin xidmətləri barədə aydın təsəvvür yaratmaq mümkündür. Daim xalqının müstəqilliyi və azadlığı uğrunda çalışan bir fədakar vətəndaş kimi fəaliyyətinə də elə bu mərhələdən başlamışdı. Ulu öndər Heydər Əliyev «Müstəqillik qədər çətin yol yoxdur. Müstəqilliyin əldə olunması nə qədər çətindirsə, onun saxlanılması, daimi, əbədi olması bundan da çətindir» sözlərini real həyatda gerçəkləşdirdi. Naxçıvan MSSR-in adının dəyişdirilməsi, dövlət atributları sayılan Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağının bərpası, himn və gerbi üçün müsabiqə keçirilməsi barədə qərarlar qəbul olunmuşdu. Uzaqgörən siyasətçi bildirirdi ki, azadlıq olmayan yerdə inkişaf, yenilik barədə danışmaq qeyri-mümkündür. 1990-cı ilin 20 Yanvar hadisələri törədiləndə Moskvadakı Azərbaycan nümayəndəliyinə gedərək qırğını müstəqil bir dövlətin suverenliyinə qarşı törədilmiş siyasi aksiya hesab edən ulu öndər Heydər Əliyev Naxçıvanda işləyərkən faciəyə siyasi qiymət verilməsini, günahkarların cəzalandırılmasını qəti tələb etmişdi. Ulu Öndərin Naxçıvandakı ən böyük xidmətlərindən biri diaspor fəaliyyətinin təməlini qoyan 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü barədə qərarın qəbuludur. Naxçıvanda olarkən bütün Azərbaycan üçün xidmətlərindən biri də respublikanın sərhədlərinin, Naxçıvanın ermənilər tərəfindən işğalının qarşısının alınmasına yönəldilmiş Qars müqaviləsinin təzələnməsi oldu. Blokadada qalan naxçıvanlıların çətin vəziyyətdən çıxması üçün qonşu İran və Türkiyə ilə əməkdaşlıq gücləndirildi. Böyük şəxsiyyət Heydər Əliyevin nüfuzu bu sahədə də özünü doğrultdu. Naxçıvana hər iki qonşu dövlətdən ərzaq, sənaye malları, ən başlıcası isə yanacaq, enerji verildi. Türkiyə ilə qonşu dövlətlər arasında əlaqələrin möhkəmləndirilməsi üçün «Ümid körpüsü» salındı. Paytaxt Bakı ilə yeganə nəqliyyat yolunun intensiv fəaliyyəti üçün geniş imkanlara malik hava limanı, Bakıda Naxçıvan nümayəndəliyi açıldı. Ulu Öndərin Naxçıvandakı xidmətlərindən bəhs edərkən bu gün Azərbaycanın ictimai-siyasi həyatında aparıcı rol oynayan, ölkənin gələcəyinə böyük ümidlər vəd edən Yeni Azərbaycan Partiyasının yaradılmasını qeyd etməliyik. Təsis konfransını 1992-ci il noyabrın 21-də Naxçıvanda keçirən Yeni Azərbaycan Partiyasının yaradılması ilə bağlı 91 nəfər ziyalının ulu öndər Heydər Əliyevə müraciəti Azərbaycan xalqının böyük əksəriyyətinin istəyinin ifadəsi idi. Ümummilli lider Heydər Əliyev müraciətə cavabı ilə bir daha xalqla birliyini, həmrəyliyini nümayiş etdirdi. Ulu Öndərin yaradıcısı olduğu Yeni Azərbaycan Partiyası ilk gündən milyonların sevgisini qazandı. Xalq öz xilaskarına sahib çıxdı Ulu öndər Heydər Əliyevin artıq ölkə hüdudlarını aşan şöhrətini gözü götürməyən, yeniliklərə siyasi qısqanclıqla yanaşan AXC-Müsavat iqtidarı təxribatlara əl atdı. Silahlı dəstələr təşkil etməklə Naxçıvanda dövlət çevrilişləri etmək istəyənlərin cəhdləri baş tutmadı. Bir neçə dövlət idarəsini və radio-televiziya şirkətinin binasını zəbt edərək külli miqdarda dövlət malını dağıtdılar. İnsanlara maddi və mənəvi ziyan vuruldu. Lakin çətinliklərə, silahlı dəstələrin hədələrinə əhəmiyyət verməyən naxçıvanlılar Bakıdan istiqamətləndirilən çevriliş cəhdlərinin qarşısını Ulu Öndərin bir çağırışı ilə aldılar. Xalq öz xilaskarını canlı sipər çəkərək qorudu. Çünki Ulu Öndər Azərbaycan dövlətçiliyini qoruyan, xalqın sabaha inamını sönməyə qoymayan dahi şəxsiyyət idi. Bu birlik əsl xalq-iqtidar həmrəyliyi oldu. Dahi şəxsiyyət Heydər Əliyevin Azərbaycanın gələcəyi üçün müəyyənləşdirdiyi perspektivlərin reallaşması isə 1993-cü ildən, yəni xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra mümkün oldu. O, başladığı işlərin davamlılığını yüksək səviyyədə təmin etdi, bugünkü güclü, qüdrətli Azərbaycanın