Mən necə fosilləşdim?


Digərləri 03 May 2018 22:55:00 250 0

Mən necə fosilləşdim?

Hər bir daşlaşmış qalıq kiçik bir möcüzədir. Bill Bryson özünün Hər şeyin kiçik tarixçəsi (A Short History of Nearly Everything) kitabında qeyd etdiyi kimi, təxminən bir milyon sümükdən yalnız biri fosilləşə bilər.

Eyni zamanda tutaq ki, bu gün ABŞ-da dəfn edilmiş insanların sümüklərinin gələcəkdə kiminsə tərəfindən aşkar edilməsi də demək olar ki, mümkün deyil.

Fosilləşmə o qədər nadir hadisədir ki, alimlər hesab edir ki, mövcud olmuş bütün heyvanların bir faizinin yalnız onda biridən azı fosilləşib. Onlardan çox az bir qismi aşkar edilib.

Biz isə insan olaraq bəzi şeylərə nəzər salmalıyıq: bizim sümüklərimiz daha sərtdir və nisbətən cüssəliyik. Yəni, meduza və ya soxulcanla müqayisədə bizim fosilləşmə ehtimalımız daha çoxdur.

Lakin bizim fosilləşmə şansımızı artıran başqa şeylər də var.

Tafonomiya dəfn, çürümə və mühafizəni öyrənən elmdir - orqanizm öldükdən fosilləşməyə qədər bütün proses.

Necə fosilləşməli sualına cavab tapmaq üçün BBC Future dünyanın bəzi ən tanınmış tafonomistləri ilə danışıb.

1. Tez dəfn edilin

"Bütün məsələ öldükdən sonra bədənin yaxşı vəziyyətdə saxlanılmasıdır - çöküntülərin altında uzun müddət qaldıqdan sonra fosilləşməyə doğru fiziki və kimyəvi dəyişiklik", Oxford Universiteti Təbiət Tarixi Muzeyinin tafonomisti və kolleksioneri Sue Beardmore deyir.

"Milyon illər qorunmaq üçün siz həmçinin ilk saatı, günləri, fəsilləri, onillikləri, əsrləri və minillikləri toxunulmaz qalmalısınız", Chicago Universitetinin professoru olan Susan Kidwell əlavə edir.

Fosilləşmənin baş tutmaması üçün sonsuz səbəblər ola bilər. Bir çox proseslər 20-50 sm torpağın altında baş verir.

Siz cəsədinizin yırtıcı heyvanlar tərəfindən yeyilməsini və ya üzə çıxmasını istəməzdiniz. Eyni zamanda qalıqlarınızın yereşən heyvanların hücumuna məruz qalmasını da arzulamazdınız.

Kanadanın Badlands ərazisində yatan sümüklər buranı dinozavr fosillərinin ən zəngin olduğu bölgələrdən biri edir

Sürətli basdırılmaya gəlincə isə, bəzən təbii fəlakətlər köməyə gəlir. Misal üçün, daşqınlar böyük miqdarda çöküntüləri gətirir və ya vulkan püskürmələri hər şeyi palçıq və ya küllə basdırır.

"Dinozavr sümüklərinin aşkarlanmasının necə mümkün olmasına dair nəzəriyyələrdən biri ondan ibarətdir ki, ilk olaraq dinozavrlar quraqlıq nəticəsində həlak olub və ardınca daşqınların gətirdiyi çöküntü və lilin altında qalıblar", Berdmore deyir.

2. Su tapın

Sözsüz ki, ilk mərhələ ölməkdən keçir, lakin siz hər yerdə ölə bilməzsiniz. Ölmək üçün münasib yerin seçilməsi əsas məsələdir.

Burada diqqətə alınmalı olan şeylərdən biri sudur. Quraqlıq şəraitində ölsəniz, heyvanların üzə çıxardığı sümükləriniz quruyub yoxa çıxacaq.

Bir çox ekspertlər hesab edir ki, ən yaxşı dəfn məkanı göllər, vadilər və çaylardır, ya da dənizin dibi.

"Ən yaxşı fosillərin əldə olunduğu yerlər göl və çay sistemləridir", Avstraliyadakı Queensland Universitetinin tafonomisti Caitlin Syme deyir.

Vacib olan çöküntülərin altında tez bir zamanda qalmaqdır. Syme deyir ki, dağlardan gələn çaylar çoxlu çöküntülər gətirir.

Ən yaxşısı isə oksigenin çatışmadığı şəraitlərdir. Bu cür yerlərdə cəsədinizlə qidalanacaq heyvanlar və mikroorqanizmlər yaşaya bilmirlər.

Düzgün mühiti seçməklə siz də arxeopteriks kimi 150 milyon il qoruna bilərsiniz

Nadir hallarda isə bu cür sakit, anoksik (oksigen çatışmazlığı olan mühit) şəraitlərdə əmələ gəlmiş fosillər dəri, lələk və daxili orqanlarını qoruya bilirlər.

Misal olaraq, Çin və Bavariyada aşkar edilmiş ilkin quşların arxeopteriksin fosillərini göstərmək olar.

Fosiliniz bioloji aktiv qatdan aşağı düşdükdən sonra stabilləşir və daha çox çöküntülərin altında qalmağa davam edir, Kidwell deyir.

Sual isə ondan ibarətdir ki, cəsədi örtən çöküntülər nə qədər sonra daşlaşmağa və geoloji fəallıq nəticəsində üzə çıxmağa başlayır.

3. Tabutu unudun

İndi fosilin texniki baxımdan nə olduğuna diqqət yetirək və bədəninizin necə bir fosil olmasını istədiyinizə nəzər salaq.

Ümumən təxminən 50 000 il yaşa malik istənilən şey "subfosil" olaraq tanınır. Onlar əsasən hələ də orqanizmin orijinal toxumalarından ibarətdir.

Buna misal olaraq Cənubi Amerikada tapılmış nəhəng məməli tənbəlləri, Avropadakı mağara ayılarını və Avstraliyada aşkar edilmiş kisəli aslanları göstərmək olar.

Buna baxmayaraq bədəninizin milyon illər mövcud olacaq fosilə çevrilməsini istəyirsinizsə, onda mineralların sümüklərinizə hoparaq onları daha sərt maddələrlə əvəzləməsində maraqlı olmalısınız.

"Permineralizasiya" adlanan bu proses bir növ tamhüquqlu fosil yaradır. Proses milyon illər ərzində baş verir.

Buna görə də tabutdan əl çəkin. Tabut skeleti yaxşı vəziyyətdə qoruyub saxlasa da, bu prosesə mane olacaq.

Lakin tabutun işə yaraması da mümkündür. New South Wales Universitetinin paleontoloqu Mike Archer içi qumla dolu və yüzlərlə kiçik dəliyi olan beton tabutda dəfn edilməyi təklif edir. Daha sonra isə onu suyun axacağı qədər dərində basdırılması lazımdır.

Minerallara gəlincə isə, kalsitə çökə biləcək kalsium ionları xüsusilə yaxşıdır. "O, bədəni bir növ sementləşdirib onu qoruyur ki, bu da uzun müddət üçün çox faydalıdır", Syme deyir.