Saxta dərmanlar: sağlamlıq üçün potensial təhlükə


Digərləri 03 May 2018 10:21:00 287 0

Saxta dərmanlar: sağlamlıq üçün potensial təhlükə

Son.az Day.az-a istinadən kardioloq Vüsal Vəliyevin yazısını təqdim edir:

Son günlər Baş Prokurorluğun mətbuat xidmətinin saxta dərman mafiyasına qarşı aparılan əməliyyat-istintaq tədbirləri haqqında yaydığı xəbər geniş müzakirə olunur. Vətəndaşın belə xəbərləri eşitdikcə həm dərmanlara qarşı, həm həkimlərə qarşı güvəni sarsılır. At izinin it izinə qarışdığı bir zamanda xəstə olmaq da çətindir, həkim işləmək də. 

2017-ci ildə Dünya Səhiyyə Təşkilatı (WHO) saxta dərmanlar haqqında raport yayınlamışdı. Raportda başlıca qeydlərə nəzər salaq; 1)dünyanın istənilən regionunda saxta dərman var, 2)dünyada hər 10 dərmandan 1-i saxtadır, 3)antibiyotiklər və malyariya dərmanları ən çox saxtalaşdırılan dərmanlardır, 4) saxta dərmanların ticarət dövriyyəsi ildə 30 milyard dollardır, 5) internet üzərindən, apteklərdə satılan dərmanlarla yanaşı, hətta hospital və klinikalarda da saxta dərmanlar var, 6) saxta dərmanlar əsasən kasıb və aşağı gəlirli, geri qalmış və inkişaf etməkdə olan ölkələrdə yayılıb, 7) hər il yüz minlərlə uşaq saxta dərmanlar ucbatından pnevmoniya və malyariya xəstəliklərindən ölür.  O raportda dünyanın siyasi xəritəsi var və 2013-2017-ci illərdə saxta dərman olan ölkələr göy rəngə boyanıb. Qonşularımız göy rəngdədir.  Xəritədə Azərbaycan da göstərilib, amma rənglənməyib. Bu, iki mənaya gəlir; ya bizdə o tarixlərdə saxta dərman olmayıb, ya da məlumat Dünya Səhiyyə Təşkilatına ötürülməyib. Əlbəttə ki, ikinci variant doğrudur. Ümumiyyətlə, həmişə Dünya Səhiyyə Təşkilatının raportlarında Azərbaycana fikir vermişəm, ya statistika olduğundan az göstərilir, ya da "məlumat yoxdur" deyə qeyd edilir.