yeni-yeni hədəflərə çatması üçün ciddi səylər göstərdi. Azərbaycanın 27 ilə yaxın müstəqillik tarixində keçdiyi inkişaf yolunun təhlilini vermək hər zaman günümüzün tələbidir. Müstəqilliyimizin ilk illərində ölkəmizin hansı durumla üz-üzə qaldığı bəllidir. Ölkədə xaosun, anarxiyanın, özbaşınalığın baş alıb getməsi həmin dövrün xarakterik xüsusiyyəti idi. Həmin dövrün iqtidarının başı hakimiyyət uğrunda mübarizəyə qarışdığından torpaqlarımızın işğalı da davamlı hal almışdı. Müharibə şəraitində yaşayan ölkə üçün güclü ordunun olması vacib amillərdəndir. Lakin həmin dövrdə Silahlı Qüvvələr torpaqlarımızın deyil, ayrı-ayrı qrupların maraqlarının müdafiəsinə xidmət edirdi. Hər sahədə olduğu kimi, xarici siyasətdə də uğursuzluqlar geniş vüsət almışdı. Azərbaycan haqqında məlumatsızlıq, informasiya blokadasında olması erməni yalanlarının ayaq tutub yeriməsinə geniş meydan açırdı. Ölkədə vətəndaş müharibəsinin dərinləşməsi Azərbaycanın parçalanmasını, bir dövlət olaraq dünya xəritəsindən silinməsini sürətləndirirdi. Belə bir ağır durumda xalq öz xilaskarını axtarırdı. Bu, təbii ki, bütün ömrünü xalqına, dövlətinə həsr edən Heydər Əliyev idi. Əbəs yerə 15 iyun 1993-cü il Azərbaycanın milli dövlətçilik tarixinə qızıl hərflərlə Milli Qurtuluş Günü kimi yazılmadı. Azərbaycan xaosdan, anarxiyadan, özbaşınalıqdan, iqtisadi böhrandan xilas oldu, müstəqilliyimizin daimiliyi, əbədiliyi təmin edildi. İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir Uğurlu daxili siyasəti nəticəsində ölkədə ictimai-siyasi sabitliyin yaradılması əlverişli biznes mühitinin formalaşdırılmasını təmin etdi. Azərbaycan qısa müddətdə böyük investisiyalar məkanına çevrildi. Ölkəmizə inam artdı, iqtisadi əlaqələrin qurulmasında maraqlı olan dövlətlərin, şirkətlərin tərəddüdlərinə son qoyuldu. Dahi şəxsiyyət Heydər Əliyevin gərgin səyləri nəticəsində 1994-cü il mayın 12-də Ermənistanla atəşkəs sazişi imzalandı. Düşünülmüş və gələcəyə hesablanmış siyasətin uğurlu nəticələrini görən xalqımızın sabaha ümidləri daha da artdı, insanlar Ümummilli Liderin ətrafında daha sıx birləşərək Azərbaycanın daha da qüdrətlənməsinə, çiçəklənməsinə səy göstərdilər. Hər bir ölkənin iqtisadi inkişafında qarşılıqlı əməkdaşlığın, təcrübə mübadiləsinin, səylərin birləşdirilməsinin rolunu xüsusi vurğulayan ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə 1994-cü il sentyabrın 20-də tarixə «Əsrin müqaviləsi» kimi daxil olan neft sazişi imzalandı. Bu, bir daha ölkəmizə inamın hansı səviyyədə olduğunu nümayiş etdirdi. İllər keçdikcə yeni-yeni neft və qaz sazişlərinə imza atıldı, Azərbaycan malik olduğu təbii enerji resurslarından səmərəli istifadə etməklə hərtərəfli inkişafını təmin etdi. Ümummilli lider Heydər Əliyevin 1999-cu ildə böyük uzaqgörənliklə yaratdığı Azərbaycan Respublikası Dövlət Neft Fondu neft gəlirlərinin idarə olunmasında şəffaflığın təminatında əhəmiyyətli rol oynayır. Belə ki, hazırda aktivlərinin həcmi 36 milyard dollardan artıq olan Dövlət Neft Fondunun vəsaitləri hesabına mühüm sosial-iqtisadi layihələr həyata keçirilir ki, onlar da öz növbəsində ölkəmizin hərtərəfli inkişafını təmin edir. Müstəqillik yolunda ilk addımlarını atan dövlətin beynəlxalq aləmdə varlığını təsdiqləməsi əsasdır Ulu öndər Heydər Əliyev bu tezisi irəli sürməklə iki və çoxtərəfli çərçivədə əlaqələrin qurulmasına, diaspor quruculuğu prosesinə xüsusi diqqət yönəltdi. Onun elə bir ölkəyə səfəri yox idi ki, Azərbaycan həqiqətlərini, xüsusilə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin əsl mahiyyətini faktlar əsasında dünya ictimaiyyətinin diqqətinə çatdırmasın. Dünyanın müxtəlif ölkələrinə səpələnmiş soydaşlarımızın bir amal – azərbaycançılıq ideyası ətrafında sıx birləşməsi vacib amil kimi önə çəkilirdi. Qeyd