Dövlət Təhlükəsizliyi Xidmətində “Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda “dəyirmi masa” keçirilib FOTO


Digərləri 04 May 2018 19:27:00 360 0

Dövlət Təhlükəsizliyi Xidmətində “Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda “dəyirmi masa” keçirilib  FOTO

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyi münasibətilə Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Heydər Əliyev adına Akademiyasındakı "Şöhrət" muzeyində "Heydər Əliyev və Azərbaycan gəncliyi" mövzusunda "dəyirmi masa" keçirilib.

Son.az Trend-ə istinadən bildirir ki, tədbirdə Akademiyanın rəhbərliyi, müəllimləri və kursantları, Azərbaycan təhlükəsizlik orqanlarının veteranları, ASAN könüllüləri, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının üzvü olan gənclər təşkilatlarının nümayəndələri iştirak ediblər.

Əvvəlcə tədbir iştirakçıları ulu öndər Heydər Əliyevin əziz xatirəsini ehtiramla yad edərək, dahi rəhbərin abidəsi önünə tər gül dəstələri düzüblər.

Unikal məzmuna və nəfis tərtibata malik "Şöhrət" muzeyi ilə tanışlıq zamanı gənclərə məlumat verilmişdir ki, burada nümayiş etdirilən nadir eksponatlar, sənədlər və arxiv materialları ümummilli lider Heydər Əliyevin zəngin həyat və fəaliyyətini, xalqımızın taleyindəki misilsiz rolunu, o cümlədən ömrünün 25 ilini həsr etdiyi dövlət təhlükəsizlik orqanlarındakı xidmət dövrünü və onun bilavasitə rəhbərliyi ilə keçirilmiş əməliyyatlar haqqında məlumatları ətraflı əks etdirir. Sonra muzeyin konfrans zalında ulu öndərin həyat və fəaliyyətindən bəhs edən musiqili video-kompozisiya nümayiş olunub.