Nazirlik: Bu ilin 4 ayı ərzində 58,3 mindən çox müraciət cavablandırılıb


Digərləri 07 May 2018 12:02:00 283 0

Nazirlik: Bu ilin 4 ayı ərzində 58,3 mindən çox müraciət cavablandırılıb

Son bir ayda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 142 “Çağrı mərkəzi” tərəfindən 14,6 mindən çox müraciət cavablandırılıb.

Bakı. Bu ilin aprel ayında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 142 “Çağrı mərkəzi”nə 14622 müraciət daxil olub. Müraciətlərin 96,8 faizi bu və ya digər sosial təminat növünə hüququn müəyyən olunması, əmək hüquqları, sosial sığorta münasibətləri, tibbi-sosial ekspertiza və reabilitasiya, nazirliyin elektron xidmətlərindən istifadə, aktiv məşğulluq tədbirlərinə, o cümlədən özünüməşğulluq proqramına cəlb olunma və s. kimi aidiyyəti məsələlərlə bağlı sorğu xarakteri daşıyıb. Həmin müraciətlərə cavab olaraq, vətəndaşlara onları maraqlandıran məsələlərə dair qanunvericiliyin müvafiq maddələri əsasında izahatlar verilib. Digər müraciətlər isə məzmununa uyğun şəkildə nazirliyin aidiyyəti struktur bölmələrində araşdırılıb və nəticəsinə uyğun tədbirlər görülüb. Vətəndaşların müvafiq məsələlərə dair müraciətlərinə cavab olaraq onların məlumatlandırılması məqsədilə aprel ayı ərzində 59881 SMS göndərilib.