Sənətdə nəhəng, zəhmətdə nümunə insan


Kriminal 04 May 2018 07:55:00 321 0

Sənətdə nəhəng, zəhmətdə nümunə insan

Görkəmli aktyor Kamal Xudaverdiyev unudulmaz obrazlarında və isti xatirələrdə yaşayır 

Son.az kaspi.az-a istinadən yazını təqdim edir.

Xalq artisti Kamal Xudaverdiyevin oynadığı teletamaşaları vaxtilə ekrandan maraqla izləmişəm. "Alov", "Atayevlər ailəsi", "Sarıköynəklə Valehin nağılı", "Bizim qəribə taleyimiz"... Daha sonra "Nəsimi", "Dağlarda döyüş", "Gözlə məni", "Ən vacib müsahibə" filmlərindən aktyorun oyununu sevmişəm. Milli Dram Teatrının səhnəsində oynadığı tamaşaları sevə-sevə salondan izləmişəm. İllər sonra jurnalistlik fəaliyyətimdə ekrandan və səhnədən izlədiyim aktyorla canlı müsahib olmuşam. Artıq illər sözünü demişdi. Bir qədər pessimist görkəmi vardı. Yaxın aktyor yoldaşlarının yoxluğu onu sanki küsdürmüşdü. Teatrın əvvəlki ab-havasının, görkəmli pleyadanın yoxluğu da bir tərəfdən... Aktyorun ruhu başdan-ayağa nostaljiyə köklənmişdi. Keçirdiyi ağır əməliyyatdan sonra həyata baxışları da dəyişmişdi.

Kamal Xudaverdiyevlə söhbətimizdə aktyorun uşaqlığına da boylanmış, gəncliyindən də, sənətə gəlişindən də söhbət açmışdıq.  

Gərək nizam-intizama əməl edəsən

Onun uşaqlığı müharibə illərinə təsadüf edib. Atasını erkən itirib. Ailənin yükü onun çəlimsiz çiyinlərinə düşüb. Fəhləlik edib, ailələrini dolandırıb. Ancaq əzablı günlərin içərisində qəlbinə işıq tutan ümidini itirməyib. Oxumaq, ali təhsil almaq istəyib. Arzuları onu 1961-ci ildə Azərbaycan Dövlət Teatr İnstitutunun dram və kino fakültəsinə yönəldib. Bəxti onda gətirib ki, Adil İsgəndərov, Mehdi Məmmədov, Rza Təhmasib kimi böyük sənətkarların sinfində oxuyub. Sənətin sirlərini azman aktyorlardan öyrənib. Onun istedadı, bacarığı və həvəsi də müəllimlərinin gözündən yayınmayıb. Ali təhsilini uğurla başa vuran Kamal Xudaverdiyev həmin illərdə teatrın baş rejissoru Tofiq Kazımovun təklifi ilə truppaya qəbul edilib və qısa fasilələri çıxmaqla bütün yaradıcı ömrü Akademik Milli Dram Teatrında keçib. Bu teatrın səhnəsində çoxsaylı rollar oynayıb. "Almaz"da İbad, "Aydın"da Surxay, "Kral Lir"də Kral Lir, "Xoşbəxtlər"də Sadıq, "Yalan"da Fərman, "Vaqif"də Eldar, "Mahnı dağlarda qaldı"da Bahadır, "Bağlardan gələn səs"də Kamandar, "Yollara iz düşür"də Loğman (B.Vahabzadə), "Ah Paris... Paris"də süpürgəçi və s. rollar tamaşaçıların alqışları ilə qarşılanıb. "Böyük sənətkar olmaqları öz yerində, həm də necə dəqiq idilər. İşlərinə çox məsuliyyətlə yanaşırdılar" - deyə müəllimlərini məhəbbətlə xatırlayırdı: "Bizim işimizdə təkcə istedad azdır, gərək nizam-intizama əməl edəsən. Onlardan keçib bəlkə də mənə. Çalışmışam ki, kimsə məni gözləməsin. Aktyorluq yaradıcılığı elədir ki, beş dəqiqə yubanmaq bir məşqin dayanması, bir tamaşanın pozulması deməkdir. Onu da istəmişəm ki, tərəf-müqabilim güclü aktyor olsun. Sənin inkişafın tərəf-müqabilindən çox asılıdır. Doğrudur, aktyorlar arasında elələri var ki, tərəf-müqabilin zəif olmasını istəyir. Bu, özünə xəyanətdir".

Aktyorun Azərbaycan Televiziyasında hazırlanan tamaşalarda da çəkildiyi rollar tamaşaçıların yaddaşına yazılıb. İlyas Əfəndiyevin "Atayevlər ailəsi" (İldırım), Ənvər Məmmədxanlının "Şərqin səhəri" (Cavanşir bəy), Mehdi Hüseynin "Alov" (Qaşqay), Əlibala Hacızadənin "Yadigar" (Müəllim), Nazim Hikmətin "Bayramın son günü" (Firuz) və "Şöhrət və ya unudulan adam" (doktor), Elçin Mehrəliyevin "Yurd yeri" (Mahal kişi) əsərlərində canlandırdığı rollar minlərlə tamaşaçını ekran qarşısına cəlb edib. 

"Azərbaycanfilm" kinostudiyasında "İstintaq davam edir" (Çingizov), "Ən vacib müsahibə" (Həsənov), "Dağlarda döyüş" (Rüstəmov), "Nəsimi" (Yusif), "Abşeron" (Əli), "Üzü küləyə" (kombinat müdiri), "Adanı özünlə apara bilməzsən" (ata), "Otel otağı" (alim), "Dədə Qorqud" (ata) filmlərində xaraktercə fərqli obrazlarla filmoqrafiyasını zənginləşdirib.    Əgər sənət aləmində qalsaydı...


Xəbərə aid fotolar