I Divizionla bağlı problemlərdən AFFA da narazıdır" - MÜSAHİBƏ


İdman 01 May 2018 15:24:00 246 0

I Divizionla bağlı problemlərdən AFFA da narazıdır" - MÜSAHİBƏ

AFFA Klublar Komitəsinin bugünkü iclasından sonra komitə sədri, "Neftçi" klubunun prezidenti Kamran Quliyev brifinq keçirib. Goal.az onun müsahibəsini təqdim edir. 

- İclasda çempionat oyunlarının yayımı ilə bağlı məsələ müzakirə olundu?

- Bəli. Müzakirə mövzularından biri növbəti mövsüm CBC Sport kanalında çempionatın yayımı ilə bağlı idi. Oyunlar müxtəlif vaxtlarda keçirilir. Əsas narazılıq ondan ibarətdir ki, həftə içi də oyunlar olur. Bu isə iş günlərinə təsadüf edir. Həmin günlərdə oyunların keçirilmə vaxtına azarkeşlərin maraqlarına görə qərar verməliyik. Oyunlar saat 3-də, 4-də keçirilə bilməz. Çünki azarkeşlərin stadionlarda olması bizim üçün vacibdir. Ona görə də bu məsələ CBC Sport kanalının rəhbərliyi ilə müzakirə olunacaq. Bu isə növbəti mövsümə aid ola bilər.

- Uşaq Liqaları ilə bağlı məsələ də gündəliyinizdə idi. Bu məsələyə dair mövqeyiniz necə oldu?

- Mövqeyimiz belədir ki, bir neçə liqanı eyni gündə keçirmək olar. Bu, klubların vəsaitinə qənaət yoludur. Bununla bağlı AFFA-ya müraciət etdik ki, U-15 və U-17 liqalarının keçirilmə tarixləri eyni olsun. Bu, eksperiment olacaq. Yaxşı nəticə versə, növbəti mövsümdən digər liqalar da birləşə bilər. Texniki məsələlərə baxılacaq və təqvim şəklində klublara göndəriləcək. Yayda isə texniki məsələlər yekunlaşacaq. Bizdə Gənclər Liqasıda fəaliyyət göstərir. Bu çempionatın qalibi Avropada UEFA Gənclər Liqasında ölkəmizi təmsil edir. Belə bir fikir səsləndi ki, Gənclər Liqasını gücləndirmək lazımdır. Gücləndirmək o halda ola bilər ki, yaşda bir az böyük olan futbolçular iştirak ərizəsinə salınsın. Ona imkan yaradılsın. Hazırda çempionatda da limit məsələsi var. Yaş limiti nəzərə alınmalıdır. Təklif oldu ki, Gənclər Liqasının yaş limitində dəyişikliklər olsun və güclənsin. Bu da əvəzedicilər çempionatının keçirilmə məsələsini sual altına alır. Bunu müzakirə etmək çox tezdir. Sadəcə, müzakirəyə çıxarılıb. Hazırda klublar arasında danışıqlar gedəcək. Məqsədimiz Gənclər Liqasını gücləndirməkdir. Gənclər Liqası ölkəmizi Avropada təmsil etmək üçün bir yoldur. Ona görə də klublar bununla bağlı çox narahatdır. Bu liqada rəqabət güclü deyil. Çempionatın səviyyəsi yaxşı deyil. Buna Avropadakı nəticələri sübut olaraq göstərmək olar.

- Növbəti mövsüm Premyer Liqada hansı limiti təklif edirsiniz?

- Bu məsələ ilə əlaqədar da müzakirələr getdi. Klubların təkliflərini dinlədik. Biz qərar verən orqan deyilik. Fikirləşdik ki, gələn mövsüm də bu limitlə davam edək. Bu, sadəcə bizim fikrimizdir. Bizdən soruşulub, biz də o barədə cavab verdik ki, qarşıdakı mövsümdə də bu limitlə davam edək. Belə fikirlər də səslənir ki, gələn mövsüm artıq 1998 və 1999-cu illərdə doğulmuş futbolçular limitə düşsün. Klublar o fikirdədir ki, indiki limitlə davam edək. Bu da təbii ki, tövsiyə olacaq. İcraiyyə Komitəsinin qərarı necə olacaq, biz bilmirik. Biz bunu ancaq tövsiyyə edə bilərik.

- Aşağı yaş qruplarında final mərhələsinə vəsiqə qazanmayan komandaların futbolçularının digər klublara icarəyə verilməsinin mümkünlüyü məsələsi də gündəlikdə idi...

