Allergiya nəyə görə gözlərə ziyan vurur?


Digərləri 05 May 2018 22:55:00 291 0

Allergiya nəyə görə gözlərə ziyan vurur?

Havada olan hissəciklər asanlıqla göz səthi ilə təmasa girərək, allergik reaksiyalara səbəb ola bilər.

Göz allergiyasının səbəbləri Demək olar ki, hər kəs həyatında heç olmasa bir dəfə də olsa, allergik reaksiyalarla üzləşib.

Allergiya - orqanizmin hər hansı maddəyə qarşı yüksək həssaslığıdır. Müasir həyatımızda allergik xəstəliklər o qədər geniş yayılıb ki, onları haqlı olaraq sivilizasiyanın xəstəlikləri adlandırmaq mümkündür.  

Allergiya istənilən bir şeydən - qida, kosmetika, məişət kimyası, ev heyvavanları və s. yarana bilər. Bu maddələr allergenlər adlanır.

Son.az hekimtap.az-a istinadən bildirir ki, bu və ya digər insanın hər hansı maddəyə olan hiperhəssaslığının dəqiq səbəbi məlum deyil, lakin fərdin allergik xəstəliklərə anadan gəlmə meyilliliyi və uzun müddət ərzində orqanizmdə yığılan allergenlərin allergik təsirindən danışmaq olar.   

Allergiya nəyə görə gözlərə ziyan vurur? Gözlər anotomik və fizioloji xüsusiyyətləri baxımdan müxtəlif allergenlərə qarşı həssasdır. Allergenlərin böyük hissəsi havada olduğundan onlar gözlərin səthi və burunla asanlıqla təmasa girir.

Bu cür allergenlərə toz, bitki tozcuqları, ev heyvanlarının tüklərini, havada uçan kimyəvi maddələri misal göstərmək olar.

Göz allergiya reaksiyaları orqanizmə başqa yolla, məsələn qida və ya dərman preparatları vasitəsi ilə daxil olan allergenlər tərəfindən də yarana bilər.

Əksər hallarda allergik reaksiyalar maddələrin bilavasitə göz qapağı və ya gözün səthi ilə təmasından ortaya çıxır. Buraya kosmetik vasitələri, göz damcıları və maz şəklində olan dərman preparatlarını aid etmək olar.  

Göz allergik xəstəliklərinin növləri Gözlərin allergik reaksiya formaları kifayət qədər müxtəlifdir. Buraya göz qapaqlarının zədələnməsindən başlamış, toksiko-allergik keratitlər, uveitlər və hətta göz sinirinin zədələnməsini aid etmək olar. Allergik reaksiyalar arasında ən çox rast gəlinəni göz qapaqlarının allergik dermatiti və müxtəlif növ konyunktivitlərdir.

Göz qapaqlarının allergik dermatiti bir qayda olaraq, kosmetik vasitələr və dərman preparatlarının istifadəsindən yaranır. Əlamətləri üz dərisinin al-qırmızı rəng alması, şişməsi, köpəşmə şəklində səpgilərin əmələ gəlməsidir. Bütün bunlar qaşınma və yanma hissi ilə müşayiət oluna bilər.

Allergik konyunktivit kəskin və xroniki ola bilər. Hər iki halda gözlərin müxtəlif səviyyədə qızarması, yaşarması, sapşəkilli selikli maddənin ayrılması müşahidə edilə bilər.

Kəskin allergik konyunktivitin əlaməti isə konyektivanın hemozudur. Bu zaman göz qişasında "şüşəyəbənzər" pərdə yaranır.

Pollinoz konyunktivitləri müxtəlif bitkilərin tozcuqları yaradır, ona görə də kəskinləşməsi daha çox mövsümi xarakter daşıyır, yəni otların, çiçəklərin, ağac və s. çiçəklənməsi dövrünə təsadüf edir.

Allergik konyunktivitin simtomları ilə yanaşı, kliniki təzahürü özünü burun axması, asqırma, dəri səpgiləri, tənəffüsün ağırlaşması (allergik bronxial astma) ilə göstərə bilər.

Bahar konyunktiviti və ya keratokonyunktivit (buna bahar katarı da deyilir) mövsümi xəstəlik olub, ilin isti aylarında kəskinləşir. Hesab olunur ki, xəstəliyə səbəb ultrabənövşəyi şüalara qarşı, yəni günəş işığına olan fərdi hiperaktivlikdir. Lakin təkanverici mexanizm kimi bəzi bitkilərin allergenləri də göstərilir.