"Nar" 2018ci ilin ilk rübünün nəticələrini açıqladı


Digərləri 03 May 2018 12:32:00 281 0

"Nar" 2018ci ilin ilk rübünün nəticələrini açıqladı

"Azerfon" MMC ("Nar" ticarət nişanı) cari ilin ilk rübünün nəticələrini açıqlayıb. Nəticələrə əsasən, bu dövr ərzində şirkət bir çox göstəricilər üzrə yüksək artım dinamikası nümayiş etdirib. Bu göstərici üzrə təkcə paytaxt ərazisində deyil, həmçinin bölgələrdə də yüksək nəticə əldə edilmişdir ki, bu da mobil operatorun regionlardakı şəbəkəsini gücləndirməsi sayəsində mümkün olmuşdur. Belə ki, "Nar"-ın sərfəli internet paketləri sayəsində ilin ilk rübündə mobil internetdən istifadədə 68% artım olmuşdur. Dünya təcrübəsində mobil zənglərə tələbatın azalma trendinə baxmayaraq, "Nar"-da səsli zənglərin həcmi keçən ilə nisbətdə dəyişməz olaraq qalmışdır.  

Cari ilin ilk üç ayı ərzində mobil operator ölkə ərazisində 156 yeni baza stansiyası quraşdırmışdır. Mobil operator Bakı şəhəri və Abşeron yarımadasında  84, Gəncə, Göyçay, Quba, Cəlilabad, Mingəçevir, Salyan, Şəki, Şəmkir, Tovuz, Zaqatala və respublikanın digər bölgələrində isə 63 yeni LTE baza stansiyasını istifadəyə vermişdir. Artıq bölgələrdəki "Nar" abunəçiləri də mobil operatorun LTE texnologiyası ilə təmin etdiyi 225 Mbit/s çatan sürət sayəsində internet resurslarından daha səmərəli şəkildə istifadə edirlər. 

"Cari ilin ilk rübündə göstərdyimiz nəticələri çox müsbət qiymətləndirirəm. Bu nəticələr "Nar"-ın sərfəli qiymətləri və abunəçi yönümlü strategiyası sayəsində mümkün olmuşdur. Şəbəkə infrastrukturuna yatırdığımız sərmayələr nəticəsində 3G və 4G şəbəkəmizi əhəmiyyətli dərəcədə genişləndirdik", - deyə "Azerfon" MMC-nin baş icraçı direktoru Qunnar Panke nəticələri şərh edərkən bildirib.