Diaspor rəhbəri: "Polşadakı azərbaycanlıları bir araya gətirərək vahid koordinasiya mərkəzi quracağıq"


Siyasət 04 May 2018 10:25:49 268 0

Diaspor rəhbəri: "Polşadakı azərbaycanlıları bir araya gətirərək vahid koordinasiya mərkəzi quracağıq"

Mayın 7-8-də Varşavada AAK-ın Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı beynəlxalq konfransı keçiriləcək

Polşa Azərbaycanlı Gənclər Şurasının sədri, Avropa Azərbaycanlıları Konqresi Mərkəzi Şurasının üzvü Nail Əhmədin "Report"a müsahibəsi.

- Avropada, xüsusilə Polşada azərbaycanlılar arasında təşkilatlanma hansı səviyyədədir?

- Fəaliyyət göstərdiyimiz müddətdə bir çox işlər görmüşük vəbəhrəsini də görməkdəyik. Artıq Polşada azərbaycanlı gənclər cəmiyyətin diqqət çəkən qismidir. Hazırda isə yeni başladığımız prosesin əsas qayəsi Polşanın hər vilayətində, hər şəhərində fəal diaspor təşkilatını formalaşdırmaqdır. Yəni təşkilatlanmağımızı rəsmiləşdirməkdir. Artıq Varşava Azərbaycanlıları Birliyi və Vroçlav Azərbaycanlıları Birliyi kimi təşkilatlar yaratmışıq. Bu yaxınlarda Katoviçe şəhərində də azərbaycanlılar birliyini yaradacağıq. Şəhərlərin böyük əksəriyyətində təşkilatları yaradandan sonra vahid koordinasiya mərkəzi quracağıq. Yəqin ki, bu koordinasiya mərkəzi Varşavada olacaq. Mərkəz Polşa Azərbaycanlıları Konqresi adı altında yaradılacaq. Bütün bunlar Avropa Azərbaycanlıları Konqresinin əhatə dairəsində baş verir. Çünki artıq son bir ildə AAK-dakı qurultaydan sonra Avropa üzrə mərkəzləşmiş təşkilatlanmaya və mərkəzləşmiş fəaliyyətə start verilib. Polşadakı Azərbaycan diasporu da onun bir üzvüdür. Biz bütün bu prosesləri mütəmadi olaraq AAK ilə, xüsusilə onun prezidenti Sahil Qasımovla koordinasiyalı edirik. Diasporumuz bundan sonra pərakəndə yox, bir çətir altında vahid güc mərkəzi kimi birləşəcək. Ən həssas məsələ yeni yaranan təşkilatların rəhbərliyinə seçilən şəxslərin bacarıqlı, savadlı, yeni ideyalarla dolu olan gənclərin olmasıdır. Artıq bundan sonra Polşada Azərbaycan diasporunun lobbiçilik layihələrinə keçid almasının hər kəs şahidi olacaq. Bizim yerli strukturlarla, qanunverici orqanlarla layihələrimiz tezliklə gerçəkləşəcək.

- Avropanın digər ölkələrindəki azərbaycanlılarla mərkəzləşmə prosesi necədir? Hansı layihə və planlarınız var?

- Dediyim kimi, Avropanın digər ölkələrindəki azərbaycanlılarla mərkəzləşmə prosesi son dövrlər daha çox vüsət alıb. Bunun da səbəbi bir müddət əvvəl Hollandiyanın paytaxtı Amsterdam şəhərində Avropa Azərbaycanlıları Konqresinin növbəti qurultayı oldu. Məhsuldar keçən toplantıda xaricdəki diaspor rəhbərləri ilə birbaşa ünsiyyət imkanımız yarandı. Diasporumuza yeni gücün, yeni ideyanın gətirilməsinin yollarını müzakirə etdik. Təcrübələrimizi bir-birimizlə bölüşdük və əminəm ki, bu müzakirələr diaspor fəaliyyətimizə böyük stimul olacaq.

Mayın 7-8-də Varşava şəhərində AAK-ın Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı beynəlxalq konfransına ev sahibliyi edəcəyik. Eyni zamanda həmin ərəfədə Polşanın Sosial Siyasət Nazirliyində və ATƏT-in Demokratiya və İnsan Hüquqları ofisində görüşlərimiz olacaq. Azərbaycan və Polşa mediasının iştirakı ilə gözlənilən bu toplantı iki dövlətin əlaqələrinin güclənməsinə hesablanmış bir addım olacaq. Bu toplantılarımız çərçivəsində Polşada diasporumuzun, lobbiçilik planlarımızın gələcəyi barədə də qərar verəcəyik. Həmin layihələr həyata keçdikcə mətbuatda yer alacaq. Əvvəlcədən danışmağa üstünlük verməzdik.