- Hər şeyi qüvvədə saxladıq. Biz hesab edirik ki, hər hansı istedadlı futbolçunun komandası mübarizəni dayandırıbsa, o uşaq final mərhələsində başqa komandada icarə əsasında çıxış edə bilirsə, oynasın. O yaşla nəticə bizim üçün o qədər də önəmli deyil. Əsas məsələ o uşağın nə vaxtsa milli komandalar səviyyəsinə çıxmasıdır. Oyunun nəticəsi o qədər də vacib deyil. Həmin istedadlı uşağın mart-aprel aylarından sonra oyunlara çıxmaması onun ziyanınadır. Ona görə də bu məsələnin olduğu kimi qalmasına qərar verdik. I Divizion və Əvəzedicilərin birləşməsi ilə bağlı konkret fikir yoxdur. Bəzi klublar bunun əleyhinədir. Bəziləri məntiqli şəkildə "yox" deyir. Daha ətraflı şəkildə klub rəhbərləri məlumat verə bilər. Çünki müxtəlif fikirlər səslənib. Ümumiyyətlə, bu iclas digərlərinə nisbətən maraqlı keçdi. Toplantı çox uzun çəksə də, bir çox məsələlər müzakirə olundu. Onu da nəzərə alaq ki, mayda AFFA İcraiyyə Komitəsinin iclası da olacaq. Bütün təkliflər və tövsiyələr komitəyə təqdim olunub.

- Əvəzedicilərin çempionatı ilə I Divizionun birləşməsini necə dəyərləndirirsiniz?

- "Neftçi" klubu olaraq, buna etirazımız yoxdur. Halbuki, belə qərarlar səs çoxluğu ilə qəbul olunur. Bizim üçün problem deyildi. Bir məqam var. Razıyıq ki, I Divizionda problemlər çoxdur. Bunu siz də yaxşı bilirsiniz. Həmin problemlərlə bağlı AFFA da narazıdır. Mətbuatda da bu barədə məlumatlar dərc olunur. Böyük tarixi olan klubun həmin problemlərin tərkib hissəsi olması yaxşı hal olmaz. Ona görə bizim üçün də risklidir. O fikirlə biz də razıyıq. Uşaqların özlərindən yuxarı yaşlı futbolçularla oynaması yaxşı haldır. Amma digər məqamlar da var.

- Bu məsələ hələ ki, dondurulub?

- Bəli. Bir neçə klub bunu dəstəkləmədi. Ona görə də inanmıram ki, yaxın iclaslarda biz yenə bu məsələyə qayıdaq. Hələlik irəliləyiş yoxdur.

- Rəhbərlik etdiyiniz "Neftçi" ilə bağlı da sual vermək istərdik. Tərlan Əhmədovun baş məşqçi postundan gedəcəyi və onu Samir Abasovun əvəzləyəcəyinə dair məsələyə son nöqtə qoya bilərsiniz?

- Son nöqtəni çempionatın axırında qoya bilərik. Bu barədə dəfələrlə fikir bildirmişəm.

- Başqa sözlə, Tərlan Əhmədovun mövsümün sonunda getmə ehtimalı var?

- Xahiş edirəm ki, təxribat xarakterli suallar verməyin. Bizim baş məşqçimiz var və onunla müqaviləmiz mövcuddur. Biz də bu müqaviləyə hörmətlə yanaşırıq. Tərlan Əhmədovun arxasındayıq. Çempionat başa çatdıqdan sonra bu məsələyə qayıda bilərik. Bu cür suallar baş məşqçiyə də, komanda üzvlərinə də, azarkeşlərimizə də təsir edir. Gəlin, bu məsələyə son qoyaq. Bugünə qədər işlədiyim digər klublarda, istər əsas komanda olsun, istər əvəzedici, istərsə də aşağı yaş qrupları, bütün məşqçilərə həmişə dəstək olmuşam. Klub olaraq, hamımız Tərlan Əhmədovun arxasındayıq. Çempionatın sonunda "Neftçi”nin sponsoru, Müşahdə Şurası ilə baş məşqçi məsələsini müzakirə edə bilərik. Düşünməyin ki, mən bilirəm və demirəm. Hələ ki, bu məsələ müzakirə edilməyib. Yalnız mayın sonunda - çempionat başa çatdıqdan sonra bu mövzu müzakirəyə çıxarılacaq.

- Mətbuat konfranslarının birində Tərlan Əhmədov "Qarşıma qitəmiqyaslı yarışlara vəsiqə qazanmaq vəzifəsi qoyulmamışdı” açıqlamasını vermişdi. Klub idarəediciliyində baş verən dəyişiklikdən sonra baş məşqçiylə vəzifələr ətrafında fikir mübadiləsi aparıldımı?

- Tərlan müəllim "Neftçi”yə baş məşqçi təyin olunduğu dövrdə mən başqa yerdə işləyirdim. Təyinatımdan sonra başlıca vəzifəm bundan ibarət idi ki, Tərlan Əhmədova dəstək olum. Bunu ilk gündən etdim və mövsümün sonunadək də davam etdirəcəyəm. Hər şey mümkündür, yolumuzu davam edə də bilərik, etməyə də. Bu məsələyə bir daha qayıtmamağınızı tək buradakı media mənsublarından deyil, ümumiyyətlə, KİV təmsilçilərindən xahiş edirəm. Çünki bütün belə məsələlər komandaya təsir edir. 

Report