""Görmədim, bilmədim, xəstəm var, uşaq məktəbdə qalıb" deyədeyə qaydaları pozmaq vərdişə çevrilib"


Digərləri 30 Apr 2018 09:30:00 279 0

""Görmədim, bilmədim, xəstəm var, uşaq məktəbdə qalıb" deyədeyə qaydaları pozmaq vərdişə çevrilib"

Paytaxtın yollarında hərəkət iştirakçılarının təhlükəsizliyinin etibarlı təminatı, ləngimələri yaradan hallar üzrə müşahidə olunan xətaların aradan qaldırılması diqqət mərkəzindədir. Hər bir hərəkət iştirakçısı təkcə qanun qadağaları ilə yox, həm də mənəvi məsuliyyətini aydın dərk etməlidir ki, dayanma, durma və parklanma qaydalarının pozulması, yollarda sıxlıq, tıxaclar və ləngimələr yaradır.

Son.az bildirir ki, bunu Trend-ə Bakı şəhər BPİ Dövlət Yol Polisi İdarəsinin Yol Hərəkətinin Təhlükəsizliyinin Təbliği və İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov deyib.

Vaqif Əsədov deyib ki, sürücü və piyadaların "tələsirəm, görmədim, bilmədim, xəstəm var, adam gözləyirəm - bir dəqiqəyə gəlir, uşaq məktəbdə qalıb, yolu tanımıram, dərman alıram", - deyə-deyə dayanma, durma və parklanma qaydalarını pozması yollarda gündəlik vərdişinə çevrilib. Başqa müşahidə olunan hallar da var: "Məsələn, dayanma, durma və parklanma qaydalarını pozmaqla, nəqliyyat vasitəsini tərk edərkən mütləq avtomobilin salonunda "keşikçi-sərnişin" təyin edir. Bu keşikçinin məqsədi tərəfimizdən nəqliyyat vasitəsinin evakuasiya olunmasının qarşısını almaq, "bu dəqiqə gəlir" deməkdən ibarət olur. Başqa "metod"lar da tapılıb - daxili işlər orqanlarının və digər hüquq mühafizə orqanlarına məxsus fərqləndirmə nişanları olan gödəkçə, baş geyimi və mətbu qəzet və nəşrlərini və digər vasitələri əldə edib, nəqliyyat vasitəsinin görünən yerində qoymaqla, deyir ki, "avtomobilimə toxunmayın...". Bu halları edənlər mütləq bilməli və agah olmalıdır ki, yolverilməz olan hər bir hal ictimai qınaq yaradır, foto və videoları çəkilməklə sosial şəbəkələrdə açılan müzakirələrdə diqqəti yol polisinin fəaliyyətinə yönəldir".