"Azərbaycanın Paşinyanı yola gətirmək üçün imkanları var"


Siyasət 02 May 2018 13:12:00 222 0

"Azərbaycanın Paşinyanı yola gətirmək üçün imkanları var"

Ermənistan sükansız qalmış gəmiyə bənzəyir

"İndi Ermənistanda hakimiyyətə yeni gələnlərə Bakıdan mesaj yollanmalıdır" "Ermənistan okeanda sükansız qalan gəmiyə bənzəyir, istənilən istiqamətə yön ala bilər. Biz isə, öz növbəsində, belə bir gəminin istənilən marşrut trayektoriyasını öyrənməliyik. Biz indiki vəziyyətdə ermənilər qədər "Ermənistanda hadisələr necə inkişaf edə bilər?" sualı üzərində düşünməliyik. Ermənistanda vətəndaş müharibəsi başlayarsa, bu, nə dərəcədə Azərbaycanın xeyrinədir? Bu sual üzərində də düşünməyə dəyər. Ermənistan 1990-cı illərin əvvəllərində bizdəki qarışıqlıqdan istifadə edərək Rusiyanın dəstəyi ilə Azərbaycanı vətəndaş müharibəsinin astanasına gətirdi və müdafiəsi zəifləyən torpaqlarımızı işğal etdi. İndi də Ermənistanda eyni vəziyyət yaranıb. Biz də vaxtilə ermənilərin istifadə etdiyi taktikadan istifadə etməliyikmi?"

Son.az xəbər verir ki, bunu "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi ekspert Elxan Şahinoğlu bildirib. Politoloq qeyd edib ki, onun müşahidələrinə görə, Azərbaycanda bu suala cavabda iki yanaşma tərzi var:

İrəvandakı dinc inqilab ənənəvi erməni terroruna çevrilə bilər "Bir qism deyir ki, yaxşı fürsət yaranıb, ordumuz hücuma keçib torpaqlarımızı azad edə bilər. İkinci qism isə tam tərsinə, deyir ki, hücuma keçsək, Ermənistan cəmiyyəti Azərbaycana qarşı mübarizədə yenidən birləşəcək, bu isə bizə lazım deyil. İkincilərin digər arqumenti budur ki, Ermənistandakı dərəbəyliyin davamını gözləmək lazımdır. Məsələnin başqa tərəfi də var. 1990-ci illərdə Ermənistan Rusiya ilə birgə Azərbaycana qarşı hərəkət etdi. Burada rollar dəyişməyəcək. Rusiya bizimlə birgə bu dəfə Ermənistanı zəiflətmək üçün hərəkət etməyəcək. Bu, Moskvaya lazım deyil. Yəni biz hücuma keçsək belə, yenə qarşımızda Rusiyanı görəcəyik".

Bəli, müharibə variantının riskləri az deyil. Ancaq Ermənistanı elə bugünlərdə də hərbi təzyiq altında saxlamağa, snayperlərimizin dəqiq atəşlərini davam etməsinə Rusiya bizə mane olmur, ola da bilməz. O ki qaldı Ermənistanda vətəndaş müharibəsi ssenarisinin bizə nə dərəcədə yararlı olub-olmamasına, işğalçını daxildən zəiflədəcək istənilən ssenari xeyrimizədir. Bir şərtlə ki, baş verənlərə tam seyrçi qalmayaq. Məsələn, Paşinyana Gürcüstan üzərindən mesajlar göndərməkdə qəbahət görmürəm. Dağlıq Qarabağ məsələsində Sarqsyanın dediklərini təkrarlasa da, hər halda o, nə Köçəryandır, nə də Sarqsyan. Mənə elə gəlir ki, onu doğru yola gətirmək üçün əlimizdə iqtisadi və hərbi alətlər var. Sadəcə, bu alətləri işə salmaq lazımdır".

Xatırladaq ki, aprelin 13-dən İrəvanda "Yelk" fraksiyasının və son "inqilabi hərəkat"ın lideri Nikol Paşinyanın rəhbərliyi ilə sabiq prezident Serj Sarqsyanın baş nazir seçilməsinə qarşı başlayan aksiyalar hələ də davam edir. Aprelin 23-də S.Sarqsyan vəzifəsindən istefa verib. Ötən gün isə Ermənistan parlamentində "Yelk" fraksiyasından namizədliyi irəli sürülən və ölkədəki son "inqilabi hərəkat"ın lideri Nikol Paşinyan baş nazir seçilə bilməyib. Belə ki, deputatların 45-i onun lehinə səs (53 zəruri səs lazım idi) versə də, bu, kifayət etməyib. Çünki onun əleyhinə 56 deputat səs verib.

Bundan sonra Nikol Paşinyan tərəfdarlarını mayın 2-si səhər saatlarından ümumi vətəndaş itaətsizliyi aksiyasına başlamağa, ölkədə tətil elan etməyə və aeroporta gedən bütün yolları bağlamağa çağırıb. Buna cavab olaraq Paşinyan tərəfdarları onun çağırışı ilə İrəvanda hava limanı yolunu hər iki tərəfdən bağlayıblar.

Qeyd edək ki, qanuna əsasən, parlament növbəti dəfə baş nazir seçməyə çalışmalıdır. Əks halda qanunverici orqan avtomatik olaraq buraxılacaq və ölkədə erkən parlament seçkiləri keçiriləcək.

İlkin İzzət Son.az