Qobustanda dostunu qətlə yetirən şəxsin məhkəmə istintaqı başa çatıb


Sosial 04 May 2018 19:29:27 251 0

Qobustanda dostunu qətlə yetirən şəxsin məhkəmə istintaqı başa çatıb

Məhkəmənin növbəti iclası mayın 11-nə təyin edilib

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməkdə təqsirləndirilən Amal Zülfüqarovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

"Report"un xəbərinə görə, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə şahidlər dindirilib.

Daha sonra məhkəmə istintaqının başa çatdığı elan olunub.

Prokuror çıxış üçün məhkəmədən vaxt istəyib.

Məhkəmənin növbəti iclası mayın 11-nə təyin edilib.

İttihama görə, ötən ilin avqustunda A.Zülfüqarov Xaçmazda istirahət mərkəzində olarkən dostu Qismət Məmmədlinin ona baxmasına irad bildirib. Bu zaman aralarında mübahisə yaranıb. Daha sonra A.Zülfüqarov dostu Q.Məmmədlini onun xaricdə yaşayan bacısı ilə danışdığından şübhələnib və onu öldürmək qərarına gəlib. Onlar Qobustanda kafedə olarkən birlikdə domino oynayıblar. Bu zaman o, arxadan Q.Məmmədliyə yaxınlaşaraq onun boyun və sinə nahiyələrinə bıçaq zərbələri endirib. Kafedə olan Tələt Hüseynov və Haldun Nəbizadə bıçağı onun əlindən almaq istəyib. Lakin A.Zülfüqarov onlara da bıçaq zərbəsi endirib. Daha sonra A.Zülfüqarov Q.Məmmədlini boğaraq öldürüb.

Qaradağ Rayon Polis İdarəsinin (RPİ) 11-ci Polis Bölməsinin (PB) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində A.Zülfüqarov tutulub.

Elan olunmuş ittiham üzrə A.Zülfüqarov özünü qismən təqsirli bilib və xüsusi amansızlıq niyyəti ilə adam öldürdüyünü etiraf edib.

O, sərbəst ifadəsində deyib ki, öldürdüyü Q.Məmmədli ilə dost olub, son zamanlar dostu ona qarşı dəyişib.

A.Zülfüqarova qarşı Cinayət Məcəlləsinin 120.2.2-ci (qəsdən adam öldürmə) 120.2.4-cü (xüsusi amansızlıqla) 120.2.9-cu (köməksiz vəziyyətdə olan adamı öldürmə) və 221-ci (xuliqanlıq) maddələri ilə ittiham irəli sürülüb.