Gecə klubunda qıza görə dava edib cinayət törədən şəxs məhkəmədə ifadə verib


Sosial 01 May 2018 16:18:26 269 0

Gecə klubunda qıza görə dava edib cinayət törədən şəxs məhkəmədə ifadə verib

Məhkəmənin növbəti prosesi mayın 8-nə təyin edilib

Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmaqda təqsirləndirilən İslam Yusifovun məhkəmə iclası davam etdirilib.

"Report"un xəbərinə görə, hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktını elan edib.

İttiham aktına əsasən, İ.Yusifov gecə saatlarında paytaxtın Nizami rayonunda yerləşən "Siyah-beyaz" gecə klubunda əylənərkən Kamil Cəlilovun orada işləyən Elnarə adlı qıza dəfələrlə yaxınlaşdığını görüb. K.Cəlilov bir dəfə qızın yaxasından tutduğu üçün İ.Yusifov ona yaxınlaşaraq iradını bildirib.

O, aralarında olan mübahisədən sonra K.Cəlilovu izləyib. Daha sonra Qara Qarayev prospektində yerləşən binaların həyətində onu arxadan vurararaq yerə yıxıb və döyüb. Nəticədə K.Cəlilov baş və bədən nahiyələrindən ağır xəsarətlər alıb.

Elan olunmuş ittiham üzrə İ.Yusifov özünü qismən təqsirli bildiyini söyləyib. O, ifadəsində qeyd edib ki, Elnarə adlı qadınla klubda tanış olub: "Qız həmin klubda işləyirdi. Onu əvvəldən tanımırdım. Həmin gün ailəmi rayona göndərmişdim, özüm də gecə kluba getdim. Hər ikimiz içkili idik. Kamil bir neçə dəfə qıza yaxınlaşdı. Lakin Elnarə ona "otval" verdi. O, sonra da qızın yaxasından tutdu. Bu zaman mən Kamilə yaxınlaşıb "bu nə hərəkətdir edirsən?" dedim. O da məni söydü, mübahisə etdik, sonra aralaşdıq. Mən onu vurmaq istəmirdim, böyük bir səbəb də yox idi".

İ.Yusifov K.Cəlilovla barışdığını vurğulayıb.

Zərərçəkmiş K.Cəlilov isə İ.Yusifovun yalan danışdığını, gecə klubunda qıza cəmi bir dəfə yaxınlaşdığını deyib: "İslam Elnarə ilə bağlı mənə hər hansı bir irad bildirmədi. Orada öz aramızda mübahisəmiz düşdü, sonra sakitləşdik. Mən səhərə yaxın saat 5-də evə getdim. İçkili idim deyə biraz binanın həyətində dayandım ki, özümə gəlim. Siqaret çəkəndə kimsə məni arxadan vurdu. Onun məni nə ilə vurduğunu da görmədim. Hətta məni İslamın vurduğunu da görmədim. Sadəcə, istintaqda dedim ki, hadisədən əvvəl klubda bir oğlanla mübahisəmiz düşmüşdü".

Məhkəmənin növbəti prosesi mayın 8-nə təyin edilib.

Qeyd edək ki, İ.Yusifov Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərrə vurma) maddəsi ilə ittiham edilir.