Bu həkimlər cərimələnəcək


Digərləri 03 May 2018 13:46:00 219 0

Bu həkimlər cərimələnəcək

"Resept yazarkən bioloji aktiv maddələrin adlarını da qeyd edən həkimlər barəsində inzibati qaydada məsuliyyət tədbiri görüləcək".

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin Hüquq və daxili nəzarət sektorunun müdiri Elxan Əzizov deyib.

O qeyd edib ki, bir çox Avropa ölkələrində olduğu kimi, artıq Azərbaycanda da bioloji aktiv maddələr geniş istifadə olunur:

"Həkimlər resept yazarkən bu maddələrin adlarını resept blanklarına əlavə edərsə, onlar barəsində inzibati qaydada məsuliyyət tədbiri (cərimə) görüləcək. Çünki dərk edilməlidir ki, bioloji aktiv maddələr qida əlavəsidir. Onlar müalicə məqsədilə istifadə olunmur. Xəstəliklərin müalicəsində sırf dərman preparatlarından istifadə etmək lazımdır. Gərək hər həkim bu fikri öz xəstələrinə izah etsin".

E.Əzizov əlavə edib ki, bioloji aktiv maddələr dərman vasitələri olmadığından istehsalçılarına da bioloji aktiv maddələrin üzərində onların dərman vasitəsi olmadıqları barədə bildiriş qeyd edilməsi tələbi qoyulub. Bu tələbə riayət etməyənlər üçün məsuliyyət nəzərdə tutulub.