Müqəddəs Məryəm Katolik Kilsəsində görüş FOTO


Digərləri 03 May 2018 16:58:00 283 0

Müqəddəs Məryəm Katolik Kilsəsində görüş  FOTO

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Millətlərarası münasibətlər, Multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Etibar Nəcəfov Bakıda yerləşən Müqəddəs Məryəm Katolik Kilsəsini ziyarət etmiş, kilsə binasındakı rəsm qalereyası, ibadət zalı və inzibati bina ilə tanış olmuşdur. Daha sonra Azərbaycan Respublikasında Katolik kilsəsinin Apostol Prefekturasının ordinarisi, yepiskop Vladimir Fekete ilə görüş keçirilmişdir.

Son.az xəbər verir ki, görüşdə əməkdaşlıq məsələləri müzakirə və onun inkişaf perspektivləri ətraflı müzakirə edilmişdir. Görüşdə həmçinin yepiskop Vladimir Fekete ölkəmizdə katolikliyin tarixi və fəaliyyəti haqqında geniş məlumat verərək, dövlətin icmaya göstərdiyi qayğıdan yüksək məmnunluğunu ifadə etmişdir. Etibar Nəcəfov öz növbəsində ümummilli lider Heydər Əliyevin Katolik dini icmasına yüksək diqqət və qayğı ilə yanaşmasından, hazırda bu siyasətin Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən bəhs etmişdir. O, həmçinin Azərbaycan Respublikasının birinci vitse-prezidenti Mehriban Əliyevanın da katolik icmasına xüsusi diqqət yetirməsindən, Heydər Əliyev Fondunun Roma Katolik Kilsəsi ilə sıx əməkdaşlığından danışmışdır.

Görüşdə yepiskop Vladimir Feketeyə "Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev multikulturalizmin Azərbaycan modeli haqqında" kitabı təqdim edilmişdir.

Görüşdə Millətlərarası münasibətlər, Multikulturalizm və dini məsələlər şöbəsinin böyük məsləhətçisi Ceyhun Məmmədov da iştirak etmişdir.

Qeyd edək ki, Azərbaycanda katolik icmalarının inkişaf dövrü orta əsrlərə təsadüf edir. Bu dövrdə Bakıda, Şamaxıda, Gəncədə, Təbrizdə, Naxçıvanda və başqa şəhərlərdə Roma-katolik kilsəsinin mənsubları məskunlaşaraq monastır, kilsə və tədris ocaqları yaratmışlar. Şimali Azərbaycanın Rusiya imperiyası tərəfindən işğalından sonra bütün katolik icmalar öz fəaliyyətlərini dayandırsalar da, XIX əsrin ikinci yarısından - XX əsrin əvvəllərinə qədər olan dövr icmanın həyatında əhəmiyyətli mərhələ dövrü kimi səciyyələnmişdir. Çünki bu dövrdə Azərbaycanda katolik xristianlığına və digər qərb kilsələrinə mənsub əcnəbilərin artımı baş vermişdir. Bunun səbəbi "neft bumu", Polşa üsyanı iştirakçılarının və Rusiya imperiyasının bütün bölgələrindən olan katoliklərin Qafqaza sürgünü ilə əlaqədardır.

XIX əsrin 80-ci illərində Bakıda katoliklərin sayı min nəfəri ötmüşdü. Bakı prixodu da elə bu dövrdə müstəqilləşmişdir. Sonralar isə Müqəddəs Məryəmin Bakirə Hamiləliyi şərəfinə kilsə (1895-ci ildə) tikilməyə başlamış və onun fəaliyyəti 1900-cu ildə Çar fərmanı ilə təsdiqlənmişdir. Bundan başqa, Bakı qəbiristanında 1903-cü ildə Müqəddəs Xaç kilsəsi, 1912-ci ildə isə qotik üslublu Müqəddəs Məryəmin Bakirə Hamiləliyi katolik məbədi tikilmişdir.

Sovetlər İttifaqı dağılandan və Azərbaycan Respublikasının dövlət müstəqilliyi yenidən əldə olunduqdan sonra ölkəmizdə katolisizmin dirçəlməsinə şərait yaranmışdır. Xüsusən ümummilli lider Heydər Əliyevin yerli katolik icmanın inkişafında oynadığı mühüm rol danılmazdır. Onun yerli katolik dindarlarına qayğı göstərməsi respublikamızda katolik icmanın inkişafına rəvac vermişdir.

Günümüzdə bu siyasət dövlət başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycan Respublikası ilə Vatikan dövləti arasında qurulan yüksək diplomatik əlaqələr fonunda katolik icmanın hərtərəfli dövlət dəstəyi ilə əhatə olunması bunu deməyə əsas verir.

Qeyd edək ki, ilk dəfə katolik icması 31 yanvar 2002-ci ildə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən dövlət qeydiyyatından keçmişdir. Elə həmin ilin may ayında ölkəmizdəki katoliklərin tarixində ən yaddaqalan hadisə baş verir. Belə ki, ulu öndər Heydər Əliyevin dəvəti ilə Roma Papası II İoann Pavel ölkəmizə rəsmi səfərə gəlir. Pontifikin səfəri Azərbaycandakı katoliklərin taleyində yeni səhifə açır. Hava limanında ümummilli lider Heydər Əliyev tərəfindən qarşılanan Katolik Kilsəsinin başçısı çoxsaylı mərasim və görüşlərdən sonra Əl Oyunları Sarayında messa keçirir.


Xəbərə aid fotolar