Baş beyin şişi nədir?


Digərləri 05 May 2018 22:50:00 379 0

Baş beyin şişi nədir?

Baş beyin şişləri, kəllə daxilində bəzi qrup  hüceyrələrin kontrolsuz və anormal şəkildə böyüməsi və çoxalması nəticəsində əmələ gələn yenitörəmələrdir. İnsan orqanizmində rast gəlinən şişlərin təxminən 2%-ni baş beyin şişləri təşkil edir.

Baş beyin şişlərinin növləri: Son.az hekimtap.az-a istinadən bildirir ki, baş beyin şişlərinin 150-dən artıq növü mövcud olub 2 əsas qrupa ayrılırlar:

1. Birincili baş beyin şişləri 2. İkincili baş beyin şişləri

Bilavasitə beyin və ya beyini əhatə edən toxumalardan əmələ gələn şişlər birincili baş beyin şişləri adlanır. Birincili şişlər öz növbəsində qliyal (beyin hüceyrələrindən əmələ gələn) və qliyal olmayan (beyin ətrafı toxuma hüceyrələrindən əmələ gələn) şişlər olaraq 2 yerə bölünür. Bundan başqa, beyin şişləri inkişaf xüsusiyyətlərinə görə xoş xassəli və bəd xassəli olur.

İkinicili (Metastatik) beyin şişləri - başqa orqanlarda (süd vəzi, ağciyər, mədə və s.)  mövcud olan şişlərin qan vasitəsilə beyinə yayılmasından əmələ gəlir. Metastatik şişlər xərçəng hesab olunur və bəd xassəlidirlər.

Xərçəng xəstəliyindən əziyyət çəkən xəstələrin təxminən 25%-də beyində metastaz aşkarlanır. Ağciyər xərçəngi olan xəstələrdə isə bu rəqəm daha yüksəkdir və bu xəstələrin təxminən 40%-də beyinə metastaz olur. Əvvəllər beyin metastazı olan xəstələrin həyat göstəriciləri çox aşağı idi və bu insanlar cəmi bir neçə həftə yaşayırdılar. Son zamanlar inkişaf etmiş diaqnostik vasitələrin və innovativ cərrahiyyə metodlarının tədbiqi ilə bu xəstələrin həm yaşam müddəti illərlə uzadılmış, həm də həyat keyfiyyətləri yaxşılaşdırılmışdır.

Xoşxassəli baş beyin şişlərinin növləri: Meningioma - ən sıx rast gəlinən xoşxassəli şişdir. Bütün beyin şişlərinin 10-15%-ni təşkil edirlər. Meningiomaların nadir də olsa çox az bir qismi  bədxassəlidir.  Bu şişlər beyin və onurğa beyini əhatə edən zardan (qişadan) əmələ gəlirlər.

Hipofiz adenoması - beyin şişləri arasında rastgəlmə tezliyinə görə 4-cü yerdədir. Xoşxassəli şişlərdir və adətən çox yavaş böyüyürlər. Nadirən  bədxassəli formaları olsa da, onlar da özünü xoşxassəli şişlər kimi aparır. Adenomalar hipofiz vəzindən əmələ gəlirlər və adətən 30-40 yaş arası insanlarda görülurlər.

Şvannoma - insanlarda sıx görülən xoşxassəli şişlərdəndir. Sinirlərin ətrafında olan Şvann hüceyrələrindən əmələ gəlirlər. Sinirlərə sirayət etmədən onları sıxışdıraraq klinik əlamət verir. Daha çox eşitmə sinirindən əmələ gəldiyinə görə qulaqlarda küy və eşitmə azlığı kimi şikayətlərə səbəb olur. Xoşxassəli olsalar da, həddindən artıq böyüdüklərində beyin sapını sıxışdıraraq ölümə səbəb ola bilər. Beyin və onurğa beyin sinirləndən əmələ gəldiyi kimi, nadir də olsa  əl və ayaq sinirlərindən də əmələ gələ bilər.

Xordoma - xoşxassəli, yavaş böyüyən şiş olub, daha çox 50-60 yaşlı insanlarda görülür. Ən sıx görüldüyü  yerlər, kəllə əsasındakı sümüklər və onurğa sütunun oma hissəsidir. Xoşxassəli şiş olmasına baxmayaraq, xordomalar ətraf toxumalara sirayət edərək sinir toxumasını zədələyə bilir. Bu şişlər nadir olub, birincili beyin şişlərinin 0,2%-ni təşkil edirlər.

Kraniofaringioma - xoşxassəli beyin şişi olsa da, yerləşdiyi yer beyinin dərinində və görmə siniri ilə yuxu arteriyası arasında olduğu üçün mürəkkəb şiş hesab olunur. Adətən hipofiz vəzisinin (bədənimizdə hormonal tarazlığı kontrol edən vəz) ətrafından əmələ gəldiyinə görə, xəstələrdə hormonal yetməzliyə səbəb olur.

Qanqliositoma, qanqlioma və  anaplastik qanqlioma - sinir hüceyrələrindən əmələ gələn nadir törəmələrdir və daha çox gənc yaşlarda görülür.

Bədxassəli baş-beyin şişlərinin növləri: Qliomalar insanda ən çox rast gəlinən beyin şişi növü olub, bədxassəli şişlərin 78%-ni təşkil edirlər. Bu şişlər, beyində dəstək hüceyrələr hesab olunan qlia hüceyrələrindən əmələ gəlirlər. 3 cür qlial hüceyrə tipi mövcuddur: astrositlər, ependim hüceyrələri və oliqodendrositlər. Qlial şişlər (qliomalar)  aşağıdakılardır:

Astrositomalar - ən geniş yayılmış qlioma növü olub, birincili beyin və onurğa beyin şişlərinin təxminən yarısını təşkil edirlər. Astrositomalar beyinin dəstək hüceyrələrindən olan, ulduz şəkilli astrositlərdən əmələ gəlir. Astrositomalar hər yaşda və beyinin hər yerində görülə bilər. Uşaqlarda daha çox aşağı dərəcəli olduqları halda yaşlı insanlarda daha çox yüksək dərəcəli olur.

Ependimomalar - beyin daxili mədəciklərin divarında yerləşən ependim hüceyrələrindən əmələ gəlirlər. Bütün beyin şişlərinin 2-3%-ni təşkil edirlər, həm baş beyin, həm də onurğa beyində rast gəlinirlər.

Multiform qlioblastoma - ən bədxassəli şişlərdən biridir. Çox sürətlə böyüyərək, ətraf beyin toxumasına yayılır və  proqnozu pisdir. Daha çox 50-70 yaşlı insanlarda və daha çox kişilərdə görülür.

Medulloblastoma - daha çox uşaqlarda rast gəlinən və beyincikdən inkişaf edən şişdir. Yüksək dərəcəli (yəni, bədxassəli) şişlər olub adətən şüa və kimyəvi terapiyaya yaxşı cavab verirlər.

Oliqodendroqliomalar - oliqondendrosit adlanan hüceyrələrdən əmələ gəlirlər. Daha çox orta yaşlı insanlarda görülür.