Ünvanlı sosial yardım sisteminin təkmilləşdirilməsi məqsədilə təkliflər hazırlanacaq


Digərləri 04 May 2018 17:28:00 240 0

Ünvanlı sosial yardım sisteminin təkmilləşdirilməsi məqsədilə təkliflər hazırlanacaq

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində (ƏƏSMN) ünvanlı dövlət sosial yardımının alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi sisteminin təkmilləşdirilməsi məqsədilə işçi qrupu yaradılıb.

Son.az xəbər verir ki, ƏƏSMN-dən Trend-ə verilən məlumata görə, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevin əmri ilə yaradılan işçi qrupunun qarşısında bir sıra vəzifələr müəyyən edilib. Belə ki, işçi qrupu müvafiq qanunvericilik bazasının təkmilləşdirilməsi, Vahid Elektron Müraciət və Təyinat Alt Sistemi (VEMTAS) vasitəsilə ünvanlı dövlət sosial yardımının alınması üçün müraciət edilməsi, onun təyin olunması və verilməsində neqativ hallara şərait yaradan amillərin aradan qaldırılması, ünvanlılığın artırılması üçün təkliflər hazırlayacaq. Ünvanlı dövlət sosial yardımının alınması üçün müraciət etmiş ailənin maddi-məişət şəraitinin müayinəsi, ünvanlı dövlət sosial yardımının təyinatı prosesində şəffaflığın tam təmin edilməsi, vətəndaşlara daha keyfiyyətli və şəffaf xidmətlərin göstərilməsi, vətəndaş məmnunluğunun təmin edilməsi məqsədilə də təkliflərin hazırlanması təmin olunacaq.

Hazırda dövlət sosial yardımı alan aztəminatlı ailələrin özünüməşğulluq imkanlarının reallaşdırılması və bununla onların dövlət sosial yardımı sistemindən asılılığının aradan qaldırılması, kiçik ailə biznesinə çıxış imkanlarına yiyələnmələrinə nail olunması da qarşıda duran vəzifələrdən biridir.