etdiyimiz kimi, azərbaycançılığın əsas tərkib hissəsi olan Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün əsası 1991-ci ilin 16 dekabrında qoyulub. O illərdə Naxçıvan MR Ali Məclisinin Sədri olan Heydər Əliyev dünya azərbaycanlılarının birliyini yaratmağın əhəmiyyətini nəzərə alaraq, dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan etmişdi. Ulu Öndərin 1993-cü ildə hakimiyyətə qayıdışından sonrakı dövrdə də fəaliyyətinin əsas istiqamətlərindən biri diaspor quruculuğu, dünya azərbaycanlılarının birliyinin, həmrəyliyinin təmin edilməsi oldu. Ayrı-ayrı ölkələrdə Azərbaycan cəmiyyətlərinin, mərkəzlərinin yaradılmasına nail olan ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 2001-ci ildə Dünya Azərbaycanlılarının I Qurultayının keçirilməsi bu birliyə, həmrəyliyə böyük töhfə oldu. Artıq vahid mərkəzdən idarəedilmə uğurların davamlılığına yol açdı, soydaşlarımızın yaşadıqları ölkələrdə fəallıqlarını, Azərbaycanın daha da qüdrətlənməsinə, çiçəklənməsinə töhfələrini artırdı. Beş ildən bir ənənəvi keçirilən dünya azərbaycanlılarının qurultayları yeni-yeni vəzifələrin müəyyənləşdirilməsində əhəmiyyətli rol oynayır. Qurultaylarda ötən beş ildə keçilən yola baxış fonunda qarşıya qoyulan vəzifələrin hansı şəkildə yerinə yetirildiyi təhlil edilir. Heydər Əliyev məktəbinin layiqli davamçısı ölkə Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi, güclü, qüdrətli Azərbaycan hər birimizin qürur mənbəyidir. Bu birlik, həmrəylik yeganə problemimiz olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllində vacib amildir. Azərbaycan diplomatiyasının səyləri sayəsində erməni yalanları faktlar əsasında dünya ictimaiyyətinin diqqətinə çatdırılır, Ermənistanın işğalçılıq siyasəti pislənilir. O da məlumdur ki, erməni diasporunun yalan təbliğatları əsasında Amerika Birləşmiş Ştatları Konqresi 1992-ci ildə Azərbaycana qarşı ədalətsiz “907-ci düzəlişi” tətbiq etmişdir. Ulu öndər Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qaydışından sonra fəaliyyətinin əsas tərkib hissəsi bu qərarın ədalətsizliyini təsdiqləmək, ləğvinə nail olmaq idi. Məhz uğurlu daxili və xarici siyasətin nəticəsi olaraq, həmçinin 2001-ci ilin sentyabrında ABŞ-da baş verən terror aktından sonra ABŞ hökuməti qərarın ədalətsizliyini etiraf etdi, fəaliyyətinin bir illik dondurulması ilə bağlı qərar qəbul etdi. Artıq o vaxtdan hər il həmin qərar yenidən təsdiqlənir. Ulu Öndər tarixin saxtalaşdırılmasına sərt mövqeyini də bəyan edib. Onun ilk görüşünü ziyalılarla keçirməsi də təsadüfi deyildi. Dahi şəxsiyyət həmin görüşündə tarixçilərimizin qarşısında bir sıra mühüm vəzifələr qoymuşdur ki, bunlardan da ən ümdəsi tarixin saxtalaşdırılmasına yol verilməməsi, tarixi araşdırmaların miqyasının genişləndirilməsi, Dağlıq Qarabağ həqiqətləri ilə bağlı kitabların çap edilməsi idi. Baxmayaraq ki, ermənilər özlərinə saxta tarix yazıb həqiqətləri inkar etməyə cəhd göstərirlər, onlar daim fakt qarşısında acizdirlər. Təbii ki, təbliğat tarixi faktlara, həqiqətlərə əsaslananda daha inandırıcı, uzunömürlü olur. Ulu öndər Heydər Əliyev siyasi kursunu hər sahədə uğurla davam etdirən dövlətimizin başçısı İlham Əliyev daim bu sahəni də diqqətdə saxlayır, tarixçilərimizə öz tövsiyələrini çatdırır. Şübhəsiz ki, ulu öndər Heydər Əliyevin Azərbaycan dövləti, xalqı qarşısındakı xidmətlərini bir yazı çərçivəsində əhatə etmək mümkün deyil. Bugünkü Azərbaycan Ümummilli Liderin xidmətlərinin miqyasının nə qədər geniş olduğunu nümayiş etdirir. Böyük fəxr hissi ilə qeyd edirik ki, müstəqil Azərbaycan Ulu Öndərin şah əsəridir. Azərbaycan demokratik ölkə kimi dünyada nüfuz qazandı «Respublikamızda hüquqi dövlət qurulması, demokratik, sivilizasiyalı cəmiyyət yaradılması, insan azadlığının, söz, vicdan