BANMda Heydər Əliyevin 95 illiyinə həsr olunmuş konfrans keçirildi


Digərləri 30 Apr 2018 14:49:00 246 0

BANMda Heydər Əliyevin 95 illiyinə həsr olunmuş konfrans keçirildi

30 aprel 2018-ci il Bakı Ali Neft Məktəbində (BANM) Tələbələrin Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş Respublika elmi-texniki konfransının açılışı oldu. Konfransda BANM-ın rektoru Elmar Qasımov,  SOCAR-ın Kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidentin müavini Asif Şəfəqqətov, münsiflər heyətinin üzvləri kimi digər ali təhsil müəssisələrindən olan nümayəndələr, BANM-ın professor-müəllim heyəti və tələbələri, həmçinin respublikanın müxtəlif universitetlərindən    olan tələbələr iştirak etdilər. 

Son.az xəbər verir ki, konfransı öz sözlərilə açan BANM-ın rektoru Elmar Qasımov bütün iştirakçıları salamlayaraq bu konfransın ənənəvi olaraq hər il BANM-da keçirildiyini qeyd etdi. Artıq 6-ci ildir ki keçirilən tələbə elmi-texniki konfransının ulu öndər Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr oldunduğunu bildirən rektor Elmar Qasımov, bu konfransın Ümummilli liderin şəxsiyyətinə olan dərin hörmət və ehtiramın təzahürü olduğunu qeyd etdi. Rektor bildirdi ki, konfransın keçirilməsinin əsas məqsədi tələbələrin elmə olan maraqlarını, bilik və bacarıqlarını aşılamaq, onlarda elmi- tədqiqat işləri aparmaq üçün maraq yaratmaq və bu sahədə tələbələr arasında bilik və bacarıqların mübadiləsini təmin etməkdir. 

Daha sonra SOCAR-ın Kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidentin müavini Asif Şəfəqqətov çıxış edərək, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Azərbaycanda gənclərə göstərdiyi diqqət və qayğıdan danışdı və gənclərimizin elm və təhsilə cəlb olunmasını dövlətin təhsil siyasətinin əsas istiqamətlərindən biri olduğunu qeyd etdi.

Konfrans plenar bölmə, "Heydər Əliyev və Azərbaycan iqtisadiyyatının inkişafı - 1969-2003-cü illər" bölməsi, "Kimya mühəndisliyi" bölməsi, "Fizika-riyaziyyat" bölməsi, "Proseslərin avtomatlaşdırılması mühəndisliyi" bölməsi olmaqla beş bölmədən ibarət olacaq. İndiyədək bu bölmələr üzrə BANM və digər universitetlərdən ümumi 68 məruzə təqdim edilib.  Bu məruzələrdən 35-i BANM-a, qalanı isə digər universitetlərə aiddir. 

Konfransda iştirak üçün bu il respublika üzrə 10-a yaxın ali təhsil müəssisəsi qoşulub.