9cu sinif buraxılış imtahanının birinci mərhələsinin nəticələri açıqlandı


Digərləri 02 May 2018 15:59:00 430 0

9cu sinif buraxılış imtahanının birinci mərhələsinin nəticələri açıqlandı

Dövlət İmtahan Mərkəzi (DİM) martın 4-də Bakı, Şirvan, Naxçıvan, martın 11-də isə Sumqayıt, Abşeron, Gəncə, Göygöl, Samux, Naftalan, Goranboy, Daşkəsən, Şəki, Oğuz, Qəbələ, Lənkəran, Astara, Biləsuvar, Ağsu, Zərdab, Şamaxı, Kürdəmir, Ağdam, Yevlax, Bərdə, Tərtər, İmişli, Saatlı, Sabirabad, Xaçmaz, Şabran rayonlarının ümumtəhsil müəssisələrinin 9-cu sinif şagirdləri üçün keçirilmiş buraxılış imtahanının I mərhələsinin nəticələrini elan edib.

DİM-dən Son.az-a verilən məlumata görə, imtahanda iştirak etmiş şagirdlər (75090 nəfər) DİM-in internet saytında https://eservices.dim.gov.az/netorta/default.aspx keçidinə daxil olaraq iş nömrəsi və şəxsiyyəti təsdiq edən sənədin nömrəsindən (və ya FİN kodundan) istifadə etməklə öz imtahan nəticələri, cavab vərəqinin ön və arxa üzünün qrafik təsviri, qapalı tipli tapşırıqların doğru cavabları, həmçinin hər bir açıq tipli tapşırıq üzrə qiymətləndirmə meyarları ilə tanış ola bilərlər.

Beləliklə, şagirdlər öz yazı işləri, hər bir tapşırıq üzrə topladığı bal və qiymətləndirmə meyarları ilə tanış olmaq imkanına malikdirlər.

Şagirdlər imtahan nəticələri haqqında məlumatı, həmçinin mobil operatorlar (Azercell, Bakcell, Nar) vasitəsilə "iş nömrəsi"ni 7727 nömrəsinə göndərməklə öyrənə bilər.

Qeyd edək ki, buraxılış imtahanının birinci mərhələsində şagirdlərə ana dili fənnindən 10 açıq və 10 qapalı, riyaziyyat fənnindən 10 açıq tipli olmaqla ümumilikdə 30 tapşırıq təqdim olunur. Bu mərhələdə Azərbaycan (rus) dili və riyaziyyat fənlərinin hər biri üzrə toplanıla biləcək maksimal bal 30-dur. Balların hesablanması qaydasına görə şagirdlərin Azərbaycan (rus) dili fənni üzrə açıq tipli tapşırıqlardan topladıqları ballar cəmlənir və 2-yə vurulur. Qapalı tipli tapşırıqların hər biri 1 balla qiymətləndirilir. Riyaziyyat fənni üzrə isə açıq tipli tapşırıqlardan toplanılan ballar cəmlənir və 3-ə vurulur.