azadlığının, müasir plüralizmin təmin edilməsi, çoxpartiyalı sistemin bərqərar olması bizim əvvəldən qəbul etdiyimiz prinsiplərdir.» Ümummilli lider Heydər Əliyev bu tezisi ilə demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu yolunda ilk addımlarını irəliləyən Azərbaycanın hədəflərini açıqlayaraq, demokratik cəmiyyətin varlığını təsdiqləyən bütün atributların ölkəmizdə bərqərar olması istiqamətində ciddi addımlar atdı. Məhz bu addımlar Azərbaycanın 2001-ci ilin yanvarında Avropa Şurasına tamhüquqlu üzv qəbul olunmasına yol açdı və bir daha dünyaya bəyan edildi ki, Azərbaycan demokratik prinsiplərə sadiqliyini sözdə deyil, əməldə təsdiqləyir. İnsan hüquq və azadlıqlarının qorunması, azad mətbuatın inkişafı, çoxpartiyalı sistemin yaradılması, seçkilərin demokratik, beynəlxalq standartlara uyğun keçirilməsi istiqamətində atılan addımların uğurlu nəticələri göz önündədir. 1995-ci il noyabrın 12-də ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə yaradılan komissiya tərəfindən işlənib hazırlanmış və ümumxalq səsverməsi yolu ilə qəbul olunmuş Milli Konstitusiyamızda əksini tapan maddələrin üçdə iki hissəsi insan hüquq və azadlıqlarının qorunmasına xidmət edir. Cəmiyyətin güzgüsü kimi dəyərləndirilən azad mətbuatın inkişafına göstərilən diqqətin bariz nümunəsi kimi senzuranın ləğvini xüsusi qeyd etməliyik. Ümummilli Liderin bu addımı ilə mətbuatın inkişafında yeni bir mərhələnin təməli qoyuldu. KİV-in maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində atılan addımlar davamlılığı ilə diqqət çəkdi. Bu diqqət və qayğı 2002-ci ildə Ulu Öndərin «Jurnalistlərin dostu» mükafatına layiq görülməsini şərtləndirdi. Demokratik cəmiyyətin atributlarından biri kimi siyasi partiyaların, ictimai birliklərin normal fəaliyyəti üçün lazımi şərait yaradıldı. Ulu öndər Heydər Əliyev bildirirdi ki, nə qədər partiya olur olsun, onların hamısı bir məqsədə - Azərbaycanın müstəqilliyini qorumaq, torpaqlarımızı düşməndən azad etmək işinə xidmət etməlidir. Hər bir ölkənin mütərəqqi inkişafının əsası kimi dəyərləndirilən seçkilərin demokratikliyinin təmin edilməsi istiqamətində atılan addımlar da təqdirəlayiqdir. Belə ki, 2003-cü ilin mayında qəbul olunan Seçki Məcəlləsi ölkəmizdə prezident, parlament və bələdiyyə seçkilərinin, eyni zamanda, ümumxalq səsverməsinin (referendumun) demokratik, şəffaf və azad keçirilməsini şərtləndirir. Ümummilli Lider bunları ümumiləşdirərək bildirirdi ki, müstəqil Azərbaycan dövləti sözün tam mənasında azadlıq və demokratiya prinsipləri əsasında demokratik cəmiyyət qurur. Siyasi və iqtisadi islahatların paralel şəkildə aparılması uğurlara yol açan əsas amillərdəndir. Heydər Əliyev yolu Azərbaycanı dünyanın xoşbəxt ölkələri sırasına daxil etdi 2003-cü ildən başlanan yol Azərbaycan tarixinə Böyük Yolun davamı kimi daxil oldu. Heydər Əliyev siyasi kursunun layiqli davamçısı möhtərəm Prezidentimiz İlham Əliyev hər sahədə atdığı addımları ilə bu siyasətə sadiqliyini nümayiş etdirir. 2003-cü ildə keçirilən andiçmə mərasimində verdiyi ilk vədi də bu olmuşdur: «Azərbaycanı qüdrətli dövlətə çevirmək üçün ən başlıcası, ölkədə Heydər Əliyevin siyasəti davam etdirilməlidir.» İllər keçdikcə görülən işlərin miqyası, Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzu, ölkəmizin beynəlxalq tədbirlər üçün ideal məkan kimi qəbul olunması, ən əsası dünyanın inkişafın Azərbaycan modelindən bəhs etməsi bu vədin konkret əməli işdə təsdiqini tapdığını nümayiş etdirdi. Bu uğurlar cənab İlham Əliyevin 2008, 2013 və 2018-ci illər prezident seçkilərində qələbəsini şərtləndirdi. Cənab İlham Əliyev hər bir çıxışında xalqa arxalandığını bəyan etməklə, bu fikri bildirir ki, irəli sürülən təşəbbüslərin xalq tərəfindən dəstəklənməsi ona daha böyük güc