Abşeronda qətl törətməkdə təqsirləndirilən ata və oğulun məhkəməsi başlayıb


Sosial 01 May 2018 17:53:00 274 0

Abşeronda qətl törətməkdə təqsirləndirilən ata və oğulun məhkəməsi başlayıb

Prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Tural Əlizadə, onun atası Zakir Əlizadə və xuliqanlıqdan ittiham olunan Babək Quliyevin cinayət işi üzrə məhkəmə iclası başlayıb.

"Report"un xəbərinə görə, hakim Şəkər Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib

Anket məlumatları dəqiqləşdirilərkən məlum olub ki, 1959-cu il təcəllüdlü Z.Əlizadə daha əvvəl də 3 dəfə məhkumluq həyatı yaşayıb. O, adam öldürməyə görə 9 il azadlıqdan məhrum edildiyini bildirib.

1991-ci il təvəllüdlü T.Əlizadə ailəli, iki azyaşlı övladının olduğunu, daha əvvəl məhkumluq həyatı yaşamadığını deyib.

Prosesdə təqsirləndirilən T.Əlizadə yeni vəkillə müqavilə imzalamaq istədiyini və dövlət hesabına təyin edilən vəkildən imtina etdiyini söyləyib.

Proses mayın 8-dək təxirə salınıb.

Qeyd edək ki, hadisə Abşeron rayonunu Qobu qəsəbəsində baş verib. 1975-ci il təvvəlüdlü Abbasov Rövşən Rafiq oğlunu "Vinçester" markalı silahla qətlə yetirən 25 yaşlı Tural Zakir oğlu Əlizadə həbs edilib. T.Əlizadə istintaqa ifadəsində bildirib ki, R.Abbasovla əvvəlcədən ədavəti olub.

Onlar "söhbət etmək" üçün kafedə görüşüb. Kafedən çıxdıqdan sonra sözləri yenidən çəp gəlib. Bu zaman T.Əlizadə "Vinçester" markalı silahdan əvvəlcə havaya atəş açıb.

Daha sonra o, R.Abbasovun ayağını güllə ilə yaralayıb. T.Əlizadə üçüncü gülləni R.Abbasovun ürək nahiyəsinə vurub.

Daha sonra qətlin iştirakçısı kimi T.Əlizadə, atası Z.Əlizadə və B.Quliyev də həbs edilib. Daha sonra B.Quliyevin barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib.