Müharibə meydanında eşq


Digərləri 01 May 2018 21:10:00 301 0

Müharibə meydanında eşq

Lui de Bernyerin “Kapitan Korellinin mandolinası” romanı haqqında qeydlər...

Lui de Bernyerin "Kapitan Korellinin mandolinası" romanı haqqında qeydlər...

Çətin oxunan möhtəşəm roman

2011-ci ildə BBC-nin tərtib etdiyi, "200 ən yaxşı roman" siyahısına düşən, ingilis dilində yazılmış ən çətin oxunan kitablardan biri hesab olunan, ingilis yazıçısı Lui de Bernyerin "Kapitan Korellinin mandolinası" romanı, 2017-ci ildə "TEAS press" nəşriyyatında işıq üzü görüb. Kitabı ingilis dilindən tərcümə edən Sevil Gültəndir.

2002-ci ildə Con Madden tərəfindən ekranlaşdırılan romanın əsas mövzusu müharibə meydanında cərəyan edən bir eşq hekayəsidir. Lu de Bernyer Tolstoy və Dikkens ənənəsinə sadiq qaldığı bu romanı ilə, ədəbiyyat aləmində layiqli iz qoymağı bacarıb desək, yanılmarıq. 1995-ci ildə bu roman müəllifinə Böyük Britaniyanın ən nüfuzlu ədəbiyyat mükafatı hesab olunan "Commonwealth Writers" Mükafatını qazandırıb. Bu romana qədər Bernyer 1991 və 1992-ci illərdə ardıcıl olaraq "Commonwealth Writers" Mükafatının qalibi olub. Bernyerin Türkiyə tarixindən bəhs edən "Qanadsız quşlar" romanı da kifayət qədər populyardır. "Kapitan Korellinin mandolinası" romanı üslub, texnika və peşəkarlıq baxımından mübahisəsiz böyük ədəbiyyat nümunəsi hesab olunur. Romanın axıcılığı, hadisələrin bir-birinə bağlı inkişafı, yazar təxəyyülünün qəribə və ovsunlayıcı sehri oxucunu öz təsirində saxlamağı bacarır.

Amansız savaşda eşq hekayəsi

"Kapitan Korellinin mandolinası" romanında hadisələr II Dünya Müharibəsi dövründə baş verir. İtaliyalı bir əsgər olan Karlo qorxaq və çəkingəndir. Homoseksual olan Karlo Françesko adlı əsgər yoldaşına aşiq olub və eşq əzabı çəkir. Onların həyatı Yunanıstana göndərildikdən sonra dəyişir. İtaliyanlar öz əsgərlərinə ingilis uniforması geyindirib Yunanıstana göndərməklə, müharibənin gedişatını dəyişmək, bu təxribat sayəsində Yunanıstana müdaxilə etməyi düşünürlər. Əməliyyat üçün elə əsgərləri seçirlər ki, onların ölümü böyük səs-küy doğurmasın. Karlonun bu əməliyyata seçilməsinin səbəbi cəsarətsizliyi olsa da, o bütün çətinliklərə və təhlükələrə baxmayaraq sağ qalır. Amma sevdiyi Françesko bu döyüşlərdə öldürülür.

Bu əməliyyatdan dərhal sonra Karlo Kapitan Korelli ilə birlikdə Yunanıstanın unudulmuş, əldən-ayaqdan uzaq, sakit bir guşəsi olan Kefaloniya adasına göndərilir.