verir, yeni-yeni hədəflərin müəyyənləşdirilməsində stimulverici amildir. Dövlətimizin başçısı İlham Əliyev neft siyasətinin məntiqi davamı kimi qeyri-neft sektorunun inkişafının vacibliyini irəli sürdü və bu istiqamətdə davamlı addımlar atdı. Regionların potensial imkanlarından səmərəli istifadə etmək məqsədilə təsdiqlənən dövlət proqramlarının uğurlu icrası qarşıya qoyulan məqsədlərə geniş yol açdı. İqtisadi tərəqqi güclü sosial siyasətlə tamamlandı. Azərbaycan özünü dünyaya sosial dövlət kimi təqdim etdi. Bütün bunlara yol açan sabitliyin, təhlükəsizliyin təminatı həmişə olduğu kimi, son 15 ildə də dövlət siyasətinin əsasında dayandı. Bu sabitliyin təminatçısı olan xalq-iqtidar birliyini sarsılmaz edən, təbii ki, insan amilinə verilən dəyərdir. Bütün reallıqların içərisində olan xalq hər addımda özünə diqqəti görür, ölkənin hərtərəfli inkişafından qürur hissi keçirir. İnsan amilinə verilən dəyərdən qaynaqlanan addımlardan biri də cənab Prezident İlham Əliyevin «neft kapitalını insan kapitalına çevirək» tezisinin real həyatda öz əksini tapmasıdır. Yenə də qeyd etdiyimiz kimi, iqtisadi uğurlarımıza yol açan ulu öndər Heydər Əliyevin müəllifi olduğu neft strategiyasıdır. Çoxlarına əfsanə kimi görünən BTC və BTƏ neft-qaz kəmərlərinin reallığa çevrilməsi ilə dünyaya pəncərə açıldı. Artıq bu gün «Cənub Qaz Dəhlizi», o cümlədən TAP, TANAP layihələrindən bəhs olunur. Cənab İlham Əliyevin qeyd etdiyi kimi, «Cənub Qaz Dəhlizi» görülən işlərin zirvəsidir. Enerji sektorunda davamlı uğurların əldə olunması, Azərbaycanın təşəbbüsçüsü və iştirakçısı olduğu layihələrin reallığa çevrilməsi dünyanın enerji təhlükəsizliyinin təminatında rolunun artmasına, çoxtərəfli əməkdaşlığa xidmət edən yeni-yeni layihələrin gündəmə gətirilməsinə stimul verir. Ötən ilin uğurları sırasında yer alan «Yeni əsrin müqaviləsi»nin imzalanması Azərbaycanın beynəlxalq aləmdə artan roluna, etibarlı tərəfdaş kimi möhkəmlənən mövqeyinə bir daha işıq saldı. İqtisadi uğurlarımız beynəlxalq maliyyə qurumlarının hesabatlarında da öz əksini tapır. Belə ki, Dünya Bankının hesabatlarında Azərbaycan ən islahatçı ölkə kimi yer tutur. Bildirilir ki, təkmil islahatlar müəyyənləşdirilən hədəflərin gerçəkləşdirilməsində əsasdır. Azərbaycanın idarəçilik sistemində həyata keçirdiyi təkmilləşmə təqdir olunur. Azərbaycanın demokratiya təcrübəsi nümunədir Möhtərəm Prezidentimiz İlham Əliyevin qeyd etdiyi kimi, demokratikləşmə sadəcə bir şüar, niyyət deyil, Azərbaycanın hərtərəfli inkişafının əsasıdır. Son 15 ildə həyata keçirilən demokratik islahatların uğurlu nəticələrini geniş şərh etməyə ehtiyac yoxdur. İnsan amilinə dəyər dövlət siyasətinin əsasıdır. Bunun təsdiqi kimi, son 15 ildə Konstitusiyamıza əlavə və dəyişikliklərin edilməsi məqsədilə iki dəfə - 2009 və 2016-cı illərdə ümumxalq səsverməsinin keçirildiyini qeyd edə bilərik. Eyni zamanda, dövlətimizin başçısı İlham Əliyevin müvafiq Sərəncamına əsasən iyunun 18-i ölkəmizdə İnsan Hüquqları Günü kimi qeyd olunur. İnsan hüquqlarının qorunmasına dair Milli Fəaliyyət Planının uğurlu icrası da qarşıya qoyulan məqsədlərə yüksək səviyyədə nail olmağa əsas verir. Cənab İlham Əliyev bir vacib məqamı hər zaman bəyan edir ki, hüquqi dövləti azad mətbuatsız təsəvvür etmək qeyri-mümkündür. Ölkə Prezidentinin Sərəncamı ilə KİV-in inkişafına dövlət dəstəyi Konsepsiyasının təsdiqlənməsi və uğurlu icrası, sənədə əsasən Azərbaycan Respublikasının Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılması və s. kimi addımlar mətbuatın inkişafına geniş yol açır. Dünyada analoqu olmayan bir mühüm addımı da xüsusi qeyd etməliyik ki, dövlətimizin başçısı İlham Əliyevin jurnalistlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı sərəncamları davamlı xarakter daşıyır. Artıq