Yazılı sevgi etiraflarının "hücum"una məruz qalan kiçik Mərdəkan qalası FOTO


Digərləri 03 May 2018 22:23:00 691 0

Yazılı sevgi etiraflarının "hücum"una məruz qalan kiçik Mərdəkan qalası  FOTO

Son.az Trend-ə istinadən Bəxtiyar Hacıyevin yazısını təqdim edir

Mərdəkan qalası deyiləndə, adətən, əksəriyyətin tanıdığı dördkünc qala nəzərdə tutulur. Lakin böyük qalanın ən yuxarı mərtəbəsinə çıxıb ətrafa diqqətlə nəzər salsaq, sahilə tərəf, təqribən yarım km aralıda daha bir qalanı görmək olar. Bu, dairəvi Mərdəkan qalası və ya yerli sakinlərin dediyi kimi, "Şıx qalası"dır.

Ümumiyyətlə, Mərdəkan iki tarixi qalanın müasir dövrümüzə qədər gəlib çatdığı yeganə qədim Abşeron kəndidir.

Sahildən təxminən 1,5 km məsafədə yerləşən dairəvi qalanın hündürlüyü 12,5 metrdir. Memarı Əbdülməcid Məsud oğludur.

Bürclü qalanın üzərindəki kitabədən abidənin Şirvanşah Güştasp (Gərşəsb) Fərruxzad oğlunun hakimiyyəti illərində (1204-1225), 600-cü mordad ayında tikildiyi məlum olur. Bəzi alimlər mordad ayı yazısına əsaslanaraq qalanın 1221-ci ildə, bir qismi isə hicri-qəməri təqvimi ilə hesablayaraq 1203-1204-cü illərdə inşa edildiyini bildirirlər.

Hazırda bir hissəsi pozulmuş kitabədə yazılıb:

"Bu qala həqiqətən uca, müdrik, ədalətli, (Allahın) himayə etdiyi müzəffər, qalib, dinin döyüşçüsü, dünyanın, dinin... və müsəlmanların əzəməti, dinin qoruyucusu Gərşəsb ibn Fərruxzad ibn Mənuçöhrün zamanında tikilib". "Sahibi... sipahsalar (sərkərdə) möhtərəm, müdrik (Allahın) himayə etdiyi, hörmətli, dövlətin və dinin ulduzu... İshaq ibn Kakuyidir. Allah onun qüdrətini əbədi etsin! Tarix: mordad ayı, 600-cü il".

Qeyd edək ki, İshaq ibn Kakuyi Şirvanşahlar ordusunun ali sərkərdəsi olub.

Tikilinin "Şıx qalası" adlandırılması bu ərazinin orta əsrlərdə Şeyx Əbu Səid Əbubəkrə məxsus olması ilə izah edilir. Lakin təhlükə zamanı ətrafa, eləcə də yaxınlıqdakı qalalara məlumat ötürmək və gəmilərə yol göstərmək məqsədilə qalaların üzərində tonqal qalanması bu bürcə hansı səbəbdən həm də "İşıq qala" deyilməsinə müəyyən qədər aydınlıq gətirir. Tarixçi alim Tağı Musəvi isə "Bakı tarixinə aid orta əsr sənədləri" kitabında yazır ki, Sankt-Peterburqda, SSRİ Elmlər Akademiyasının arxivində akademik B.A.Dornun fondunda Şeyx Əbu Səid Əbülxeyrin məqbərəsinin mütəvəlliyi haqqında Sədarət divanının 1699-cu ildə verilmiş bir hökmü saxlanılır. Hökmdə deyilir: "Əmir Xəlilullahın oğlu Fərrux Yasar Şeybani əkinəcəyini oradakı qatı neft quyusu ilə birlikdə, Şüvəlandakı beş üzüm bağı sahəsini və meşə yerini Bakuyə yaxınlığında dəfn olunmuş Şeyx Əbu Səidin müqəddəs məzarına vəqf edib".