"Təəssüflər olsun ki, dünya ictimaiyyəti Dağlıq Qarabağ məsələsinə lazımi diqqəti ayırmır"


Digərləri 28 Apr 2018 15:42:00 323 0

"Təəssüflər olsun ki, dünya ictimaiyyəti Dağlıq Qarabağ məsələsinə lazımi diqqəti ayırmır"

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev aprelin 28-də Avropa Parlamentinin Azərbaycan üzrə daimi məruzəçisi xanım Norika Nikolai ilə görüşüb.

Son.az Trend-ə istinadən bildirir ki, komitə sədri Rövşən Rzayev qonağa Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, öz doğma torpaqlarından didərgin düşmüş azərbaycanlı qaçqın və məcburi köçkünlərin problemlərinin həlli istiqamətində görülən işlər barədə məlumat verib. Bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev hər zaman qaçqın və məcburi köçkünlərin problemlərinin həllini diqqətdə saxlayır. Onların sosial problemlərinin həlli istiqamətində lazım olan bütün addımlar atılır. "Lakin Azərbaycan torpaqlarının 20 faizi hələ də işğal altındadır. Bu, hazırda məcburi köçkünlərin ən böyük problemidir. Bu məsələdə ədalətli mövqenin olması çox vacibdir. Biz istəyirik ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində dünya ictimaiyyəti, aparıcı dövlətlər, xüsusilə Minsk qrupunun həmsədr ölkələri ədalətli mövqe nümayiş etdirsinlər. Azərbaycanın ərazi bütövlüyü təmin olunsun, vətəndaşlarımız öz doğma torpaqlarına qayıda bilsinlər", - deyə Rövşən Rzayev vurğulayıb.

Rövşən Rzayev Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva tərəfindən də məcburi köçkünlərin mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması istiqamətində vacib layihələrin həyata keçirildiyini bildirib.

Azərbaycan Milli Məclisinin Avropa Parlamenti ilə əməkdaşlığa çox böyük önəm verildiyini qeyd edən komitə sədri Avropa Parlamentinin və Avronest Parlament Assambleyasının Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə bağlı qətiyyətli mövqe nümayiş etdirməsinin zəruriliyini ifadə edib.