iki bina tikilib istifadəyə verilib və üçüncü binanın təməli qoyulub. Bütün bu addımlar ümumilikdə azad mətbuatın inkişafına, jurnalist peşəkarlığının artırılmasına xidmət edir. Atılan addımlar, eyni zamanda, dövlətimizin başçısı İlham Əliyevin üç dəfə «Jurnalistlərin dostu» mükafatına layiq görülməsini şərtləndirib. Demokratiyanın inkişaf göstəricilərindən biri kimi seçkilərin demokratik, azad və şəffaf keçirilməsi üçün atılan addımları da xüsusi qeyd etməliyik. Belə ki, Seçki Məcəlləsinə mütəmadi olaraq edilən əlavə və dəyişikliklər bu prosesin demokratikliyinə geniş yol açır. Cari ilin 11 aprel prezident seçkiləri Azərbaycanın demokratik inkişafında yeni mərhələnin başlanğıcı kimi dəyərləndirilir. Dövlətimizin başçısı cənab İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VI qurultayında söylədiyi «Ölkəmizdə, eyni zamanda, bütün azadlıqlar təmin edilir və edilməlidir, bu da bizim siyasətimizdir. Gələcək illərdə də demokratik inkişafla bağlı yeni addımlar atılacaqdır, siyasi islahatlar davam etdiriləcəkdir. Son illər ərzində bu istiqamətdə gözəl nəticələr əldə edilib və bu, daimi prosesdir. Biz çalışmalıyıq ki, dünyanın demokratik baxımdan ən inkişaf etmiş ölkələrinin standartlarına yaxınlaşaq və bunu edəcəyik. Bu gün də vəziyyət çox yaxşıdır, müsbətdir. Bütün azadlıqlar - söz, mətbuat, sərbəst toplaşma azadlığı tam təmin edilir və ediləcəkdir. Bu, bizim prinsipial siyasətimizdir. Mən tam əminəm ki, əgər biz Azərbaycanı inkişaf etmiş ölkəyə çevirmək istəyiriksə, - biz bunu istəyirik, - mütləq siyasi və iqtisadi islahatlar paralel xətlə davam etdirilməlidir» fikirləri ilə demokratik islahatların aydın ifadəsini yaradır. Ölkəmizdə vicdan azadlığı da tam təmin edilir. Azərbaycan çoxkonfessiyalı, çoxmillətli ölkədir. Müxtəlif dinlərin, mədəniyyətlərin qovuşuğunda yerləşən Azərbaycan dövlətlər, xalqlar arasında körpü roluna mütəmadi olaraq yeni əlavələr edir. Məhz bunun təsdiqidir ki, cənab İlham Əliyevin müvafiq sərəncamları ilə 2016-cı il ölkəmizdə «Multikulturalizm İli», 2017-ci il isə «İslam Həmrəyliyi İli» elan edilmişdir. Möhtərəm Prezidentimiz bu uğurlarımıza söykənərək Yeni Azərbaycan Partiyasının VI qurultayında bildirmişdir: «Bundan sonra da ölkəmizdə bütün xalqların, bütün dinlərin nümayəndələri bir ailə kimi yaşayacaq. Bu, bizim böyük sərvətimizdir. Bu, ölkəmizin uğurlu inkişafı üçün əsas şərtlərdən biridir, vətəndaş həmrəyliyi, vətəndaş sülhü üçün əsas şərtdir. Azərbaycanda heç vaxt milli və ya dini zəmində heç bir qarşıdurma, anlaşılmazlıq olmamışdır, bundan sonra da olmayacaq. Bu, dövlət siyasətidir və bu siyasət Azərbaycan xalqı tərəfindən tam şəkildə dəstəklənir. Azərbaycanda yaşayan bütün xalqların, bütün dinlərin nümayəndələri dəyərli vətəndaşlar kimi öz işi, əməyi ilə ümumi inkişafımıza böyük töhfələr verir.» Beynəlxalq hüquqa və ədalətə əsaslanan uğurlu siyasət «Bizim xarici siyasətimizlə bağlı apardığımız xətt özünü tam doğrultdu. Azərbaycan bu gün beynəlxalq birlik tərəfindən çox böyük rəğbətə layiq olan ölkə kimi tanınır. Bizim dostlarımızın sayı artır, bizi dəstəkləyən ölkələrin sayı artır. Təkcə bir misalı gətirmək kifayətdir ki, biz bunu sübut edək, o da 155 ölkənin bizim namizədliyimizi BMT Təhlükəsizlik Şurasına üzv kimi dəstəkləməsidir. Bu, beynəlxalq aləmin mütləq əksəriyyətidir. Bu dəstəyi biz öz siyasətimizlə qazanmışıq. O siyasət ki, beynəlxalq hüquqa və ədalətə əsaslanır. Bu iki vacib prinsip həmişə bizim üçün əsas olub. Biz bu prinsiplərə sadiqik. Bu prinsiplər bütövlükdə beynəlxalq münasibətlərin tənzimlənməsində də üstünlük təşkil etməlidir.» Ölkə Prezidenti cənab İlham Əliyev Azərbaycanın xarici siyasət sahəsində qazandığı uğurların yeganə problemimiz olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinə