İfası ilə Türkiyəni silkələyən Azərbaycanlı mühəndis qız: "Alenya Tilki mənə yazdı ki..." MÜSAHİBƏ VİDEO


Şou-biznes 04 May 2018 22:50:00 308 0

İfası ilə Türkiyəni silkələyən Azərbaycanlı mühəndis qız: "Alenya Tilki mənə yazdı ki..."  MÜSAHİBƏ  VİDEO

Murad Göğebakanın "Ay yüzlüm" mahnısına yeni nəfəs verən Nahidə Babaşlı bu ifa sayəsində qısa müddətdə instaqramda böyük populyarlıq qazandı. Klassik gitarası ilə hər kəsin ürəyinə yol tapan musiqiləri səsləndirən gəncin səs-sorağı hətta Türkiyənin ən nüfuzlu xəbər portallarından gəldi. N.Babaşlıya uğur gətirən "Ay yüzlüm" mahnısının izlənmə sayı təkcə onun şəxsi yutub kanalında 3 milyona çatmaq üzrədir.

Son.az bildirir ki, publika.az-ın əməkdaşı bu məlahətli səsin sahibilə söhbətləşib onun gələcək planları, həyata keçirmək istədiyi arzuları və hədəfləri haqqında danışdı.

- İfaları ilə ruhumuza terapiya təsiri göstərən Nahidə Babaşlını yaxından tanımaq istərdik...

- 22 yaşım var, Zərdab rayonunda anadan olmuşam, evin sonbeşiyiyəm. Hazırda ailəmlə birlikdə Bakıda yaşayıram. 4-cü kurs tələbəsiyəm, Bakı Dövlət Universitetində Fizika Mühəndisliyi ixtisası üzrə təhsil alıram.

- Maraqlıdır: fizika, musiqi və gitara...

- Bir-biri ilə əlaqəsi olmayan sahələrdir. Təhsil aldığım ixtisası ailəm seçib, musiqi isə öz seçimimdir. Atam həmişə çalışıb ki, övladları ali təhsilli olsun. O deyir ki, istədiyin peşədə çalışa bilərsən, buna icazə verirəm, amma əlində başqa diplomun da olmalıdır. Onun ürəyini qırmamaq üçün hazırlaşdım və universitetə girdim. Həvəssiz olduğuma görə bir qədər çətin oldu. Fizika mühəndisliyinə indi də marağım yoxdur. Artıq bitirmək üzrəyəm, dövlət imtahanı və təcrübə dərsləri qalıb.

- Universiteti bitirdikdən sonra nə işlə məşğul olacaqsınız?

- Musiqi təhsili almağı düşünürəm. Bu sahədə nə qədər irəli getsəm də, təhsil çox önəmlidir. Elə ifaçılar var ki, səsləri yoxdur, amma təhsilləri var. Sənin isə səsin var, amma təhsilin yoxdur. Hiss edirsən, təhsili olan səndən daha çox bilir, ona görə də seçilir. Peşəkar olmaq istəyirsənsə, həm səsin, həm də təhsilin olmalıdır. Özümü müğənni hesab etmirəm, sadəcə koverlər hazırlayıram.

- Musiqini sevdiyinizi nə zaman anladınız?

- Özümü dərk etməyə başlayandan, elə fizikanı seçəndə də musiqini sevirdim. Bu sənətə olan eşqimi davam etdirmək üçün gitarada ifa etməyi öyrənməyə qərar verdim. Əvvəllər gitaraçılara həsədlə baxırdım. Bir neçə ay gitara kursuna yazıldım, sonra isə özüm fərdi şəkildə davam etdirdim.

- Azərbaycanda xanım gitaraçılar demək olar ki, tanınmır. Siz istisna olmağı bacarmısınız...

- Oğlanlar üçün gitarada ifa etmək çətin deyil. Qızların barmaqları incədir, təbii ki, barmaq əzələlərinin gücü oğlanlara nisbətən zəifdir. Barmaqlarım ağrıdan sızlasa da, gündə yeddi-səkkiz saat dayanmadan gitarada məşq edirdim. Hətta bəzən barmaqlarım qan və yara içində olurdu. Gitaraya maraq göstərən qızlar həddən artıq çoxdur, amma dözümü olub öyrənən azdır. Yeri gəlmişkən, gitarada ifa etməyi sınıq bir alətin üzərində öyrənmişəm. Amma heç vaxt həvəsdən düşmədim, tələbə təqaüdümü yığıb özümə gitara aldım. Göstərdiyim əzmkarlığa özüm də təəccübləndim, çünki emosional insanam, çox səbirsizəm. Musiqiyə olan məhəbbətim səbirli olmağı öyrətdi.

