Cənnətlə müjdələnmiş səhabələr


Digərləri 06 May 2018 21:25:00 226 0

Cənnətlə müjdələnmiş səhabələr

Səhabə Peyğəmbəri - ona və ailəsinə Allahın salavatı və salamı olsun - görüb İslamı qəbul edən və müsəlman olduğu halda ölən kəsə deyilir. Səhabələr - Allah onlardan razı olsun - Peyğəmbərdən sonra ən xeyirli insanlardır. Onları dost tutmaq, onları sevmək, onlardan razı qalmaq hər bir müsəlmana vacibdir. Onları sevmək dindar və mömin olmağın, habelə mərhəmətli Allaha yaxınlaşmağın əlamətidir.  Onlar bu dini qısa bir vaxt ərzində yer üzünün hər tərəfinə yaymış, Allah onların əli ilə bir çox diyarları fəth etmiş, beləliklə də, insanlar dəstə-dəstə bu dinə daxil olmuşlar. Uca Allah səhabələri tərifləmiş və onlara Cənnəti vəd etmişdir. O buyurur: "Dində hamını ötüb keçən ilk mühacirlərə və ənsarlara, həmçinin yaxşı işlər görməkdə onların ardınca gedənlərə gəlincə, Allah onlardan razıdır, onlar da Ondan razıdırlar. Allah onlar üçün ağacları altından çaylar axan, içində əbədi qalacaqları Cənnət bağları hazırlamışdır. Bu, böyük uğurdur" (ət-Tovbə, 100). Peyğəm­bərimiz bir çox səhabəni hələ sağlığında ikən Cənnətlə müjdələmişdir. O demişdir: "Əbu Bəkr cənnətlikdir; Ömər cənnətlikdir; Osman cənnət­likdir; Əli cənnət­lik­dir; Talhə cənnətlikdir; Zu­beyr cənnətlikdir; Ab­dur­rəhman ibn Auf cənnətlikdir; Sə'd ibn Əbi Vəqqas cənnətlikdir; Səid ibn Zeyd cənnətlikdir; Əbu Ubey­də ibnul-Cərrah cənnətlikdir". (ət-Tirmizi, 5/647-648; "Səhihul-Cami", 50).

Son.az zikr.az-a istinadən bildirir ki, Peyğəm­bər demişdir: "Əbu Bəkr və Ömər əvvəl­ki və sonrakı Cənnət əhli­nin yaşlıları arasında ən hör­mətli olacaqlar. Yalnız peyğəmbərlər və elçilər istis­nadır". (ət-Tirmizi, 5/610; İbn Macə, 1/36; "Silsilətul-Əhadisis-Səhi­hə", 12/487).

Peyğəm­bər demişdir: "Hər kəs Allah üçün yax­şı iş görsə, Cənnət qapılarına dəvət olunar; namaz qılan­lar namaz qapısından, cihad edənlər cihad qapısından, sə­dəqə verənlər sədəqə qapısından, oruc tutanlar Rəyyan adlı oruc qapısından Cənnətə dəvət olunar­lar". Bunu eşi­dən Əbu Bəkr dedi: "Ey Allahın Elçisi! O qapı­la­rın hamısından dəvət olunan olacaq­mı?" Rəsulullah demişdir: dedi: "Bəli olacaq! Ey Əbu Bəkr, mən is­təyirəm ki, sən onlardan olasan". (əl-Buxari, 7/23).

Rəvayət edilir ki, Peyğəm­bər: "Kim Rumə quyusunu alsa, onun üçün Cənnət vardır!" - dedi və Osman bu quyu­nu aldı; "Kim Usra ordusunu təchiz etsə, onun üçün Cən­nət vardır!" - dedi və Osman bu ordunu təc­hiz etdi". (əl-Buxari, 3/1021).

Əbu Musa Əşari rəvayət edir ki, "Bir dəfə Əbu Bəkr Peyğəmbərin yanına daxil olmaq üçün izn istədi. Mən bunu Peyğəmbərə bildirdikdə o dedi: "İzn ver gəlsin və onu Cənnətlə müjdələ". Sonra Ömər ibn Xattab Peyğəmbərin yanına daxil olmaq üçün izn istədi. Mən bunu Peyğəmbərə bildirdikdə o dedi: "İzn ver gəlsin və onu Cənnətlə müjdələ". Sonra da Osman ibn Affan Peyğəmbə­rin yanına daxil olmaq üçün izn istədi. Mən bunu Peyğəmbərə bildirdikdə o dedi: "İzn ver gəlsin və onu Cənnətlə müjdələ". (əl-Buxari, 7/25).

Rəvayət edilir ki, bir dəfə Peyğəmbər, Əbu Bəkr, Ömər ibn Xattab və Osman ibn Affan Uhud dağı­na qalxdılar. Bu vaxt dağ silkələndi. Peyğəmbər ona dedi: "Ey Uhud! Sakit ol! Sənin üzərində pey­ğəmbər, siddiq və iki şəhid var". (əl-Buxari, 7/66).

Peyğəm­bər demişdir: "Cənnət üç nəfər üçün darı­xır: "Əli ibn Əbi Talib, Ammar ibn Yasir və Salman əl-Farisi". (Müstədrək, 3/148; "Səhihul-Cami", 1/331).

Peyğəm­bər demişdir: "Həsən və Hüseyn Cənnət­dəki cavanlar arasında ən hörmətli olacaqlar. Fatimə də qadınlar arasında ən xeyirli olacaq". (əl-Hakim, 3/167; "Silsilətul-Əhadisis-Səhi­hə", 796; "Səhihul-Cami", 47).

Peyğəm­bər dedi: "Dünən axşam Cənnətə daxil oldum. Baxdım ki, Cəfər mələklərlə birgə uçur, Həmzə isə çarpayının üs­tündə dirsəklənib". (Təbərani, 2/107; əl-Hakim, 3/217; "Səhihul-Cami", 3363).

Peyğəm­bər dedi: "Cəfər ibn Əbi Talibin iki qa­nad­la mələk kimi Cən­nətdə uçduğunu gördüm". (ət-Tirmizi, 2/305; "Silsilətul-Əhadisis-Səhi­hə", 1226).