geniş yol açdığını bildirir. Münaqişənin həlli üçün möhkəm hüquqi baza mövcuddur. Beynəlxalq təşkilatların qərar və qətnamələrində Azərbaycanın ərazi bütövlüyü dəstəklənir və münaqişənin bu prinsiplər əsasında həllinin vacibliyi bildirilir. Beynəlxalq aləmdə möhkəmlənən rolumuz, eyni zamanda, iqtisadi imkanlarımızın artması fonunda ordu quruculuğunda əldə etdiyimiz uğurlar bu problemimizin də ədalətli həllini tapacağına böyük inam yaradır. Bu inamı şərtləndirən amillərdən biri kimi 2016-cı ilin aprel döyüşlərini xüsusi qeyd etməliyik. Azərbaycan Ordusu hansı gücə, qüdrətə malik olduğunu bir daha dünyaya nümayiş etdirdi. Cocuq Mərcanlıya qayıdış işğal altında olan bütün torpaqlarımıza Böyük qayıdışa inamı artırdı. Cənab İlham Əliyevin qeyd etdiyi kimi, üçrəngli bayrağımızın Şuşada, Xankəndidə dalğalanacağı gün uzaqda deyil. Heydər Əliyev Fondu Ulu Öndərin zəngin irsinin ən fəal təbliğatçısıdır Heydər Əliyev Fondu tariximizə müstəqil dövlətimizin qurucusu kimi daxil olmuş Ulu Öndərin xatirəsinə xalqımızın ehtiramını ifadə etmək arzusundan, onun zəngin mənəvi irsini əks etdirmək, azərbaycançılıq fəlsəfəsinin ölkəmiz üçün əhəmiyyətini vurğulamaq, milli dövlətçilik ideyalarını yeni nəsillərə aşılamaq zərurətindən irəli gələrək yaradılmışdır. 2004-cü ildən fəaliyyətə başlamış Heydər Əliyev Fondu təhsil, səhiyyə, mədəniyyət, idman, elm və texnologiya, ekologiya, sosial və digər sahələrdə müxtəlif layihələr həyata keçirərək yeni cəmiyyət quruculuğunda fəal iştirak edir, ölkənin sosial-iqtisadi inkişafına öz töhfəsini verir. Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın qeyd olunan istiqamətlərdə xidmətləri böyükdür. «Azərbaycanın taleyi Heydər Əliyevin taleyi ilə əbədi olaraq bağlandı» söyləyən Mehriban xanım Əliyeva bildirir ki, ulu öndər Heydər Əliyev qalibiyyətinin nəticəsi müstəqil Azərbaycan Respublikası və onun bugünkü reallıqlarıdır. Son 15 ildə Heydər Əliyev siyasi kursunun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi Azərbaycana bir-birindən önəmli uğurlar qazandırmaqla yanaşı, beynəlxalq birlik tərəfindən də etiraf olunan bu reallığın təsdiqidir ki, Azərbaycan dünyanın xoşbəxt ölkəsidir. Bu xoşbəxtliyi ölkəmizə bəxş edən Heydər Əliyev siyasətidir. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva uğurlu fəaliyyəti ilə günbəgün qüdrətlənən, möhkəmlənən Azərbaycanın yeni-yeni hədəflərə çatmasına davamlı töhfələr verir. Möhtərəm Prezidentimiz İlham Əliyevin, ölkənin birinci xanımı Mehriban Əliyevanın səyləri sayəsində Birinci Avropa Oyunlarının, IV İslam Həmrəyliyi Oyunlarının yüksək səviyyədə təşkili Azərbaycanın gücünün, qüdrətinin nümayişi oldu. Mehriban xanım Əliyevanın Birinci Avropa Oyunlarının açılış mərasimində söylədiyi bu fikirlər hər bir Azərbaycan vətəndaşında böyük qürur, fəxarət hissi yaratdı: «Bu möhtəşəm bayram müstəqil Azərbaycanın, hər bir Azərbaycan vətəndaşının qələbəsidir. Müstəqillik illərində əldə etdiyimiz uğurlar və nailiyyətlər nəticəsində bu gün burada, gözəl Bakıda Avropa Olimpiya hərəkatının tarixində yeni səhifə yazılır. Bu səhifəni biz yazırıq, Azərbaycan xalqı yazır.» Yeni Azərbaycan Partiyası - müstəqillik tariximizin bələdçisi Qeyd etdiyimiz kimi, Ulu Öndərin ən böyük xidmətlərindən biri Yeni Azərbaycan Partiyasının yaradılmasıdır. 1992-ci il noyabrın 21-də təsis konfransı 550 nümayəndənin iştirakı ilə keçirilən YAP-ın sıralarında bu gün 700 mindən artıq üzvün birləşməsi Heydər Əliyev siyasətinə dəstəyin ifadəsidir. Yeni Azərbaycan Partiyasının əsas məqsədi, məramı Heydər Əliyev ideyalarını yaşatmaq, bu ideyalar əsasında Azərbaycanın inkişafının davamlılığını təmin etməkdir. Fəaliyyətə başladığı dövrdən bu günə qədər YAP tutduğu yola sadiq olmuş, daim Azərbaycanın daha da qüdrətlənməsinə, çiçəklənməsinə, əhalinin sosial rifah halının yaxşılaşmasına səy göstərmişdir. Söz və əməl birliyi YAP-ın cəmiyyətdə nüfuzunun artmasında stimulverici amildir. Partiyaya milyonların sevgisi, dəstəyi şəksizdir. 