Dünya ədalətsiz deyil, oğlum!


Digərləri 30 Apr 2018 21:08:00 260 0

Dünya ədalətsiz deyil, oğlum!

Bunu həmişə deyirəm: övladım dünyaya gələn, onu qucağıma alan kimi özümü ana hiss etməmişəm. Analıq hissi məndə zamanla formalaşıb. Onu daha çox qucağıma aldıqca, toxunduqca, öpdükcə, bağlandıqca, qoruduqca, əmizdirdikcə, çimizdirikcə, ağlayanda canım yandıqca, xəstələnəndə üstündə əsdikcə... güləndə, diş çıxaranda, dil açanda, yeriyəndə sevindikcə... Siyahını nə qədər uzatmaq olar. Elə deyil, analar?..

Eynilə, humanizm cərəyanının yaradıcılarından olan Erasmusun dediyi kimi, insan doğulanda insan kimi doğulmur, insan kimi böyüdülür, yetişdirilir. Ailəsində, məhəlləsində, bağçasında, məktəbində, ali təhsil ocağında, iş yerində - bütövlükdə cəmiyyətin içində. Cəmiyyətdə natamamlıqlar, çatışmazlıqlar varsa, o insan da qüsurlu yetişir, onda nə isə çatışmır. Çatışmazlıq isə ən çox və ən birinci onun özünə əziyyət verir. İnsan özünü hər kəsdən yaxşı tanıyır və hiss edir, əksər hallarda özündə nəyin çatışmadığını da bilir. Xoşbəxt insan odur ki, o  cəhəti axtarıb tapır, düzəltməyə, dəyişməyə çalışır, özüylə, nəticədə başqalarıyla davaya çıxmır. Bunu təbii insanlıq halı kimi qarşılayır. Bu zaman heç kim ziyan görmür. Əksi isə çox təhlükəli və qorxuludur.

Elə cəmiyyətin ən ağır silahı da qorxudur, qorxulardır. Bir toplumda ki qorxular ağalıq edir, onun yetişdirdiyi insan da yarımçıq olur, daim qorxur. Özündən və hər kəsdən...

Sayğı və sevginin, sağlam ənənə və dəyərlərin hakim olduğu cəmiyyətlərdə isə insan formalaşmaq üçün münbit şərait tapır, yetkin insana çevrilir, bütöv olur. Arzuları, hədəfləri olur və onların arxasınca tam gücü ilə qaça bilir.

3 yaşlı oğlumu sağlam insan kimi yetişdirə bilmək üçün bu sahədə qarşıma çıxan hər şeyi oxuyur, nəticə çıxarmağa çalışıram. Və görürəm ki, elə əksəriyyətimizin uşaqdan fərqimiz yoxdur, bünövrəmiz laxdı, yenidən yetişdirilməyə ehtiyacımız var. Bir neçə ailənin bir evdə yaşaması, o evdə doğulan uşağa şəxsiyyət, insan yox, elə uşaq kimi baxılması, ancaq yaşaya bilməsi üçün ən təbii ehtiyaclarının ödənilməsi cəmiyyətimizi natamam insanlarla doldurub. Uşaqlara vaxtdan başqa, sevgidən, dəyərdən başqa hər şey verilib. Gözünün qarşısında ana əzilib, döyülüb, qab-qacaq qırılıb, uşağın özünün daim başından basılıb, ona inanılmayıb, güvənilməyib, onun gözünün içinə baxılmayıb, dinlənilməyib, nə istədiyi bilinməyib. Onun təsəvvüründə ailə də belədir, cəmiyyət də, dünya da: sevgisiz, ədalətsiz, zorakı. Lap Nazim Hikmətin şeirində deyildiyi kimi, "dünya adaletsiz, çocuk, dünya zorba..."

Təkcə bizdə yox, bir çox cəmiyyətlərdə insan sağlamlığını və xoşbəxtliyini kölgədə qoyan, hətta təhlükə altına salan adət-ənənələr, inanclar var. Və nə yazıq ki, bu inanc və ənənələr insan həyatına nə qədər zərər vursa da, nəsildən-nəslə ötürülür. Genetik xəstəlik kimi... Ancaq bir fərq var ki, biz bu zərərli mentallıqla mübarizə apara, ondan və onun ziyanlarından qurtula bilərik. Ağıllı cəmiyyətlər və ya cəmiyyətin qeydinə qalan ağıllı adamlar buna çalışırlar.

Amerikalılar hətta uşaq istismarı, narkotik maddə istifadəçiləri, müxtəlif xəstəliklərlə bağlı teleproqramların və qəzet, sayt materiallarının cəmiyyətə vura biləcəyi zərəri müzakirəyə çıxarır. Sinir xəstəliklərinə və qadın zorakılığına gətirib çıxaran inancları qətiyyətlə zəhərli, patriarxat toplumları isə təhlükəli hesab edir.