Beyin şişlərinin müasir müalicə prinsipləri


Digərləri 05 May 2018 19:25:00 351 0

Beyin şişlərinin müasir müalicə prinsipləri

Baş beyin şişlərinin müalicəsi həm şişin ölçüsündən, yerləşmə yerindən, sayından, həm də xəstənin yaşından, ümumi vəziyyətindən və yanaşı xəstəliklərinin olub-olmamasından asılı olaraq dəyişir. Bəzi şişlər sadəcə müşahidəyə alındığı halda, əksər şişlər radikal əməliyyatla müalicə olunur. Aşağıda baş beyin şişlərinə müasir yanaşma prinsipləri sadalanmışdır.

Baş beyin şişlərində müşahidə Əgər baş beyin şişi tək, kiçik ölçülü, xoş xassəlidirsə və xəstədə klinik əlamət yoxdursa, o zaman  xəstələr müşahidəyə alınır. Xəstələrə hər hansı müalicə tədbiq etmədən, 3-6 aylıq fasilələrlə kontrol müayinələrə çağırlırlar. Əgər zamanla şişin ölçüsü böyüyərsə və ya xəstədə ələmətlər üzə çıxarsa, o zaman xəstəyə lazımi məlumatlar verilərək uyğun müalicə tədbiq edilir.

Baş beyin şişlərinin dərman müalicəsi Son.az hekimtap.az-a istinadən bildirir ki, dərman müalicəsi adətən beyin şişlərinə bağlı əlamətləri azaltmaq və ya aradan qaldırmaq üçün istifadə olunur. Buna baxmayaraq,  prolaktinoma kimi bəzi şişlərin müalicəsi sadəcə dərmanla aparıla bilər.

Beyin şişlərində ən çox aşağıdakı dərman qrupları istifadə olunur:  - Qıcolma əleyhi (anti-epileptik) dərmanlar - baş beyin şişlərinə bağlı qıcolma tutmalarının müalicə və profilaktikasında geniş istifadə olunur.  - Ödem əleyhi dərmanlar - baş beyin şişlərinə bağlı əmələ gələn beyin ödemini (şişməsini) aradan qaldırmaq məqsədi ilə təyin edilir.  - Ağrı kəsici dərmanlar - şişə bağlı baş ağrıları zamanı təyin edilir.  - Hormonla müalicə - bəzi beyin şişlərində (hipofiz adenoması, kraniofarengioma) orqanizmdə ifraz olunan hormonların miqdarı azaldığına görə dəstək hormon müalicəsinə ehtiyac olur.  - Digər dərmanlar - prolaktinoma kimi bəzi hipofiz adenomaları  sadəcə dərmanlarla tamamən müalicə edilə bilər. Buna görə də bu şişlər aşkarlandıqda ilk növbədə dərmanla müalicəyə başlanmalıdır.

Baş beyin şişlərinin cərrahi müalicəsi: Cərrahi müalicə ən effektli müalicə olmaqla yanaşı, əksər baş beyin şişlərinin də əsas müalicə üsuludur. Cərrahi əməliyyatın üstünlüyü, şişlərin tam və ya tama yaxın çıxarılması və bununla da beyin sıxılmasının aradan qaldırılması, həmçinin çıxarılan şiş nümunələrinin patohistoloji dəyərləndiriməsi ilə şişlərin növünü və dərəcəsini təyin etməkdir. Baş beyin şişlərinin müalicəsində tədbiq olunan əsas cərrahi əməliyyat növləri aşağıdakılardır:

Biopsiya - adətən beyinə geniş yayılmış və ya beynin çox önəmli yerlərinə sirayət eləmiş şişlər tam çıxarıla bilmədiyinə görə, kəllə sümüklərində açılan kiçik bir dəlikdən girilərək şiş toxumasından kiçik parçalar alınır və pato-histoloji dəyərləndirməyə (əkimə) göndərilir. Gələn cavaba görə də şişə şüa terapiyası və ya kimyəvi terapiya tədbiq olunur.

Kraniotomiya - əksər şişlər bu üsulla əməliyyat edilir. Kraniotomiya- kəllə sümüklərinin kəsilməsi deməkdir. Əməliyyatda xüsusi alətlərin (kraniotom) köməyi ilə kəllə sümükləri qaldırılaraq, beyin zarı açılır və beyinə girilərək  şişlər çıxarılır. Əməliyyatın sonunda isə kəsilmiş sümüklər yerinə bərkidilir.

Endoskopik əməliyyatlar - xüsusi işıqlandırma və kamera ilə təchiz olunmuş alətlərlə kəllə sümükləri açılmadan (kraniotomiya etmədən) edilən əməliyyatlardır. Bu əməliyyatlar zamanı endoskopik alətlərlə burundan girilərək kəllə əsasında yerləşən şişlər (hipofiz adenomaları, kraniofarengioma, kordoma və s.) çıxarılır.