Azərbaycanın kosmetoloji bazarında BOTOKS biznesi


Digərləri 04 May 2018 08:22:00 350 0

Azərbaycanın kosmetoloji bazarında BOTOKS biznesi

Botoks təcrübəsi dünyanın bir çox ölkələrində hələ bir necə il əvvəldən tətbiq olunsa da, bu prosedurdan Azərbaycanda demək olar ki, son illər ərzində geniş istifadə edilir. Ötən dövr ərzində botoksla hər kəsin gəncləşdiyini reklam edən kosmetoloji mərkəzlərin sayının artması ilə yanaşı, bu xidməti göstərən mərkəzlərdə botoksa tələbatın yüksəlməsinin də şahidi oluruq.

Botoks vurdurma artıq Azərbaycanda da cərrahiyyə əməliyyatı sayılmayan kosmetik prosedurlar arasında getdikcə populyarlaşan prosedurlardan birinə çevrilir. Son bir necə ilə qədər botoks haqqında məlumatsız olan Azərbaycan qadınları artıq bu inyeksiyadan istifadə etməklə gözəlləşməyə çalışırlar.

Ölümə səbəb olan bakteriyadan yaranan preparat

Məlumat üçün bildirək ki, müasir kosmetologiyada çox geniş istifadə edilən botokslar Botulinum clostridium bakteriyalarından alınan neyrotoksindir. Bu bakteriyalar özlüyündə botulizm xəstəliyinin törədicisi sayılırlar. Yüksək toksikliyə malik olan bu bakteriyalar qida maddələri ilə insan orqanizminə düşdükdə ölümlə nəticələnə bilən xəstəlik yaradır. Bakteriyalar sinir hüceyrələrini iflic etməklə udma və tənəffüs aktının pozulmasına səbəb olur.

Botulizmin bu dərəcədə zəhərli olmasını görən alimlər bu bakteriyaları XX əsrin əvvəllərində - II Dünya Müharibəsi dövründə bioloji silah məqsədi ilə öyrənməyə çalışsalar da, nəticələr uğurlu olmayıb. Lakin alimlər botulizm çöplərini kifayət qədər yaxsı öyrəndiklərindən sonradan botulotoksinin çox zəifləmiş ştamlarını tibbdə tətbiq etməyə başladılar.

XX əsrin 70-ci illərində ABŞ oftalmoloqu Alan Skott ilk dəfə olaraq, zəifləmiş botulin neyrotoksinlərini inyeksiya şəklində blefarspazmın müalicəsində istifadə etməklə uğur qazanıb və onun effektiv müalicəsinə nail olub. Bundan sonra artıq botulotoksin tibbdə tədricən tətbiq olunmağa başlayıb. Botulotoksin hazırda kosmetologiyada çox geniş tətbiq edilir, qırışların açılması üçün istifadə edilir.

Bu şəxslər botoks etdirə bilməzlər

Son.az xəbər verir ki, dermatoveneroloq Sevinc Kərimova Trend-ə bildirib ki, Azərbaycana gətirilən botoskların tərkibində olan iki əsas maddə - "Botulinum Toxin A" və "Clostridum Botulinum Toxin" eyni bakteriyadan alınıb. Həmin maddələrin hər ikisi demək olar ki, eyni olduğundan onların istifadəsi zamanı nəticələr də eyni effekti verir.

Hazırda neyrotoksinlərin A tipindən alındığını deyən S.Kərimovanın sözlərinə görə, buna görə də bu gün botulotoksinin A tipindən istifadə edilir.

A tipinin zəifləmiş neyrotoksinlərinin kosmetologiyada da geniş tətbiq olunduğunu deyən həkim qeyd edib ki, botulotoksinin inyeksiyaları əzələyə neyrotoksik təsir göstərərək yüngül parez yaradır və nəticədə dəridə olan mimiki, yaşla bağlı qırışları açır.

S.Kərimova bildirib ki, botulotoksin kosmetologiya ilə yanaşı, nevrologiyada da istifadə edilir. Nevroloqlar miqren (baş ağrıları) zamanı ondan çox müvəffəqiyyətlə istifadə edirlər. Bununla yanaşı, botulotoksin "hiperhidroz" deyilən tərləmələrdə daha çox tərləyən hissələrə - ovuclara, qoltuqaltına və pəncə altına inyeksiya edilir.

Bir sıra hallarda botulotoksin inyeksiyasından istifadənin qeyri-mümkün olduğunu deyən S.Kərimova bildirib ki, hamilə qadınlar, süd verən analar, müəyyən nevroloji xəstələrə bu proseduru tətbiq etmək olmaz.

Botoks zamanı əzələ iflici də baş verə bilər

S.Kərimova bildirib ki, botulotoksin inyeksiyasının ediləcəyi ərəfədə və edildiyi dövrdə şəxsin infeksiyon xəstəliyinin olub-olmaması da nəzərə alınmalıdır. Bu xəstəliklərə qrip, angena, faringit, bronxit, qızılca, suçiçəyi kimi həm virus, həm də bakteriya mənşəli xəstəliklər aiddir. Belə xəstəlikləri olan şəxslər 2-3 həftə ərzində orqanizmlərinin özünü yaxsı bərpa etməsini gözləməlidirlər.

S.Kərimova qeyd edib ki, inyeksiyalar olunduqdan sonra 2 həftə müddətində heç bir antibiotik, virus əleyhinə preparatlar qəbul olunmamalıdır. Çünki bu preparatlar, əsasən, antibiotiklər botulotoksinin təsirini aşağı salır.

Botulotoksinin fəsadlarına gəldikdə, S.Kərimova hesab edir ki, əgər botulotoksin inyeksiyası həkim nəzarəti altında məqsədyönlü şəkildə, dozanı aşmamaq şərtilə edilərsə, bu prosedurun heç bir yan təsiri olmur. Lakin doza aşılarsa, əzələ iflici baş verə bilər. Ümumilikdə isə şəxs ildə iki dəfə botulotoksin inyeksiyası prosedurunu etdirə bilər.

S.Kərimova qeyd edib ki, mütəxəssis olmayan bəzi şəxslər müraciət edənə botulotoksin inyeksiyasının təsirinin bir il olacağını desələr də, bu, düzgün deyil. Çünki hər dəfə vurulan botulotoksin inyeksiyası 3-6 aylıq təsir effektinə malikdir. Həmin müddət bitdikdə bu proseduru yenidən təkrar etdirmək olar. Ümumilikdə, il ərzində iki dəfə botulotoksin inyeksiyasını tətbiq etmək olar və şəxsin bu prosedurdan maksimal olaraq, necə dəfə faydalana bilməsi ilə bağlı da heç bir məhdudiyyət yoxdur. Yəni, şəxs botulotoksin inyeksiyasını istədiyi qədər həyata keçirə bilər.

Kosmetoloji mərkəzlərin qiymətləri bir-birindən niyə fərqlənir?

Trend-in apardığı araşdırma zamanı bəlli oldu ki, kosmetoloji və gözəllik mərkəzlərində botulotoksin inyeksiyasının qiyməti üzdəki qırışların vəziyyətindən - onun dərin və ya səthi olmasından asılıdr.

Əlaqə saxladığımız kosmetoloji mərkəzlərin hamısı bu prosedurdan əvvəl həkim və ya kosmetoloq baxışının olmasının vacib olduğunu və qiymətin də bunun əsasında müəyyənləşdiyini söyləyiblər.