ABŞ məhkəməsi İranın 11 sentyabr qurbanlarının qohumlarına təzminat ödəməsi ilə bağlı hökm çıxarıb


Dünya 02 May 2018 15:04:01 330 0

ABŞ məhkəməsi İranın 11 sentyabr qurbanlarının qohumlarına təzminat ödəməsi ilə bağlı hökm çıxarıb

Məhkəmənin qərarına görə, İran hökuməti, İİKO və İran Mərkəzi Bankı 1008 nəfərin ölümündə təqsirkar bilinib

ABŞ məhkəməsi İranın 11 sentyabr qurbanlarının qohumlarına təzminat ödəməli olması iləbağlı hökm çıxarıb.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, məhkəmənin qərarına görə, İran hökuməti, İran İnqilabı Keşikçiləri Ordusu (İİKO) və İran Mərkəzi Bankı 1008 nəfərin ölümündə təqsirkar bilinib. Bu baxımdan, İran hökumətinin ölənlərin yaxınlarına təzminat ödəməli olmasına dair hökm verilib.

Kompensasiyanın məbləği qohumluq dərəcəsindən asılı olaraq dəyişir: hər bir mərhumun həyat yoldaşına 12,5 milyon dollar, valideyninə və uşaqlarına 8,5 milyon dollar, qardaş və bacılarına 4,25 milyon dollar ödənilməlidir.

11 sentyabr hücumlarını araşdıran xüsusi komissiyanın İranın terror aktlarında iştirakına dair birbaşa dəlil aşkar etməməsinə baxmayaraq, Nyu-York məhkəməsi əldə olan materialların Tehranın "Əl-Qaidə" terror qruplaşmasına maliyyə yardımı etməsi üçün kifayət olduğu qənaətinə gəlib.

Xatırladaq ki, 2001-ci il sentyabrın 11-də Nyu-Yorkda törədilən terror aktları zamanı ölənlərin yaxınları 2004-cü ildə İran hökumətinə qarşı iddia qaldırıblar.