Özünə bənzəyən alim


Digərləri 01 May 2018 10:53:00 306 0

Özünə bənzəyən alim

Taleyini millətin taleyi ilə bağlayan insanların ömrü də millətin ömrü qədər olur. Əbu Turxan.

Fizika elminin  inkişafına töhvə verən çoxlu sayda eksperimental və nəzəri tədqiqat əsərləri, eləcə də pedaqogika elminin inkişafında, yeni təlim texnologiyalarının respulikamıza gətirilməsində və onun tətbiqində danılmaz rolu olan, elmi nailiyyətləri ilə Azərbaycanın hüdudlarından çox-çox uzaqlarda da tanınan, texnika üzrə elmlər doktoru, professor, respublikanın əməkdar müəllimi, Rusiya Dövlət Təhsil Akademiyasının xarici üzvü  Abdulla Oruc oğlu Mehrabovun anadan olmasının 80 ili 2018-ci ilin may ayının 1-də tamam olur.

Abdulla müəllim Nəzəri fizikanın mühüm bir tərkib hissəsi olan Bərk cisimlər fizikası sahəsində respeblikamızda və dünyada sayılıb, seçilən alimlərdən biri idi. Bu elmə onun sonsuz məhəbbəti vardı. O, Dekart sayağı fizika elmini böyük ağacın əsas gövdəsinə, digər elmləri isə bu ağacın gövdəsi üzərində şaxələnən qollara və budaqlara bənzədərək onun gənclərə daha yaxşı öyrədilməsinin vacibliyini vurğulayaraq söyləyirdi:

"Fizika elmini öyrətmə yolu həyatdan fizikaya doğru yönəlməlidir. Insan təbiəti duymalı, hiss etməli və hər şeyin təbiətini-fizikasını düzgün anlamalıdır".

Bir sira alimlər fizikaya  dair proqramların "müasirlik və yenilik" pərdəsi altında  mürəkkəbləşdirilməsini və daha ciddi öyrədilməsini təklif edəndə, o, gülümsəyərək söyləyirdi

"Bu kimə lazımdır, sizə və ya uşaqlara? İlk növbədə uşaqların maraqlarının  ödənilməsi  nəzərə alınmalı, müasirlık baxımından öyrədilməsi vacib olan mövzular seçilməlidir. Daha vacib olanı isə odur ki, öyrətdiklərimiz başa düşülən olsun. Bunun üçün hər bir öyrədənin daxilində öyrətmək istəyi, maraq və məqsədinin olması ilə yanaşı öyrətdiklərini də  sevməlidir".

Abdulla müəllim mənalı və xoşbəxt bir həyat yaşadı. Bu gün də onun adı el-obada, alimlər arasında, pedaqoji içtimaiyyətdə hörmətlə xatırlanır.Onu yaxından tanıyan görkəmli şəxsiyyətlərin fikirlərini ümumiləşdirərək onun haqqında belə söyləmək olar:

"O, həyatı və insanları sevən, xeyirxah insan, böyük alim, əsl pedaqoq idi. Milli-mənəvi dəyərlərimizin əsl sahibi və böyük daşıycısı olmaqla yanaşı, Vətənini, millətini və dövlətini özünə məxsus böyük məhəbbətlə sevirdi və bununla da hamıya örnək idi. Sağlam ailəsi, övladları ilə qürur duyurdu.

Taleyinə böyük insanlıq, alimlik, rəhbər olmaq yazılmışdı. Uzun illər rəhbər vəzifələrdə çalışdı. Həmişə sözü ilə əməli düz gəldi, Allah yolunu gözlədi, onun  böyüklüyünə sığınan bir insaf adamı oldu. Hər kəsin, hər şeyin qədir-qiymətini düz bilirdi.Əhli-ürfana, yazıb-yaradanlara, arxa-kömək idi. Şəxsiyyət olanları sevirdı, istər həyatda, istərsə də elm aləmində öz yolu və sözu olanlara xüsusi dəyər verirdi. Hər bir insanın böyüklüyünü onun özünə bənzəməsində görürdü, bununla bağlı Mövlanə sayağı deyimləri də var idi. Yeri gəldikcə xüsusi vurğuylayırdı:-"filankəs... özünə bənzə"  deyərdi və bığaltı gülümsəyərdi. O, təkcə öyrətmirdi, öyrənməyi də sevirdi. İşləməkdən xüsusi zövq alırdı, öz üzərində daima əzmlə çalışırdı. Çalışmayanı, gündəlik mütailə etmiyəni, öyrənməyəni tez hiss edirdi və deyirdi ki, filankəs oxumur, axsayır.

Abdulla müəllimdən bizlərə qalan ən böyük miras bütün dövrlərdə elm aləmində gərəkli olan  çoxlu sayda elmi əsərləri, şərəflə başa vurulmuş əsl insan, əsl alim ömrünün nümunəsi və  minlərlə insanın yaddaşında kövrək bir xatirəyə çevrilmiş hadısələr oldu."Allah rəmət eləsin Abdulla müəllimə, bu işdə mənə arxa-dayaq oldu."-kəlmələrini söyləyənləri tez-tez eşitmək olur.

Abdulla müəllimə Allahtalə bütün insani gözəllikləri vermişdi, özü də bol vermişdi;boylu-buxunlu, səliqəli-səhmanlı, nəzakətli-mehriban, üzündə peyğəmbər nuru olan bir insan-əsl türk idi. Bu baxımdan butün möhtəşəmliyi ilə o, özünə bənzəyirdi. Harada olmasından aslı olmayaraq onun görünməsi bir canlanma yaradırdı, hadisəyə çevrilirdi, hamı ona əsl insan, əsl alim kimi böyük hörmət və ehtiram bəsləyirdi."