11 aprel prezident seçkiləri bunu bir daha təsdiqlədi. 2003-cü ildə qələbəsi ilə Heydər Əliyev siyasətinin uğurla davamına yol açan Prezident İlham Əliyev son 15 ildə gördüyü işlərə söykənərək 2008, 2013 və 2018-ci il prezident seçkilərində bir daha qələbə qazanmaqla Azərbaycanın davamlı inkişafını təmin edir. Möhtərəm Prezidentimiz İlham Əliyevin qeyd etdiyi kimi, Yeni Azərbaycan Partiyasının əsas ideoloji dayaqları müstəqillikdir, azərbaycançılıqdır, müasirlikdir, inkişafdır, sosial rifahdır, iqtisadi və siyasi islahatlardır. Keçirilən hər bir seçki prosesində hədəfini seçdiyi şüarla ifadə edən Yeni Azərbaycan Partiyası Azərbaycanın müstəqililk tarixinin bələdçisidir. Möhtərəm Prezidentimiz partiyanın yaranmasının 25 illiyi münasibətilə keçirilən tədbirdə «Bizim əldə edilmiş bütün uğurlarımızda Yeni Azərbaycan Partiyasının, onun üzvlərinin böyük əməyi, zəhməti, rolu var» söyləyərək bildirmişdir ki, bu gün partiyamız ölkəmizin aparıcı siyasi qüvvəsi kimi bu böyük məsuliyyəti hiss edir, onu öz üzərinə götürür. Partiyamızın üzvləri müxtəlif sahələrdə ölkəmizin ümumi inkişafına çox böyük töhfələr verirlər. Bu gün Yeni Azərbaycan Partiyası dünya miqyasında çox böyük və güclü partiyadır. «Biz gələcəyə baxmalıyıq və baxırıq» Uğurlar yeni-yeni hədəflərə yol açır. Dövlətimizin başçısı cənab İlham Əliyev ayrı-ayrı sahələrdə əldə olunan uğurlardan bəhs edərkən bildirir: «Ancaq biz əldə edilmiş nailiyyətlərlə kifayətlənməməliyik. Biz gələcəyə baxmalıyıq və baxırıq. Növbəti illərdə görüləcək işlər haqqında bizim çox aydın təsəvvürümüz, planlarımız, proqramlarımız var. Biz qeyd etdiyim sahələr üzrə səylərimizi davam etdirəcəyik, Azərbaycanı daha da qüdrətli ölkəyə çevirəcəyik. Hər bir sahə üzrə bizim konkret proqramlarımız, planlarımız var. Həm beynəlxalq məsələlərlə, həm bölgələrimizin möhkəmləndirilməsi, siyasi-iqtisadi islahatların dərinləşməsi, sosial siyasət, ordu quruculuğu ilə bağlı bizim konkret proqramlarımız var. Güclü siyasi iradə, böyük maliyyə resurslarımız var. Biz bu maliyyə resurslarını öz əlimizlə yaratmışıq və biz indi öz hesabımıza yaşayırıq. Xalq-iqtidar birliyi var. Ona görə mən əminəm ki, bütün Azərbaycan xalqı və biz hamımız gələcəyə çox böyük nikbinliklə baxırıq. Hamımızın amalı ondan ibarətdir ki, ölkəmiz daha da güclənsin, daha da qüdrətli dövlətə çevrilsin, Azərbaycan vətəndaşları daha da yaxşı yaşasınlar.» Konkret dövlət proqramlarının uğurlu icrası qarşıya qoyulan məqsədləri təmin edir, Azərbaycana beynəlxalq baxışı daha da yüksəldir, inkişaf etmiş ölkələr sırasında addımlamaq istəyimizi reallığa çevirir. «Azərbaycan 2020: gələcəyə baxış» İnkişaf Konsepsiyası, həmçinin strateji yol xəritələri hədəflərimizə işıq salan və eyni zamanda, icrasına yol açan çevik mexanizmlərdir. Bir sözlə, müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin dövlətimiz, xalqımız qarşısında xidmətlərinin miqyası o qədər genişdir ki, onları bir yazıda əhatə etmək mümkün deyil. Reallıq budur ki, bugünkü Azərbaycan ulu öndər Heydər Əliyevin görmək istədiyi Azərbaycandır. O, inkişaf, tərəqqi yolunda inamla irəliləyir. Möhtərəm Prezidentimizin müvafiq Sərəncamı ilə 2018-ci ilin ölkəmizdə «Azərbaycan Xalq Cümhuriyyəti İli» elan edilməsi də dövlətçilik, müstəqillik ənənələrimizə töhfə kimi dəyərləndirilməklə yanaşı, müstəqillik tariximizin ayrı-ayrı mərhələlərinə daha aydın işıq salmağa yardımçıdır. YAP Siyasi Şurasının üzvü, "İki sahil" qəzetinin baş redaktoru, Əməkdar jurnalist Vüqar Rəhimzadə Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin