Meyvə ağaclarını əkəndə nəyə diqqət yetirmək lazımdır


Digərləri 02 May 2018 23:45:00 277 0

Meyvə ağaclarını əkəndə nəyə diqqət yetirmək lazımdır

Hazırda meyvə ağaclarının əkilən vaxtıdır. Bəs ağac əkərkən nəyə diqqət yetirmək lazımdır? Son.az AZƏRTAC-a istinadən bununla bağlı mütəxəssis məsləhətini təqdim edir.

Ağaclar yaz və payız aylarında əkilməlidir. Əgər əkin payızdadırsa, o zaman oktyabrın ikinci yarısından gec olmayaraq, əgər yazdadırsa, aprelin ikinci yarısı - mayın əvvəlindən gec olmayaraq həyata keçirilməlidir. Gec əkildiyi zaman zəif kök salır və əlavə suvarmaya ehtiyac olur.

Meyvə ağaclarının əkilməsi zamanı əkin materiallarının vəziyyəti önəm kəsb edir. Əgər köklər quruyubsa, ağacı əkmədən öncə onları 12-24 saat suda saxlamaq lazımdır. Köklərin quruması ağacın tutub-tutmamasına mənfi təsir göstərir. Köklərdə qurumuş hissələr varsa, ehtiyatla sağlam köklərə qədər kəsilməlidir. Kəsərkən maksimum az və düz (əyri kəsmək olmaz) kəsmək lazımdır.

Əkinin düzgün dərinliyini bilmək də çox vacibdir. Dərinlik az olarsa, ağacın kökləri qışda şaxtadan, yayda isə istidən məhv olar. Əksinə, çox dərinə əkilərsə, o zaman da ağac quruyur, kökləri zəif inkişaf edir. Ağacı düzgün əkmək üçün nəzərə almaq lazımdır ki, əkin zamanı yeni qazılmış çuxur yenidən torpaq ilə örtüldüyü zaman müəyyən daralma baş verir. Düzgün əkilmiş ağacın kök boyuncuğu (kökün gövdəyə keçid hissəsi) torpağın səthindən 4-5 santimetr hündürlükdə olmalıdır. Əkildikdən sonra ağac çuxurda normal vəziyyət alır. Belə ki, onun kök hissəsi torpaq qatı ilə eyni səviyyədə olacaq. Çuxurun uzunluğu boyunca nazik dirək qoyaraq ağacın əkilməsi üçün lazımi dərinliyi asanlıqla təyin etmək olar.