- Tənqid edənlər olur?

- Hər kəs səni sevə bilməz, yaxşı da olsan, haqqında həmişə həm müsbət, həm də mənfi fikirlər səsləndirən olacaq.

- Bu yolda sənə kim dəstək olur?

- Dayağım atamdır, həmişə arxamda durur. Bir neçə televiziya verilişindən və məclislərdən təkliflər gəlir, amma getmirəm.

- Nə yaxşı bizimlə söhbət etməyə razı oldunuz?

- Səsiniz ürəyimə yatdı (gülürük).

- Atanız sizə daha hansı məhdudiyyətlər qoyub?

- Bütüm işlərimə o, nəzarət edir. Tanımadığın adamdansa, yanında yaxın birinin olması daha yaxşıdır. Çünki özünü rahat hiss edirsən. Əlbəttə ki, qadağalar qoyub, mənim üçün nəyin yaxşı olduğunu bilir, xüsusilə qızlar atalarına çox bağlıdır. Onun hər məsləhətinə əməl edirəm, özü də dünya görmüş adamdır, həyat təcrübəsi böyükdür. Bu sənətə nə qədər yaxın olsam da, atam mənə bir addım kənarda dayanmağı öyrədir. Şou-biznesə bulaşmıram, ehtiyatlı davranıram.

- Bu sənətdən hələ ki, qazanc əldə etməmisiniz?

- Yox, restoranlarda çıxış etmirəm.

- İnstaqramda kifayət qədər məşhursunuz.

- Səhifəmi açanda 100 izləyicim var idi, video yükləməyə başlayandan sonra sayı artdı. İlk dəfə Elvin Mirzazadənin "Gəl" mahnısını oxumuşdum. Əslində mənə uğur gətirən elə bu mahnı oldu. İnstaqram səhifəsinin reklamı üçün müəyyən məbləğdə pul qoymalısan, mən isə istədim ki, izləyicilərin sayını öz zəhmətimlə artırım. Yavaş-yavaş videolar məndən qeyri-ixtiyarı şəkildə yayıldı.

- Koverlərinin çoxu türk dilindədir.

- Hamımız bir millətik, həm öz, həm də türk mahnılarının kover versiyasını oxumağı sevirəm. Çalışıram ki, hissimi verə biləcəyim mahnılar oxuyum. İsbat etmək istəyirəm ki, qışqırmadan, səsinin zilini nümayiş etdirmədən və boğazda damarların çıxmadan da dinləyicilərinə müəyyən emosiyalar ötürmək mümkündür. Heç vaxt çox güclü səsim olduğunu iddia etməmişəm.

- Hədəflərindən danışaq...

- "O Səs Türkiyə"yə qatılmaq istəyirəm.

- Əvvəllər müğənnilər "Eurovision"a qatılmağa can atırdı, indi isə "O Səs Türkiyə" dəbdədir.

- "Eurovision" səhnəsi daha böyük məsuliyyətdir, ora üçün özümü hazır hesab etmirəm. "O Səs Türkiyə"yə qatılmaqda məqsədim tanınmaq deyil. Bu, sadəcə arzudur, instaqramda məşhurlaşmazdan əvvəl də xəyalım olub. Seçilməyimin və ya seçilməməyimin əhəmiyyəti yoxdur, əsas odur ki, o səhnədə oxuya bilim.

Azərbaycanda baş tutan seçimlərdə seçilmək müşkül məsələdir. 500-600 nəfər arasından 5-6 nəfər seçirlər. Nəticədə vokalistlərin yanında seçilmək şansın aşağı düşür. Universiteti və dövlət imtahanlarımı bitirdikdən sonra bütün qüvvəmi bu mahnı yarışması üçün səfərbər edəcəyəm. Müsabiqənin növbəti mövsümünə qatılmaq üçün əlimdən gələni etməyə hazıram.

Bəzənib-düzənib, uzun donlar geyinib məclislərdə oxumaq və bütün həyatımı belə yaşamaq fikrim yoxdur. Həm ölkəmdə, həm də kənarda vətənimi təmsil etmək istərdim. Bunun üçün dayanmadan üzərimdə çalışıram.


Xəbərə aid fotolar