Namaz qılanın pis sözlər işlətməsi düzgündür?


Digərləri 06 May 2018 23:55:00 310 0

Namaz qılanın pis sözlər işlətməsi düzgündür?

İslam dini bütövlükdə əxlaq dinidir. İslam dininin gəlişi məhz insanları yüksək əxlaqa çatdırmaq məqsədini güdür. Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Mən ən yüksək əxlaqı tamamlamaq üçün göndərildim". (İmam Malik "Muvatta", "Husnul-Xulq, 8; İmam Əhməd, 2/381).

Son.az zikr.az-a istinadən bildirir ki, Peyğəmbər yüksək əxlaqa sahib olmuşdur. Uca Allah buyurur: "Həqiqətən də, sən böyük əxlaq sahibisən!" (əl-Qaləm, 4).

Peyğəmbərimizin əxlaqının necə olduğunu gösətərən bir hədisdə Aişədən belə rəvayət edilmişdir: "Bir nəfər soruşdu: "Ey möminlərin anası (Aişə)! Bizə Allahın Elçisinin əxlaqından danışarsanmı?" Aişə buna cavab olaraq belə dedi: "Sən heç Quran oxumursan?" Həmin adam: "Əlbəttə ki, oxuyuram!", - deyə, cavab verdi. Aişə bunun üstündən: "Onun əxlaqı Quran (əxlaqı) idi", - dedi". (Muslim "Salatul-Musafirin", 139, №: 746).

Uca Allah bütün müsəlmanlara Peyğəmbərdən nümunə götürməyi buyurmuşdur. Amr ibn Şuayb atasından, o da atasından Peyğəmbərin belə dediyini eşitmişdir: "Sizdən mənə ən sevimli olan və Qiyamət günü mənim lap yaxınlığımda oturan kimsə barədə sizə xəbər verimmi?" Camaat susdu. O bunu iki və ya üc dəfə təkrar etdi. Camaat dedi: "Bəli, ey Allahın Elcisi!" O dedi: "Əxlaqı ən gözəl olanınız (buna nail olar)!" (əl-Buxari "Ədəbul-Mufrad", 272; Əbu Davud "Səhih Sunən" kitabı).

Allah Elçisi demişdir: "İslamda sizin ən xeyirliniz dini başa düşən və əxlaqı ən gözəl olanınızdır". (Əbu Davud "Səhih Sunən" kitabı).

Əbu Hureyrə rəvayət edir ki, Allah Rəsulu bu­yur­muş­dur: "İmanı ən kamil olan möminlər əxlaqı gözəl olanlardır. Sizin ən xeyir­liləriniz isə qadınlarına qarşı əxlaqlı olanlardır". (Əbu Davud "Səhih Sunən" kitabı).

Əbu Dərda rəvayət edir ki, Peyğəmbər buyurdu: "Kimə mülayimlikdən bir pay verilmişsə, ona xeyirdən bir pay  verilmişdir. Kim də mülayimlikdən olan payından məhrum olmuşsa, xeyirdən olan payından məhrum olmuşdur. Qiyamət günü möminin tərəzisində ən ağır gələn şey gözəl əxlaq olacaq. Həqiqətən, Allah kobud, təhqiramiz sözlər danışan adama nifrət edir". (əl-Buxari "Ədəbul-Mufrad", 270, 464).

Əbu Bəkrə rəvayət edir ki, Peyğəmbər demişdir: "Həya imandandır, iman isə Cənnətdədir. Arsızlıq kobudluqdur, kobudluq isə Cəhənnəmdədir". (əl-Buxari "Ədəbul-Mufrad", 1314).

Ənəs ibn Malik rəvayət edir ki, Peyğəmbər buyurdu: "Həya olduğu hər bir şeyi gözəlləşdirər. Ədəbsizlik də olduğu hər bir şeyi alçaldar". (əl-Buxari "Ədəbul-Mufrad", 601).

Əbu Hureyrə nəql edir ki, Allah Elçisindən soruşdular: "Cənnətə girməyə daha çox səbəb olan nədir?" O, buyur­du: "Allah qorxusu və gözəl əxlaq!" Yenə soruşdular: "Bəs Cəhənnəm odu­na girməyə daha çox səbəb olan nədir?" O, buyurdu: "İki boşluq; cinsiyyət üzvü və ağız!" (əl-Buxari "Ədəbul-Mufrad", 294; İbn Məcəh, 4246; "Silsilətus-Sahihə", 977).

Rəsulallah buyurdu: "...Əxlaqını gözəlləşdirən kimsəyə Cənnətin ən yüksək mərtəbəsində bir ev cavabdehəm". (Əbu Davud, 4800).

Əbu Hureyrə rəvayət edir ki, Peyğəmbər demişdir: "Ümmətimin ən pisləri boşboğazlar, çoxdanışanlar, lovğalardır. Ümmətimin ən xeyirliləri isə əxlaqları ən gözəl olanlardır". (əl-Buxari "Ədəbul-Mufrad", 1308).

İbn Məsud rəvayət edir ki, Peyğəmbər buyurdu: "Cəhənnəm odunun kimə haram olduğunu sizə xəbər verimmi?" Dedilər: "Bəli, ey Allahın Elcisi!" O buyurdu: "Hər mülayim, lütfkar və üzüyola (möminə)". (İbn Hibban, 470).