“Şahmatçılarımızın öz aralarında heç-heçə etməsi turnirin nüfuzuna zərbədir”


İdman 07 May 2018 11:43:00 256 0

“Şahmatçılarımızın öz aralarında heç-heçə etməsi turnirin nüfuzuna zərbədir”

Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti, “ShamkirChess 2018” superturnirinin direktoru Mahir Məmmədov yarışın rəsmi saytına müsahibə verib. 

Goal.az həmin müsahibəni təqdim edir:

 

- Vüqar Həşimovun xatirəsinə həsr olunan “ShamkirChess 2018” superturniri başa çatdı. Ardıcıl 5-ci dəfə təşkil edilən yarışla bağlı fikirlərinizi bilmək istərdik...

- Bu il Vüqar Həşimovun xatirəsinə həsr olunan “ShamkirChess 2018” turnirinin təşkili dövlət tərəfindən SOCAR-a həvalə edildi. Bu bizim üçün böyük məsuliyyət idi. Bildiyiniz kimi, Dövlət Neft Şirkəti ölkədə iki böyük federasiyaya sponsorluq edir - futbol və cüdo. SOCAR Bakıda keçirilən Ümumdünya Şahmat Olimpiadasının keçirilməsində də iştirak edib, eyni zamanda bu il baş tutacaq Batumidəki olimpiadaya dəstək olur. Dövlət Neft Şirkəti hər zaman şahmatın inkişafına kömək olub. Digər tərəfdən “ShamkirChess 2018” superturnirinin əsas təşkilatçılığını etmək heç də çətin deyildi. İlk olaraq yarışın ardıcıl dörd dəfə keçirildiyini qeyd etməliyik. Bu, beşinci yubiley turniri idi. “Synergy Group” 4 il ərzində bu yarışın təşkilində böyük işlər görüb. Həm də Şəmkir yarışı Dünya Kuboku və Ümumdünya Şahmat Olimpiadası kimi kütləvi turnirlərlə müqayisə oluna bilməz. Vüqar Həşimov Memorialında cəmi 10 iştirakçı 9 tur ərzində mübarizə aparır. Təşkilat Komitəsi olaraq turnirin Azərbaycanın idman nüfuzuna uyğun yüksək standartlara layiqli səviyyədə keçirilməsi üçün bütün işləri həyata keçirdik. Sevindirici haldı ki, qonaqlar, rəsmi şəxslər, şahmatçılar təşkilatçılıqdan razı qaldı. Mütəmadi olaraq superturnirlərdə iştirak edən dünya çempionu Maqnus Karlsen də Şəmkir turnirinin təşkilatçılığını xüsusi qeyd etdi.