Keramika rəssamı: "Əl işlərimi ən çox rus turistləri alırlar" - MÜSAHİBƏ


Digərləri 05 May 2018 14:18:00 193 0

Keramika rəssamı: "Əl işlərimi ən çox rus turistləri alırlar" - MÜSAHİBƏ

"Çində hazırlanıb Azərbaycan istehsalı adı ilə turistlərə satılan keramika məhsullarının qarşısı yalnız dövlət tərəfindən alına bilər"

Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının dekorativ-tətbiqi sənət fakültəsinin Bədii keramika, şüşə və metal kafedrasının müdiri, keramika rəssamı, dulusçu Saleh Rzanın “Report”a müsahibəsi.

- Bu sənətlə nə vaxtdan məşğul olursunuz...

- Mən31 ildir keramika ilə məşğulam. Gəncə Pedaqoji Məktəbində “Rəsm və rəsmxəttin tədrisi” ixtisası üzrə təhsil almışam. 1985-ci ildə şüşə-keramika ixtisası üzrə V.Muxin adına Leninqrad Ali Bədii-Sənaye Məktəbini bitirmişəm. Ali məktəbi bitirdikdən sonra Gəncə Çini Qablar Zavodunda işə başladım, aparıcı rəssam, baş rəssam müavini, bədii laboratoriyanın rəhbəri kimi vəzifələrdəçalışdım.2000-ci illərdə Bakı saxsı qablar zavodunda işləmişəm, 2002-ci ildən isəAzərbaycan Dövlət Rəssamlıq Akademiyasında fəaliyyət göstərirəm.

- Ümumiyyətlə, keramikanı digər sənətlərdən ayıran xüsusiyyət nədir?

- Keramika həm rəngkarlıq, həm heykəltəraşlıq, həm də qrafikanın bir yerdə sintezidir. Heç bir sənətdə bu sintezi etmək mümkün deyil. Keramika özü tarix yazır. İnsan sivilizasiyasının tarixi ən çox keramika ilə ölçülür. Qazıntılar zamanı ən çox tapılan da keramika məhsullarıdır.

- Keramikanın hansı növləri var?

- Materialına görə qırmızı gil, ağ gil və çinidən olan növləri var. Onların hamısının da qəlibləmə, bişmə üsülları, boyanması və bəzənməsi tamamilə fərqlidir. Bunların hər birinin öz incəlikləri var. Bütün bunlara görə dünyada nə qədər keramika ustası varsa, onların da hər birinin öz dəst-xətti var.

Mən, ilk növbədə,rəngli gillərdən, anqoplardan istifadə edirəm. Anqopların da öz işləmə üsulları var.

- Hazırda gənclərdə bu sahəyə maraq varmı?

- Keramikaya həvəs hər bir insanda var. Uşaqlıqda hamı palçıqla oynayıb. Bunun bir xüsusiyyəti isə odur ki, insandan mənfi enerjini çıxarır. İnsan əlində gili oynatdığı zaman ondakı mənfi enerji götürülür. İndi emalatxanaya heç kim gəlmir. Akademiyada emalatxanamız var, dərslər orada keçirilir. Əvvəl vaxtım olurdu deyə kursa gələnləri qəbul edirdm. İndi vaxtım yoxdur deyə qəbul edə bimirəm.

- Bu günÇində hazırlanıb Azərbaycan istehsalı adı iləturistlərə satılankeramika məhsullarına da bazardarast gəlinir. Sizcə, bunun qarşısı necə alınmalıdır?

- Bəli, kimsə xoşladığı bir nümunəni götürərək istehsal olunması üçün Çinə aparır. Məhsulun altına isəAzərbaycan istehsalı yazılır. Mən bir günə maksimum 5 heykəl hazırlaya bilərəm. Çində isə aparata salırlar, hətta boya da bişirmirlər. Buna görə də onlara ucuz başa gəlir. Qazı, işığı, kütləsi, fəhlənin əmək haqqı da ucuzdur. Mən 10 manata satdığımı onlar 3 manata satacaqlar. Ancaq təbii ki, bu,bir sənətkar yox, aparat işi olacaq.

