Bir ananın hekayəsi: “Sosialist Əməyi Qəhrəmanı”,


Digərləri 05 May 2018 23:21:00 301 0

Bir ananın hekayəsi: “Sosialist Əməyi Qəhrəmanı”,

"Gecənin birində su anbarı partlasa, biz yenidən daha dəhşətli bir faciə yaşamış olarıq"

Həm əmək qəhrəmanı, həm də qəhrəman ana olan Şərqiyyə Vəliyeva zəhməti hesabına ucalan insanlardandır. Həmişə əməyinə, qabarlı əllərinə güvənib. Güvəndikləri də ona şan-şöhrət qazandırıb, çoxlarının sevimlisinə çevirib. Zəhməti hesabına zamanının ən yüksək mükafatlarına layiq görülüb. Yaxasını saysız-hesabsız medallar bəzəyib.

"Sosialist əməyi qəhrəmanı", "Qəhrəman ana" medalları, iki "Lenin ordeni" və daha neçə-neçə döş nişanları qəhrəmanın həyat yolunun danışmayan şahidləridir desək, yanılmarıq. Bu şahidlər danışmasalar da, hər biri ayrılıqda Şərqiyyə Vəliyeva haqqında düzgün, etibarlı informasiya vermək iqtidarındadır.

Son.az Sputnik Azərbaycan-a istinadən bildirir ki,  Şərqiyyə Vəliyeva özü haqqında bunları deyir: "Atam Dərələyəz mahalından olub. O vaxt ermənilər qırğınlar edəndə Naxçıvanın Noraşen (indiki Şərur - red.) rayonuna köçüblər. Əmilərim, dayılarım orda qalıb. Bircə atam Əkbər kişi Laçına gəlib, ailə qurub, orda məskunlaşıb".

Söhbət əsnasında öyrənirik ki, Şərqiyyə nənə 1936-cı ildə anadan olub. Ailədə dörd bacı, bir qardaş olublar. Dörd yaşı olanda atası SSRİ-Almaniya müharibəsinə aparılıb və orada həlak olub.

Şərqiyyə xanım o illərin çətinliklərinə fədakarlıqla sinə gərmək üçün əmək fəaliyyətinə başlayıb: "Anam fermada sağıcı işləyirdi. Maldarlığa böyük həvəsim olduğuna görə məktəbdə oxuya-oxuya anama kömək edirdim. 7-ci sinfi qurtarandan bir müddət sonra öz adıma 10 baş heyvan götürdüm. Qulluq elədim, sağdım. 1966-cı ildə il ərzində hər inəkdən 4700 litr süd sağdığıma görə Sosialist Əməyi Qəhrəmanı adına layiq görüldüm. Laçından ermənilər bizi didərgin salana qədər maldarlıqla məşğul olmuşam".

Şərqiyyə nənə deyir ki, maldarlıq təsərrüfatında işləmək elə də asan olmayıb. Bu sahənin çətinlikləri çox olub: "Gün ərzində səhər tezdən yuxudan oyanıb, saat 6-da sağına başlayırdıq. Günorta saat 2-də sağını davam etdirirdik. Üçüncü növbə - axşam sağınını isə saat 6-da tamamlayırdıq. Üç növbə ərzində 6 nəfər sağıcı 1500 litr süd sağıb, təhvil verirdik. Bu da hər adam üçün əl ilə gün ərzində 250 litr süd sağmaq deməkdi".

Heyvandarlığın sirlərinə yaxşı bələd olan Şərqiyyə Vəliyeva bildirir ki, heyvanın yaxşı süd verməsi, balalaması üçün gündə bir kilometr yol gedib-gəlməsi lazımdır: "İndiki heyvandarlar inəyi başından bağlayırlar deyə məhsulu az verir".

Azərbaycan SSR Ali Sovetinin 7-8-ci çağırışlarına deputat seçilən Şərqiyyə Vəliyeva bu sahədə də ona göstərilən etimadı doğruldub. O illəri xatırlayan keçmiş deputat bir xatirəsini də danışır: "Deputat olanda seçicilərim məndən xahiş elədilər ki, Heydər Əliyevi bizim adımızdan Laçına dəvət elə. Bu xahişi Heydər Əliyevə çatdırdım. O da məmnunluğunu bildirdi. Laçına gələcəyinə söz verdi. O vaxt Heydər Əliyev Şuşaya gəldi. Ancaq pis hava şəraiti olduğuna görə Laçına gələ bilmədi".

Qəhrəman qadın deputatlığı dönəmində xəstəxanalar, məktəblər, klublar tikilməsi üçün təşəbbüslər göstərib, qaldırdığı məsələlərin də müsbət həllinə nail olub.

Şərqiyyə Vəliyevanın 11 uşağı olub. Buna görə də 1973-cü ildə daha bir yüksək dövlət mükafatına - "Qəhrəman ana" qızıl medalına layiq görülüb. Qəhrəman ananın indi 18 nəvəsi, 22 nəticəsi var.


Xəbərə aid fotolar