Belarus ərazisində Azərbaycan avtodaşıyıcılarına daha səmərəli şərait yaradılması məsələsi müzakirə olunub


İqtisadiyyat 01 May 2018 15:42:33 245 0

Belarus ərazisində Azərbaycan avtodaşıyıcılarına daha səmərəli şərait yaradılması məsələsi müzakirə olunub

Beynəlxalq avtomobil əlaqələri sahəsində Belarus-Azərbaycan Qarışıq Komissiyasının növbəti iclası keçirilib

MinskdəAzərbaycanla Belarus arasında həyata keçirilən beynəlxalq avtomobil əlaqələri sahəsində Belarus-Azərbaycan Qarışıq Komissiyasının növbəti iclası keçirilib.

Bu barədə "Report"a Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən bildirilb.

Məlumata görə, Azərbaycan nümayəndə heyətinə qurumun Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi Həbib Həsənov, Belarus nümayəndə heyətinə isə bu ölkənin Nəqliyyat və Kommunikasiya Nazirliyinin Avtomobil Nəqliyyatı İdarəsinin rəisi Serqey Dubina rəhbərlik edib.

İclasda ölkələr arasında beynəlxalq avtomobil daşımaları sahəsində mövcud vəziyyət, statistik məlumatların mübadiləsi, yük və sərnişin daşımaları zamanı avtodaşıyıcıların qarşılaşdığı problemlər və onların həlli yolları, daşımaların inkişaf perspektivləri və digər aktual məsələlər müzakirə edilib. Eyni zamanda, Belarus ərazisində Azərbaycan avtodaşıyıcılarına daha səmərəli şərait yaradılması müzakirə olunub.

Bundan başqa, Azərbaycan ərazisində beynəlxalq avtomobil daşımalarının yerinə yetirilməsi zamanı iriqabaritli və ağırçəkili nəqliyyat vasitələrinin ölçüləri, təhlükəli yüklərin daşınması qaydaları, ölkə ərazisinə daxil olan nəqliyyat vasitələrindəki yanacağın miqdarı, İcazə Sisteminin tətbiqi və.s barədə qarşı tərəfə ətraflı məlumat verilib.

Səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti Rəqəmli Taxoqraf və İcazə Sisteminin tətbiqini həyata keçirən Belarusun Nəqliyyat Müfəttişliyi Baş İdarəsinin, sürücülərin və nəqliyyat operatorlarının tədrisi ilə məşğul olan Belarus Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyasının fəaliyyəti ilə tanış olub, əyani təcrübə mübadiləsi həyata keçirilib.

Tərəflər hər iki ölkənin avtodaşıyıcılarının tələbatlarını nəzərə alaraq "İcazə"lərin mübadilə sayının artırılması barədə razılığa gəlib.

Sonda qeyd edilən və eləcə də, aidiyyəti üzrə digər aktual məsələlər üzrə müvafiq protokol imzalanıb.