“Sel gəlsə, bu evləri basıb aparacaq”


Digərləri 02 May 2018 14:09:00 307 0

“Sel gəlsə, bu evləri basıb aparacaq”

Çayların kənarında yaşamaq müəyyən qədər əlverişli olsa da, bu, bir o qədər də təhlükəlidir.

Son.az bildirir ki, ARB TV-nin "Günə doğru" proqramında çay kənarında yaşayan sakinlərlə bağlı maraqlı süjet hazırlanıb. Şimal-qərb bölgəsində, xüsusilə də Şəkidə sel sularının yaşayış ərazilərini basması, təsərrüfat və obyektlərə ciddi ziyan vurması ilə bağlı hadisələr yetərincə olub. Ən gursulu çayların məhz burda yerləşdiyini də nəzərə alsaq, aprel və may aylarında güclü yağışlar və qarın əriməsi nəticəsində çay yataqları yaranmış artıq su kütləsini qəbul edə bilmir və məcrasından çıxaraq ətraf əraziləri basır. Sakin: "Vaxtilə bu ərazilərdə 70-80 ev olub. Sel aparıb. Betonlar köhnəlib, vaxtı gedib. Nə vaxtsa sel gəlsə, bu evləri basıb aparacaq". Elə bu kimi xoşagəlməz hadisələrin miqyasını azaltmaq üçün hələ ötən əsrdən çayların kənarları bəndlənib. Lakin həmin dövrdən uzun müddət keçməsi bəzi ərazilərdə selqoruyucu bəndləri dağıdıb. Sakin: "Bəndlər qurulsa, təhlükəsizdir. Yoxsa qorxuludur. Bunlar ən dəhşətli çaylardır". Dilbazi Cəmilov - mütəxəssis: "Tədbirlər görülməsə, çay öz səviyyəsini qaldırıb ətrafa ziyan vura bilər".  Mütəxəssislərin fikrincə, çaylarda bənd salınan zaman bəndlərin keyfiyyəti ilə yanaşı, hündürlüyü də nəzərə alınmalıdır.  Dilbazi Cəmilov - mütəxəssis: "İstinad divarı təxminən 3-4 metr aşağıdan 5-6 metr yuxarıya qədər olmalıdır ki, dağıdıcı sellərə davamlı ola bilsin".  Mövzu ilə bağlı Şəki Suvarma Sistemləri İdarəsindən bildirdilər ki, ötən il Kiş çayının sol sahilində mövcud 1300 metr daş beton istinad divarı 1 metr hündürləşdirilib. Bundan əlavə 300 paqonometr də əlavə selqoruyucu bənd tikilib. Zəyzid, Küngüt və Şin çaylarına isə əlavə bəndlərin çəkilməsi nəzərdə tutulur. Şəhər daxilində olan Qurucana çayı ilə bağlı isə Memarlıq və Tikinti Şöbəsindən bildirdilər ki, 2013-cü ildə hazırlanan layihə əsasında hələlik çayın bir qisminə yeni bənd salınıb. Mütəxəssislər, bəndlərin salınmasından əlavə çay yataqlarının təmizlənməsinin də sel təhlükəsinin qarşısının alınması baxımından önəmli olduğunu deyirlər.


Xəbərə aid fotolar