Elxan Məmmədov: “Növbəti mövsüm Premyer Liqada 10 klubun olması ehtimalı çox azdır”


İdman 01 May 2018 14:48:00 317 0

Elxan Məmmədov: “Növbəti mövsüm Premyer Liqada 10 klubun olması ehtimalı çox azdır”

AFFA Lisenziyalaşdırma Qrupu 2018/2019 mövsümündə Azərbaycan Premyer Liqasında iştirakına icazə verəcəyi klubların siyahısını mayın 15-də açıqlayacaq.

Goal.az xəbər verir ki, bu barədə milli assosiasiyanın baş katibi Elxan Məmmədov Klublar Komitəsinin icasından sonra keçirdiyi brifinqdə bildirib. O, I Divizionda çıxış edən bəzi klubların lisenziyalaşdırma prosesinə qeyri-peşəkar yanaşdıqlarını deyib: “Əslində lisenziyalaşdırmanın Klublar Komitəsinə aidiyyatı yoxdur. Lakin bu məsələ gündəmdədir və futbol ictimaiyyəti müzakirə edir. Dəfələrlə qeyd etmişik ki, hər şey lisenziyalaşdırmadan asılıdır. FİFA-nın lisenziyalaşdırma ilə bağlı sərt qərarları var. Bu qərarları AFFA və Premyer Liqa sisteminə daxil etmişik. Gəlin, Lisenziyalaşdırma Qrupunun qərarını gözləyək. Bütün klublar sənədlərini təqdim edib. Bəzi klublar sənədləşməni maksimum təmin etməyə çalışdılar. Bəziləri isə buna qeyri-peşəkar yanaşdılar. Onların adlarını çəkmək tərəfimdən qeyri-peşəkarlıq olardı. Amma I Divizion klublarının bu məsələyə qeyri-peşəkar yanaşmanı davam etdirmələri bizi məyus edir. Əslində I Divizion gələcəyi göstərir. İlk addımları belə qeyri-peşəkar atırlarsa, biz risk edə bilmərik. Vaxtilə AFFA İcraiyyə Komitəsi bəzi klublara güzəşt etdi ki, Premyer Liqada komanda sayı artsın. Təcrübə göstərir ki, bu, çox da müsbət effekt vermədi. Çempionat gedə-gedə bəzi klublar fəaliyyətlərini dayandırdılar, bəzilərinin maliyyə problemləri üzə çıxdı.Bu gün AFFA olaraq, çempionata 8 klubla başlayırıqsa, 8 klubla da bitirməyi təmin etməliyik. Bu, bizim üçün ən vacib məsələdir. Digər önəmli məqam maliyyə şəffaflığının təmin olunmasıdır. Nəhayət, idman meyarını qeyd edərdim. Təbii ki, infrastruktur da vacibdir. Lakin biz bu məsələnin həllinə dair bir yol tapa bilərik. Çünki hazırda AFFA-nın balansında da stadionlar var və onları klublara təqdim etməyimiz mümkündür və etmişik də”.

Baş katib bildirib ki, növbəti mövsümdə Premyer Liqada iştirak edəcək klubların sayının 10-a yüksəldilməsi ehtimalı azdır: “Hazırda planda 8 komandadır. Mövcud vəziyyəti gördüyümüzə və lisenziyalaşdırma ilə bağlı problem olduğunda görə, 10 komandanın olması ehtimalı çox azdır. Təbii ki, bu məsələ İcraiyyə Komitəsinin iclasında müzakirə olunduqdan sonra müvafiq qərar veriləcək. Əsasnaməyə və idman prinsiplərini uyğun olaraq, sonuncu yeri tutan komanda Premyer Liqanı tərk edəcək. Artıq lisenziyalaşdırma standartları və sənədləri əsasında təhlil apararaq, vəziyyəti görürük. I Diviziondan elitaya bir komandanın qalxma ehtimalı var. Bu, ilk növbədə lisenziyalaşmaların tələblərinə cavab verən klub olacaq. Biz lisenziyanı tək əsas komandaya yox, kluba veririk. Təəssüf ki, I Divizionda klub yox, bir komanda yanaşmasını görürük. Bu da birbaşa peşəkar klub statusu deyil. Klub kimi fəaliyyət göstərməlidirlər. Hazırda 8 klub stabillik yaradıb. Çünki klub kimi fəaliyyət göstərirlər. Uşaq komandaları, liqalarda iştirak edirlər, məşqçiləri, həkimləri, menecerləri və digər vəzifəni tutanlar AFFA-nın təşkil etdiyi seminarlarda iştirak edirlər. Bizə lazımdır ki, Premyer Liqada klublar olsun, komandalar yox”. report