Bunun qarşısı da yalnızdövlət tərəfindən alına bilər. Xatırlayıram ki, XIX əsrdə Rusiyada çini, saxsı zavodları tikiləndə Avropada artıq bu sahə inkişaf etdiyindən onlar Rusiya bazarlarını doldurmuşdular. Çar Rusiyası da qanun çıxardı ki,ölkəyəsərhəddən heç bir çini mal daxil edilməsin. 10-15 il Rusiyadakı zavodlar inkişaf etməyə və müəssisəsini genişləndirməyəbaşladı. Nəhayət, istənilən səviyyəyə çatdıqdan sonra isə qadağa aradan götürüldü. Ancaq bu dəfə xaricdən gətirilən məhsulla Rusiya istehsalı eyni qiymətə oldu. Üstəlik, xarici məhsula gömrük rüsumu qoyulduğundan daha da bahalaşdı vəbeləliklə, insanlar yerli məhsul almağa başladılar.

Azərbaycanın tarixdə özünün çinisi olub. Dünyada hər xalqın çinisi, farforu olmayıb. Farfor keramikanın ən yüksək zirvəsidir. İndi isə yoxdur. Çini saxsıya nisbətən baha başa gəlir. Sobası, temperaturu xüsusi olmalıdır.

- Bəs gilin qiyməti nəçeyədir?

- İndi Azərbaycanda 1 kilo gil 3 manatdır. Bir il əvvəl gil tapa bilmirdik. Mən işlətdiyim bağlanmış zavoddan qalan gildir və onildir işlədirəm, hələ 10 illik də ehtiyatım var. Mən çox işlətmirəm deyə gec bitir.

- Bir az məhsulun hazırlanma prosesindən danışardınız.

-Əsas bunların qəlibinin hazırlanması vaxt aparır. Əvvəlcə istədiyim formanı gipsdən yonuram, daha sonra isə hissə-hissə gili tökürəm. Gipsdən sonra yerinə nə töksəm, həmin formanı alır. Buna tökmə üsul deyirlər. Təxminən, iki günə modeli yonulur, bir günə qəlibi çıxarılır, sonra qurumalıdır. Daha sonra isə həmin qəlibdən gündə bir dənə hazırlamaq olar. Əsas modeli düzəltməkdir.

- Bəs "ABAD" ilə tanışlığınız necə oldu?

- “ABAD” publik hüquqi şəxsin dekorativ-tətbiqi xalq sənətkarlığı departamentinin müdiri İradə Əmiraslanova məni əvvəldən tanıyırdı. "ABAD"da da keramika sahəsi olduğundan məni dəvət etdilər.

- Sizə“ABAD”dan sifarişlər olunur, ya siz özünüz əsərlərinizi təqdim edirsiniz?

- Mən öz işlərimi onlara təqdim edirəm. Əgər nəsə etmək lazımdırsa, onda sifariş olunur. Məsələn “ASAN Xidmət"in logosunu boşqablara vurmağı sifariş etmişdilər, mən dəhazırlayın təhvil verdim. Sifariş daha çox kənardan olur.

- Bəs ən çox tələbat hansı əl işlərinizədir?

- “ABAD”da satılanların statistikası mənə verilir. Bir dəfə hesabladım, əl işlərimi ən çox rus turistləri almışdılar. Daha sonra isə siyahıda azərbaycanlılar, ərəblər gəlirdi. ABŞ, Yeni Zellandiya, İngiltərədən də alıcılarım olub.

- Əl işlərinizin qiymətlərini necə təyin edirsiniz?

- İşdən işə fərq olur. Mən “ABAD”da qiyməti özüm təyin edirəm.

- Əgər sirr deyilsə, satdığınız ən bahalı əl işiniz nə olub?

- İndiyədək500 manata satdığım əl işim olub. Bu, sizin üçün bahadır? Mən boşqab satmıram, adımı satıram. Mənim satdığımdan yalnızbir dənə olur, üzərində çox işləmək lazım gəlir. Məsələn, rəssam kətan üzərində yağlı boya ilə rəsm çəkir və məndən baha satır. Ancaq mən hər birini əlimlə düzəldirəm, formaya salıram, 4 dəfə sobada bişirirəm və sonda rəssam kimi də işləyirəm. Soba isə özlüyündə çox bahadır. Mən bu sobanı tikdirmək üçün "VAZ-2109" markalı avtomobilimi satmışam.

- Bu günədək alıcılarınızdan yadınızda qalan olubmu?

- BeynəlxalqQırmızı Xaç Cəmiyyətində işləyən,Avstraliyada yaşayan norveçli biri boşqabların üzərində obrazlı qadın portretləri sifariş vermişdi. O, Avstraliyada koteclər tikirdi və boşqabları açılış üçün istəmişdi. Mən də12 qab üzərində Azərbaycan qadınına xas fərqlisimalar çəkmişdim. Həmin boşqablardan qırılanını yadigar kimi saxlamışam.