Rusiyada II Dünya müharibəsi zamanı həlak olmuş 6 azərbaycanlının cəsədi tapıldı


Digərləri 02 May 2018 12:53:00 233 0

Rusiyada II Dünya müharibəsi zamanı həlak olmuş 6 azərbaycanlının cəsədi tapıldı

Rusiyanın Pskov şəhərində İkinci Dünya müharibəsi zamanı əsirlikdə həlak olmuş altı azərbaycanlının cəsədi tapılıb.

Son.az xəbər verir ki, Azərbaycanın Rusiyadakı səfirliyindən APA-ya verilən məlumata görə, "Rusiya Qadınlar İttifaqı" ictimai təşkilatının Pskov regional bölməsi İkinci Dünya müharibəsi zamanı həlak olmuş və Pskov vilayətinin Porxov şəhəri ətrafında hərbi əsirlərin saxlanıldığı keçmiş "Dulaq-100" adlı düşərgənin yerində dəfn edilmiş əsgərlərin qohumlarının axtarışı ilə məşğul olur.

Həmin düşərgədə təxminən 85 min əsirin dəfn olunduğu güman edilir. Hazırda cəmi 1000 nəfərin adları müəyyən edilib. "Rusiya Qadınlar İttifaqı" təşkilatı tərəfindən Azərbaycanın Rusiyadakı səfirliyinə göndərilən məktuba əsasən onların arasında azərbaycanlılar da var.   "Məktubda qeyd olunan siyahı həlak olmuş soydaşlarımızın yaxınlarının tapılması məqsədilə səfirlik tərəfindən ictimaiyyətə təqdim olunur. Bundan əlavə, sözügedən məlumat Azərbaycan Respublikasının aidiyyəti qurumlarına da göndərilib. Onu da bildiririk ki, təşkilatın məktubunda əks olunmuş adların bəzilərinin yazılışında qeyri-dəqiqliyə yol verildiyi ehtimal olunur. Bununla bağlı hər hansı yeni məlumat əldə edəcəyimiz təqdirdə, ictimaiyyətə məlumat veriləcək", - deyə səfirliyin məlumatında bildirilib.   Siyahıda adları olan Azərbaycan sakinləri aşağıdakılardır (ad-soyadlarda yanlışlıq ola bilər):

1913-cü il təvəllüdlü Qureyev Satar

1913-cü il təvəllüdlü Quriyev Səftər (Gədəbəy sakini)

1923-cü il təvəllüdlü Pavel Malikov (Bakı sakini)

1920-ci il təvəllüdlü Cəfər Məmmədov (Şəki şəhəri sakini )

1915-ci il təvəllüdlü Mustafayev Pirverdi (Qazax rayonu sakini)

1917-ci il təvəllüdlü Nəcəfov Nəcəf.