Azərbaycanda torpaq idarəçiliyində gənc alimlərin tədqiqatlarından istifadə olunacaq


Digərləri 07 May 2018 11:19:22 235 0

Azərbaycanda torpaq idarəçiliyində gənc alimlərin tədqiqatlarından istifadə olunacaq

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən bundan sonra torpaq idarəçiliyində Azərbaycan Milli Elmlər Akademiyasının gənc alimlərinin tədqiqatları istifadə olunacaq.

Bakı. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü ilə bağlı bu gün Əmlak Məsələləri Dövlət Komitəsi və Azərbaycan Milli Elmlər Akademiyasının birgə təşkilatçılığı ilə “Bazar iqtisadiyyatı şəraitində torpaq idarəçiliyi: nailiyyətlər və müasir çağırışlar” mövzusunda elmi-praktiki konfrans keçirilib. Komitədən Trend-ə verilən məlumata görə, tədbirdə Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti akademik Akif Əlizadə, Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov, Milli Məclisin Aqrar Siyasət Komitəsinin sədri Eldar İbrahimov, eləcə də akademiklər, akademiyanın elmi-tədqiqat institutlarında, universitetlərin müvafiq kafedralarında çalışan alimlər, media nümayəndələri iştirak ediblər. Tədbirin keçirilməsində məqsəd Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin rəhbərliyi ilə reallaşdırılan torpaq islahatları, bazar iqtisadiyyatı şəraitində ölkəmizdə torpaq idarəçiliyinin elmi-praktiki əsaslarının tədqiq edilməsi, ölkənin kadastr uçot sisteminin modernləşdirilməsi, bu istiqamətdə təkliflərin hazırlanması barəsində müzakirələr aparmaqdır. Bundan başqa, torpaq inzibatçılığı sahəsində həyata keçirilən işlərin daha da təkmilləşdirilməsi yönündə elm adamları ilə birgə fikir mübadiləsinin aparılması, torpaq idarəçiliyində elmi yanaşmaların praktiki fəaliyyətdə tətbiq edilməsinin rasional həll istiqamətlərinin axtarılması da konfransın əsas vəzifələrindən olub. Tədbiri giriş sözü ilə açan AMEA-nın prezidenti, akademik Akif Əlizadə konfransın aktuallığından danışıb, müasir şəraitdə torpaq idarəçiliyinin elmi əsaslarla təşkilinin vacibliyini vurğulayıb. Eyni zamanda, bildirib ki, ulu öndər Heydər Əliyevin əsasını qoyduğu torpaq islahatlarının ən mühüm xüsusiyyəti onun ciddi elmi bazaya əsaslanması və bu sahədə ən son elmi nailiyyətlərin, yeniliklərin geniş tətbiqidir. Daha sonra çıxış edən Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov isə qeyd edib ki, ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə digər sahələrdə olduğu kimi daşınmaz əmlak, o cümlədən torpaq idarəçiliyində də uğurlu islahatlar həyata keçirilib. Ümummilli Liderimiz Heydər Əliyevin rəhbərliyi altında torpaqların səmərəli istifadəsinə nəzarətin mükəmməl mexanizmləri formalaşdı, torpaq sahələrinin səmərəli idarə edilməsi ilə bağlı sistemləşdirilmiş məlumat bankının yaradılması istiqamətində işlər görüldü. Bu gün Prezident İlham Əliyevin liderliyi ilə torpaq münasibətlərinin tənzimlənməsi sahəsində həyata keçirilən siyasət də Heydər Əliyev torpaq siyasətinin məntiqi davamıdır. Komitə sədri bildirib ki, hazırda ölkəmizdə elmi əsaslardan istifadə olunmaqla bütün sahələrdə yüksək nailiyyətlər əldə edilir. Əmlak Məsələləri Dövlət Komitəsi də torpaq ehtiyatlarının idarə edilməsində, onların mühafizəsində, kəmiyyət və keyfiyyət göstəricilərinin artırılmasında elmi əsaslara istinad edir, kadastr uçot işlərinin aparılmasının gedişində elmi texniki tərəqqinin nailiyyətlərinə olduqca geniş yer ayırır. Bu sahədə aparılan işlərin texnoloji cəhətdən modernləşdirilməsinə xüsusi önəm verir. Komitə sədri ölkədə ilk dəfə Torpaqların Elektron kadastr Uçotu Sistemi və torpaqların səmərəli istifadəsində Peyk Nəzarət Sisteminin qurulması barədə məlumat verib.